AZ EN RU

Daimi nümayəndəlikdə tədbir

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində “Xocalı soyqırımı”nın 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə, soyqırımı qurbanlarına və bütün şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri açıq elan edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov  Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, amansızlığı və xüsusi qəddarlığı ilə seçilən Xocalı qətilamı barədə geniş məlumat verib.

Bildirilib ki, Prezident cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun məqsədyönlü və çoxcəhətli fəaliyyətinin  nəticəsidir ki, artıq əksər dövlətlər, onların vətəndaşları və bir çox beynəlxalq təşkilatlar soyqırımı barədə ətraflı məlumatlara malikdirlər və Xocalı faciəsinin soyqırımı olma­sı faktı dünyanın bir sıra ölkələri və nüfuzlu təşkilatları tərəfindən rəsmən tanınıb. Ermənilər Xocalı soyqırımını törətməklə xalqımızın mübarizə əzmini qırmaq istədilər. Amma faciələrimiz bizi daha da möhkəmləndirdi, birləşdirdi. Biz bir xalq olaraq daha güclü və əzmli olduq. Biz güclü dövlət yaratdıq. Vətən müharibəsində zəfər çalan ordumuz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldı.

Tədbir digər çıxışlarla davam etdirilib.

Nəşr edilib : 24.02.2023 12:18