AZ EN RU

Dövlət əmlakının özəlləşdirilməsi iqtisadiyyatın dayanıqlığına töhfədir

Müasir iqtisadiyyatı şaxələndirən, onun inkişafına təkan verən amillərdən biri də dövlət əmlakının özəlləşdirilməsidir. Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək, habelə iqtisadiyyatda zəruri struktur dəyişiklikləri aparmaq, onun şaxələndirilməsini təmin etmək baxımından əmlakın özəlləşdirilməsi prioritet məsələlərdən biridir. Bununla yanaşı, sözügedən məsələ sağlam rəqabət mühiti formalaşdırmaq, habelə milli iqtisadiyyatın səmərəliliyini yüksəltmək məqsədinə xidmət edir və dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi diqqəti cəlb edir. Həmçinin bu sahədə aparılan işlərə təkan vermək, o cümlədən də dövlət əmlakından istifadə olunmasının səmərəliliyinin artırılması, onun idarə olunmasının təkmilləşdirilməsi məqsədilə iqtisadi siyasətin bir parçası kimi ardıcıl və sistemli tədbirlər görülür.

Ölkəmizin iqtisadi siyasətində əsas yerlərdən birini tutan dövlət əmlakının özəlləşdirilməsi Naxçıvan Muxtar Respublikasında da sistemli və ardıcıl şəkildə həyata keçirilir. Muxtar diyarımızın dayanaqlı inkişafını şərtləndirən, o cümlədən sahibkarlara geniş iş şəraiti yaradan, onlara situmul verən əmlakın özəlləşdirilməsi prosesi son dövrlər daha da artıb və əvvəlki dövrlərlə müqayisədə iki dəfəyə qədər yüksəlib. Belə ki, 2024-cü ilin 7 ayı ərzində 143 dövlət əmlakının  özəlləşdirilməsi başa çatıb. Özəlləşdirmədən daxil olan vəsait isə ötən ilin 7 ayına nisbətdə 10,1 dəfə artaraq 1,1 milyon manata çatıb. Bununla yanaşı, cari ilin 7 ay ərzində dövlət əmlakının səmərəli idarə edilməsi üzrə zəruri tədbirlər həyata keçirilib, daşınmaz dövlət əmlakının istifadəsi ilə bağlı 38-i qeyri-yaşayış, 34-ü isə torpaq sahəsi üzrə olmaqla, 72 icarə müqaviləsi bağlanılıb. Dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 207,8 min manat vəsait köçürülmüşdür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz çoxdur.

Qeyd etmək yerinə düşər ki, son illər ərzində sosial xidmətlərdə innovativ və operativ üsulların tətbiqi, vətəndaşlara şəffaf və səmərəli xidmətlərin göstərilməsi üçün iqtisadiyyatın müasir əsaslarla qurulması, modern idarəetmə sisteminin və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atılıb. Qürurverici haldır ki, bu sahədə görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni üslub gətirilməklə və müasir idarəetmə standartları tətbiq etməklə uğurla davam etdirilib. Bu gün ölkə iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızın iqtisadi münasibətlərdə özəlləşdirmənin hazırkı mərhələsində diqqətin müəssisələrin fəaliyyətinin bərpası və inkişafına yönəldiyini nəzərə alaraq dövlət əmlakının investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi prioritet məsələ kimi diqqətdə saxlanılıb. Təsadüfi deyildir ki, bunun hesabına müəssisələrə yeni avadanlıq və texnologiyaların cəlb edilməsi, müasir korporativ idarəetmə üsullarının tətbiqi, müəssisələrin maliyyə dayanaqlığının təmin edilməsi məqsədlərinə nail olunub.

Muxtar respublikamızda bu istiqamətdə görülən işlərin davamı olaraq qeyd edə bilərik ki, Naxçıvanda cari ilin 6 ayında özəlləşdirmədən və icarədən 1,4 milyon manata yaxın vəsait daxil olub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur. Bununla yanaşı, cari ilin mart ayından dövlət əmlakının registirinin elektron sistem üzərindən aparılmasına başlanıb. 276 dövlət müəssisə və təşkilatının balansında olan 1637 daşınmaz əmlaka dair məlumatlar Milli Avtomatlaşdırılmış Əmlak Sisteminə daxil edilib. Daşımaz dövlət əmlakının registrindən 59 çıxarış verilib. Həmçinin dövlət əmlakının registrinin aparılması istiqamətində 400 dövlət müəssisə və təşkilatından illik xüsusi hesabat formaları alınaraq təhlil olunub və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron sisteminə daxil edilib.

Muxtar respublikamızda həyata keçirilən iqtisadi tədbirlərin ardıcıl və sistemli xarakter alması nəticəsində son illər dövlət əmlakı idarəçiliyinin təkmilləşdirilməsi,  müasir əsaslarla inkişafı, müasir yanaşmaların və optimal idarəetmə metodlarının tətbiqi istiqamətində bir sıra nailiyyətlər əldə edilib. Həmçinin müasir idarəçilik prinsipləri və mexanizmləri əsasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi, bu istiqamətdə şəffaflıq və effektivliyin artırılması, müvafiq dövlət qurumları arasında səmərəli koordinasiya sisteminin qurulması təmin olunub. Bu da Naxçıvan Muxtar Respublikasında dayanaqlı inkişafın qurulmasına, iqtisadi münasibətlərin sürətlənməsinə, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi və digər zəruri məsələlərin günün tələbləri səviyyəsində qurulmasına şərait yaradır.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 13.08.2024 16:35