AZ EN RU

DİN: Ötən ay 120 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iyul ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 34 əməliyyat keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, nəticədə narkoşəbəkənin daha 35 üzvü ifşa olunaraq saxlanılıb. Onlardan 12-si ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olub. Əməliyyatlar nəticəsində 120 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin, metamfetamin, 4 min ədəd psixotrop tərkibli metadon, eləcə də preqabalin həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları ələ keçirilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmçinin ötən ay “xaş-xaş 2024” tədbirləri çərçivəsində çəkisi 4275 kiloqram olan, yabanı halda bitən 6340 ədəd çətənə kolu da məhv edilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.

Nəşr edilib : 03.08.2024 11:12