AZ EN RU

Dövlət Proqramı çərçivəsində muxtar respublikada ilk dəfə olaraq telekommunikasiya xətlərinin alternativliyi təmin edilir

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir.
"Şərq qapısı" xəbər verir ki, Dövlət Proqramında icrası nəzərdə tutulmuş Sədərək-Naxçıvan-Ordubad və Naxçıvan-Şahbuz istiqamətində yeni fiber-optik magistral şəbəkəsinin yaradılmasının birinci mərhələsi uğurla başa çatdırılıb. 
Məlumat üçün qeyd edək ki, kəşfiyyat-layihələndirmə işləri görülüb, ərazi quruluşu öyrənilib, artıq magistralın infrastrukturunun keçəcəyi ərazilər təyin olunub. Mövcud infrastrukturla inteqrasiyası və ən ucqar ərazilərdə belə alternativliyin təmin olunması nəzərə alınıb, təchizat və tikintiyə hazırlıq işləri həyata keçirilib.
Layihənin icrası istiqamətində lazım olan mal-materiallar və aksessuarlar Dövlət Proqramı çərçivəsində təmin olunub və tikinti işləri həyata keçirilib. Layihənin idarə edilməsi mərhələləri, eləcə də tikinti işləri Nazirliyin və tabeli qurumları tərəfindən həyata keçirilib. Artıq layihənin əsas texnoloji komponentlərinin bir hissəsi muxtar respublikaya gətirilib. Kabel infrastrukturunun və fiber optik aksessuarların, o cümlədən texnoloji avadanlıqların təchizatı yekunlaşdıqca quraşdırma və şəbəkələrin optimallaşdırma işləri həyata keçirilməkdədir. Texnoloji  infrastrukturun çox hissəsinin tikintisi yekunlaşıb. Naxçıvanın coğrafi şəraiti nəzərə alınaraq layihənin kritik komponentlərinin tikintisinin payız aylarınadək yekunlaşdırılması nəzərə tutulub.
Muxtar respublikada ilk dəfə olaraq coğrafi cəhətdən fərqli ərazilərdən keçərək Sədərək – Naxçıvan – Şahbuz – Ordubad – Culfa – Naxçıvan istiqamətində magistral fiber-optik xətləri çəkilir ki, bunun da nəticəsində mövcud magistral xətlərə coğrafi alternativlik təmin ediləcəkdir. Qeyd edək ki, muxtar respublikanın lokal şəbəkələrinin dayanıqlı birləşdirilməsi və tranzit tutumların daşınması üçün hədəflənən bu şəbəkə üçün geniş imkanlar yaradılır. Bu layihə sayəsində Şahbuz və Ordubad rayonlarının rabitə kanallarının alternativliyi təmin edilir ki, bu da adıçəkilən şəhərlərin, eləcə də kəndlərin telekommunikasiya xətlərinin ilk dəfə olaraq coğrafi alternativliyinin təmin edilməsinə şərait yaradacaqdır.
Bir sözlə, Sədərək-Naxçıvan-Ordubad və Naxçıvan-Şahbuz istiqamətində yeni fiber-optik magistral şəbəkəsinin yaradılması Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına böyük töhfə verəcəkdir. Layihə çərçivəsində həyata keçirilən işlər, eləcə də telekommunikasiya sahəsində ən müasir texnologiyaların tətbiqi telekommunikasiya şəbəkələrinin və yüksək-sürətli internet xidmətlərinin çeşidini və keyfiyyətini artıracaqdır. Əhalinin keyfiyyətli internet xidmətlərinə çıxışının təmin edilməsi nəticəsində görüləcək işlər regionun texnoloji hazırlığının və infrastrukturun gücləndirilməsinə hərtərəfli şərait yaradacaqdır.

Nəşr edilib : 06.08.2024 16:23