AZ EN RU

Diaspor Gənclərinin V Yay Düşərgəsi iştirakçıları Qarabağ Universitetində olublar

Laçında keçirilən V Yay Düşərgəsinin iştirakçıları Xankəndi şəhərinə səfər ediblər. Şəhərin müxtəlif yerləri ilə tanış olan gənclərə Xankəndi haqqında ətraflı məlumat verilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, sonra iştirakçılar Qarabağ Universitetinə gedib, rektor Şahin Bayramovla görüşüblər. Rektor düşərgə iştirakçılarının Qarabağ Universitetinin ilk qonaqları olduqlarını bildirib, təhsil ocağının yerləşdiyi binanın tarixi, müasir infrastrukturu, gələcək plan və layihələri, universitetdə tədris ediləcək fakültə və ixtisaslar haqqında ətraflı məlumat verib.

Rektor ali təhsil ocağının yeni tədris ilində ilk dəfə fəaliyyətə başlayacağını, 2024-2025-ci tədris ili üçün 6 fakültədə 27 ixtisas üzrə 1000-dən çox tələbənin qəbulunun gözlənildiyini bildirib. O, növbəti illərdə fakültə və ixtisas sayının artacağını, bakalavr təhsili ilə yanaşı magistratura, doktorantura pilləsinə də tələbə qəbulu keçiriləcəyini vurğulayıb.

Şahin Bayramov Qarabağın adını daşıyan bu universitetin Azərbaycan ali təhsilini dünyada təmsil edəcək ən modern bir təhsil müəssisəsinə çevrilməsinin əsas məqsədlərdən biri olduğunu gənclərin diqqətinə çatdırıb.

Rektor, həmçinin diaspor gənclərindən gözləntilərini açıqlayıb. Qarabağ Universitetinin dünyada tanınmasına, növbəti illərdə xarici tələbələrin də cəlb olunmasına dəstək göstərəcəklərinə inamını ifadə edib.

Nəşr edilib : 05.08.2024 16:34