AZ EN RU

Dövlət Proqramı çərçivəsində yerli əhəmiyyətli avtomobil yollarının əsaslı təmiri həyata keçirilir

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda yol infrastrukturunun yenidən qurulması istiqamətində mühüm addımlar atılır. Naxçıvan şəhərindən ən ucqar dağ kəndlərinədək yolların tikintisi, təmiri diqqətdə saxlanılır. Ölkə başçısı cənab  İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı  ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da yerli əhəmiyyətli avtomobil yollarının əsaslı təmiri ön planda dayanıb. Belə ki, Dövlət Proqramı çərçivəsində Babək rayon Cəhri qəsəbə daxili avtomobil yollarının yenidən qurulması istiqamətində bir sıra işlər aparılmış, əsasən, 6,3 km məsafədə yol əsası bərkidilmiş və asfalt-beton örtük salınmış, yolun xətlənməsi aparılmış, yağış və arx sularının kənarlaşdırılması üçün yol kənarlarına 627 m beton su kanalı çəkilmiş, 88 ədəd metal boru su keçidləri quraşdırılmışdır. 2023-cü ilin dekabr ayında yolun asfaltlanması işləri yekunlaşmışdır.

Məlumat üçün qeyd edək ki, Cəhri qəsəbə daxili avtomobil yollarının yenidən qurulması istiqamətində işlərin aparılmasına 2023-cü ilin sentyabr ayında başlanılmışdır. Babək rayon Gərməçataq kənd daxili avtomobil yollarının yenidən qurulması istiqamətində aparılmış işlərə əsasən 4,9 km məsafədə əsas yolda, 4,2 km köməkçi yollarda yol əsası genişləndirilmış, asfalt-beton örtük salınmış, yamaclar kəsilmiş, yağış və arx sularının kənarlaşdırılması üçün yol kənarlarına 3787 m beton su kanalı çəkilmiş, 2 ədəd metal boru su keçidi quraşdırılmış, selovda 1 ədəd beton su keçidi inşa olunmuş, 1 ədəd körpü təmir edilmiş, 3800 metr metal baryerin quraşdırılmış və işlər yekunlaşdırılmışdır. 2023-cü ilin  dekabr ayında isə yolun asfaltlanması işləri yekunlaşmışdır. Bundan başqa, Gərməçataq kənd daxili avtomobil yollarının yenidən qurulması istiqamətində işlərin aparılmasına ötən il başlanılmışdır. Babək rayon Əshabi-kəhf avtomobil yollarının yenidən qurulması üçün 13,9 km yolun köhnə asfalt-beton örtüyü sökülməsi, yol əsasına torpaq və qum-çınqıl materialı verilərək bərkidilməsi, yamaclar kəsilərək yol genişləndirilməsi və profilə salınması istiqamətində işlərə başlanılmışdır. 10,9 km hissədə torpaq işləri tam başa çatdırılıb.Yekun işlərin ilin sonunadək davam etdirilməsi planlaşdırılır. Həmçinin Dövlət Proqramının icrası istiqamətində Babək rayon Əshabi-kəhf avtomobil yollarının yenidən qurulması istiqamətində işlər aparılmışdır. Eyni zamanda Culfa rayon Darıdağ Müalicəxanası avtomobil yolunun yenidən qurulması istiqamətində aparılmış işlərə əsasən 3,7 km  yolun yol əsası bərkidilib, 2 qat asfalt-beton örtük salınıb,  aşınma qatı Arsenli Su Müalicəxanasının təmiri səbəbilə dayandırılıb. Müalicəxana  üzrə müvafiq işlərlə paralel olaraq yolun təmiri üzrə işlər də yekunlaşdırılacaq. Qeyd edək ki, Culfa rayon Darıdağ Müalicəxanası avtomobil yolunun yenidən qurulması istiqamətində işlərin aparılması 2023-cü ilin noyabr ayında başlanılmışdır.

Nəşr edilib : 15.07.2024 15:04