AZ EN RU

DİM: Bu gün 900-ə yaxın namizədin rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak edəcəyi gözlənilir

Avqustun 4-də Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanın II mərhələsində iştirak etmək üçün 894 namizəd qeydiyyatdan keçib. Onların 335 nəfəri oğlan, 559 nəfəri qızdır. 712 namizəd Azərbaycan bölməsinin, 182 namizəd rus bölməsinin, 318 namizəd cari ilin, 576 namizəd isə əvvəlki illərin məzunudur. 5 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 864, Naxçıvan şəhərində isə 30 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 59 imtahan rəhbəri, 76 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Qeyd edək ki, bu mərhələdə iştirak edəcək 894 nəfərdən 655 nəfəri ötən illərdəki imtahan nəticəsinə görə, 239 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.

Nəşr edilib : 04.08.2024 09:05