AZ EN RU

Dövlət Proqramı çərçivəsində mədəniyyət müəssisələrinin maddi-texniki bazası gücləndirilir

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə cəmiyyətin inkişafına gedən yol mədəniyyətdən keçir. Çünki mədəniyyət özündə əməkdaşlıq, müxtəlif sivilizasiyalara qarşılıqlı hörmət, xalqlara ehtiram kimi ümumbəşəri dəyərləri, prinsipləri ehtiva edir. Bu gün müstəqil dövlətimiz özünün yeni inkişaf mərhələsindədir. Bu inkişaf mədəniyyət sahəsini də əhatə edir. Sevindirici haldır ki, muxtar respublikada mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilir, hərtərəfli yüksək dövlət qayğısı ilə əhatə edilir. Ölkə başçısı cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2024-cü illər üçün Dövlət Proqramı”nda da Dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin, yaradıcı kollektivlərin maddi-texniki bazasının gücləndirilməsinin ön planda dayanması göstərilən qayğının əyani ifadəsidir. Belə ki, Dövlət Proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət teatr və konsert müəssisələri, uşaq musiqi məktəbləri, yaradıcı kollektivlər, həmçinin nazirliyin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri müxtəlif növ musiqi alətləri (fortepiano, kislofon, violençel, bas gitara, udarnik, litavra və not pultu) ilə təmin edilmişdir. Nəticədə, nazirliyin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşlarının iş şəraiti yaxşılaşdırılmış, şagirdlərin yeni və keyfiyyətli alətlərlə təhsil almasına hərtərəfli şərait yaradılmışdır.

Həmçinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinə işıq və səs avadanlıqlarının alınması, çatdırılması və quraşdırılması ilə bağlı keçirilmiş satınalmaya uyğun olaraq rayon mədəniyyət idarə və şöbələrin tabeliyindəki müəssisələrin işıq və səs avadanlıqları ilə təminatı yaxşılaşdırılmışdır.

Bundan başqa, Naxçıvan Dövlət Filarmoniyası da yüksək dövlət qayğısı ilə əhatə edilib. Belə ki, Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri, Estrada Orkestri, Mahnı və Rəqs Ansamblı, Xor kollektivi, Simfonik Orkestri, vokalistlər, yallı, rəqs qruplarının geyim dəstlərinin yenilənməsi üçün mühüm addımlar atılmışdır. Məlumat üçün deyək ki, yeni geyimlərin hazırlanması üçün aidiyyəti üzrə işlər aparılır. Yaxın zamanlarda geyim dəstlərinin kollektivin istifadəsinə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, nazirliyin tabeliyində olan dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin, yaradıcı kollektivlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə müvafiq işlər həyata keçirilir.

Nəşr edilib : 18.07.2024 16:34