AZ EN RU

Daşlara həyat verən sənətkarın bir günü

Tarixin qızıl səhifəsinə yazılan Vətən savaşı hər ürəkdə bir nisgil, hər evdə bir həsrət izi salıb getdi. Əbədi qəhrəmanlar öz qanları ilə Vətənimizi bütövləşdirib adlarını daş kitabələrə qızıl hərflərlə yazdılar. Onlar hər bir azərbaycanlının qəlbində özünə əbədi heykəl ucaltdılar. Döyüşə girən hər bir hərbçi canını sipər edib qələbə qazandı. Şəhid yoldaşlarını çiynində daşıyan Azərbaycan əsgəri dünyaya meydan oxudu. Kimi bu yolda şəhid olub, şanlı Zəfər bayrağına sarılıb, kimisi sağlamlığını itirib gəldi evinə. O da onlardandır. Yarı canını Vətənə qurban verənlərdən.

Vətən oğullarının qəhrəmanlığını daş abidəyə çevirib əbədiləşdirənlərdən. Elvin Nabatəliyev döyüşlərə xüsusi təyinatlı kimi qatılıb. Qubadlı, Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlər zamanı sağlamlığını itirib. Heykəltaraşlığa və rəssamlığa olan marağını qəlbində saxlayıb hərbçi kimi şərəfli bir peşəyə yiyələnib Vətənin müdafiəsinə yollanan müsahibim 23 il dövlətə şərəflə xidmət edib. Vətən savaşındakı şanlı Zəfərdən sonra igid oğulların abidələrini yaratmağa başlayıb. Onunla Babək şəhərində yerləşən emalatxanasında həmsöhbət olanda bildirdi ki, əslən naxçıvanlı olsa da, Bakıda yaşayır. Orada yaşadığı müddətdə 40-dan çox şəhidin abidəsini hazırlayıb. Naxçıvanlı şəhid ailələrinin istəyini yerinə yetirmək üçün buraya gəlib. Özünə emalatxana yaradıb qohumlarının həyətində. Şəhid ailələrinin istəyinə uyğun olaraq abidələr yaradır.

Hər bir şəhidin heykəlini hazırlayanda yenidən həmin o şərəfli günlərə qayıdır, gözünün önünə Cəbrayıla, Qubadlıya bayraq sancdıqları, Xudafərin körpüsünə ayaq basdıqları günləri xatırlayır. Hər gün bir qarış torpaq üçün canından keçən şəhidləri yada salır. Bu daş abidələri onların yazdığı şanlı tarixin tozlu səhifələrinə yadigar qalsın deyə yaradır. Bunu həm də özünə borc bildiyini, deyir heykəltaraş. Hər abidədə İslamın qəhrəmanlığnı, Ülvinin rəşadətini, Vüqarın igidliyini daşlara həkk edir. Bəzən sanki onları dinləyir, ürəklərində qalan arzularını da həkk edir daş abidələrə. Şəhid anaları bir baxışına həsrət qaldıqları balalarının xatirələrinin bu daş abidələrdə əbədiləşdiyini görəndə bir az da olsa, ürəkləri sakitləşir. Təsəlli olur onlara.

Müsahibim deyir ki, o, şəhid büstləri, heykəlləri ilə bərabər, vahid bütöv Azərbaycanın xəritəsini, Vətən müharibəsinin simvolu olan “dəmir yumruğ”u da hazırlayır: "Bütövləşməsində payım olan Azərbaycan xəritəsini, bir parçası olduğum “dəmir yumruğ”u hazırlayanda qürur hissi keçirirəm. Fəxr edirəm ki, biz bir olub Vətəni düşməndən xilas etdik."

Elvin Nabatbəyli onu da xüsusilə vurğulayır ki, “Naxçıvan Qaziləri” İctimai Birliyinin üzvləri ona bu işdə kömək edir. “Biz birlikdə güclüyük” şüarı haqq savaşımızda da, ondan sonrakı dövrdə də bizi birləşdirir.

“Hər bir qazi öz döyüş yoldaşının xatirəsini bir cür yaşadır. Mən də əlimdən gələni edir, onları daş abidələrdə əbədiləşdirirəm. Qoy övladlarımız tarixi onların qəhrəmanlıqla yazdığı səhifələrdən oxusun”.

Heykəltaraşla söhbətimizi bitirdikdən sonra orada ailəsinə təhvil verilməsinə az qalan heykəllərə baxıram.

Emin Sadiqov: anası Gülşadın gözünün ağı-qarası tək övladı. Bəy otağı bağlı qalan, bəy köynəyini kəfənlə əvəz edən Emin. Vətəni anasından əziz bilən oğul.

Ülvi: Kəngərli elinin Xok kəndinin yeddi şəhidindən biri. Arzularını torpağa qurban verən igid.

Vüqar: qədim Qarabağların igid övladı. Kəngərli süvarilərinin davamçısı.

Orxan: övladının üzünü görmədən şəhidlik şərbəti içən oğul. Səmayə ananın bu dünyada yanan tək çırağı.

Sizlər bu xalqın şərəf tarixini öz qanınızla yazıb övladlarımıza elə bir xəzinə hədiyyə etdiniz ki, bu xalq sizi heç bir zaman unutmayacaq. Çünki siz bu xalqın əbədi qəhrəmanlarısınız.         

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 12.08.2024 12:08