AZ EN RU

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisinə start verilib

İyulun 31-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisinin açılışı olub.

Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov ali təhsil müəssisələrinə qəbul kampaniyası və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında duran ən vacib məsələ – ixtisas seçimi haqqında məlumat verib. Vəfadar Misirov ixtisas seçimi ərəfəsində abituriyentlərlə ali təhsil müəssisələri nümayəndələrinin birbaşa görüş fürsətinin əhəmiyyətini vurğulayıb

Qeyd edək ki, sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi, Təhsil Tələbə Krediti Fondu, “Abituriyent” jurnalı redaksiyası və otk.az onlayn sınaq imtahanı portalının stendləri yer alıb.

Avqustun 2-dək davam edəcək sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Ziyarətçilər sərgidə ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanına malikdirlər.

Sərgidə abituriyentlərlə yanaşı, onların valideynləri də iştirak edə bilərlər. İştirakçılar qeydiyyat zamanı onlara uyğun tarix və saatı seçə bilərlər. Bundan əlavə, bəzi ali təhsil müəssisələri ayrıca olaraq əvvəlcədən təyin olunmuş zallarda və saatda daha geniş formada təqdimat nümayiş etdirmək imkanına malikdirlər.

Sərgiyə giriş ödənişsizdir. Sərgidə iştirak etmək istəyənlər link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi sərgi keçirilən günlərdə aktiv saxlanılacaq.

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusu Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108 ünvanında yerləşir.

Nəşr edilib : 31.07.2024 09:56