AZ EN RU

Dövlət Proqramı çərçivəsində Ailə Sağlamlıq Mərkəzi inşa ediləcək

Ailə Sağlamlıq Mərkəzi  səhiyyə xidmətinin təşkilində önəmli yer tutur


Ölkə başçısı cənab  İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı  ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair təsdiq edilən Dövlət Proqramı”nda da səhiyyənin inkişafı ön planda dayanıb. 
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, Dövlət Proqramı çərçivəsində Naxçıvan şəhərində Ailə Sağlamlıq Mərkəzi inşa ediləcək. Ailə Sağlamlıq Mərkəzləri səhiyyə xidmətinin təşkilində önəmli yer tutur. Bu məqsədlə ilkin səhiyyə xidmətini təkmilləşdirmək, operativ xidmət göstərmək, vaxt itkisini və  ixtisaslaşdırılmış tibb müəsisələrində sıxlığı aradan qaldırmaq, həmçinin  dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etmək üçün Naxçıvan şəhərində Ailə Sağlamlıq Mərkəzinin tikilməsi nəzərdə tutulub.
Məlumat üçün qeyd edək ki,  ilk Ailə Sağlamlıq Mərkəzinin  Naxçıvan Şəhər Babək məhəlləsində inşa edilməsi müəyyən edilib. Bununla bağlı layihələndirmə sənədləri artıq yekunlaşmaq üzrədir. Layihələndirmə işləri başa çatdıqdan sonra yaxın günlərdə tikinti işləri üzrə satınalmanın keçirilməsi planlaşdırılır. 
Ailə Sağlamlıq Mərkəzinin inşası nəticəsində tibbi profilaktik tədbirlər,eləcə də ana və uşaqların sağlamlığının mühafizəsi, tibbi-sanitar maarifləndirmə işinin aparılmasından ibarət tibbi yardım xidməti həyata keçiriləcəkdir. Ailə Sağlamlıq Mərkəzinin yaradılmasında məqsəd sağlam həyat tərzinin təbliği, əhalinin sağlamlığının qorunması, ictimai səhiyyə xidmətinin yüksək səviyyədə yerinə yetirilməsi, evdə baxım xidməti, xəstəliklərin erkən aşkarlanması və sakinlərin ailə həkimləri ilə ünsiyyətinin möhkəmləndirilməsidir. 
Ailə Sağlamlıq Mərkəzinin tikintisi başa çatdıqdan sonra vətəndaş yaşadığı ərazidə yerləşən Ailə Sağlamlıq Mərkəzinə müraciət edərkən müvafiq istiqamətlər üzrə ehtiyac olduğu təqdirdə daha dərin ixtisaslaşmış müayinələrə yönləndiriləcəkdir.

Nəşr edilib : 01.08.2024 20:34