AZ EN RU

“Dövlət Proqramı”nın bu bəndi vaxtından əvvəl tam icra edilib

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair
2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsinin artırılması məqsədi ilə Naxçıvan, Şərur, Ordubad və Babək şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulub.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Nazir müavini bildirib ki, Dövlət proqramının bu bəndinin icrasına uyğun olaraq Naxçıvan, Şərur və Ordubad şəhərlərində vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib. Babək şəhərində qurulan xidmət mərkəzi isə istismara tam hazırdır. Sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsi 2023-cü ildə 95 faiz təşkil etmiş, 2024-cü ilin 1-ci rübündə isə 99 faizə qədər artıb. Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi isə 98,4 faiz təşkil edib. Bununla da dövlət proqramının bu bəndi vaxtından əvvəl tam icra edilib.

Nəşr edilib : 17.07.2024 12:38