AZ EN RU

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığında mərsiyə janrı

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılıq fəaliyyəti geniş və hərtərəflidir. Onun yaratdığı əsərlər həm Azərbaycan ədəbiyyatşünaslığında, həm də fəlsəfi sahədə öz mükəmməl və layiqli yerini tapır. “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin verdiyi tarixi Sərəncam ədibin ölməz ruhuna böyük hörmət və ehtiramdan irəli gəlir. Şairin yaratdığı əsərlər öz müxtəlif çalarları ilə diqqəti cəlb edir. Belə ki, dahi mütəfəkkir və söz ustası əsərlərinin bir hissəsini mərsiyə janrında yazıb-yaratmışdır. Bu əsərlərdən biri də “Hədiqət-üs-süəda” (“Xoşbəxtlər bağı”) əsəridir.

Bununla bağlı müasir dövrdə milli-mənəvi dəyərlərin inkişafı bir daha onu deməyə imkan verir ki, müstəqil ölkəmiz günü-gündən çiçəklənir və yeni müasir dövrə qədəm qoyur. Tarixi keçmişimizi mənəvi xəzinə kimi özündə yaşadan qədim Naxçıvan əlyazma mətnlərini araşdırmaq və tədqiq etməklə klassiklərimizin yazıb-yaratmış olduğu dəyərlərə bir daha sahib olmaq, sözün əsl mənasında, müdriklik deməkdir. Belə ki, bu istiqamətdə Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhabəd-dümu” əsəri tədqiqat əsəri kimi xüsusi elmi əhəmiyyət daşıyır. O, 1844-1923-cü illər arasında yaşamış, mükəmməl dini savada malik olmuşdur. Qələmə aldığı “Səhabəd-Dümu” əsərinin əvvəlində müəllif haqqında yazılır: “Müəllif qədim Naxçıvan torpağında dünyaya göz açmış və öz dövründə el arasında Məhəmməd ibn Məşhədi Baba Naxçıvani kimi tanınmışdır”. Müəllifin adıçəkilən əsəri Kərbəla tarixinin mahiyyətini hərtərəfli izahına geniş yer vermişdir. Əsərdə əsas cəlbedici cəhətlərdən biri Azərbaycan ədəbiyyatşünaslığında cərəyan edən mərsiyə janrının canlanmasıdır. Bu əlyazma mətnlərin tarixi-fəlsəfi zəmində yazıldığına baxmayaraq, müasir Azərbaycan ədəbiyyatşünaslığı üçün də qiymətli əsərlər inciləri kimi sayılır. Bu baxımdan orta əsr əlyazma mətnlərində Azərbaycan şairlərinin yaratdığı mərsiyə janrı, poeziyamızın əsas bir qolunu təmsil edərək gələcək nəsil üçün yaşatmışdır.

Mərsiyə sözü dilimizə ərəbcədən gəlmişdir. Ərəbcə mərsiyə-matəm şeiri deməkdir. Qəsidənin klassik ədəbiy­yatında geniş yayılmış bu növündə daha çox görkəmli şəxsiy­yətlərin – müqəddəslərin, hökmdarların, qəhrəmanların, sənət­karların, igid əsgər və zabitlərin ölümündən doğan qəm, kədər hissləri əks olunur. Orta əsrlərdən başlayaraq Azərbaycan əruz şerində İslama, məxsusən Həzrəti İmam Hüseynə (ə) olan sonsuz sevginin, məhəbbətin nəticəsindən əmələ gələn mərsiyə janrı geniş miqyasda formalaşmağa başlamışdır. Bu baxımdan o dövrün bu istiqamətə həvəs göstərən şairləri, əsasən, mərsiyə yazmağa üstünlük verirdilər. Bu cərəyan əruz şairləri arasında o dərəcədə olmasa da, bu gün də var.

Azərbaycan ədəbiyyatşünaslığında əlyazma mətnlərinin yaratdığı mərsiyə janrı böyük Nizami şəxsiyyətində parlaq ulduza çevrilmişdir. Belə ki, Nizaminin yaratdığı əvəzedilməz sənət əsərləri xalqımızın ədəbi-fikir tariximizin sönməz yaddaşından silinməz qalır.

Nizami Gəncəvinin sönməz yaradıcılıq incilərindən sayılan “Leyli və Məcnun” əsərində “Payızın yetişməsi və Leylinin ölməsi” epizodunda mərsiyə janrı Orta əsr poeziyamızın nadir sənət incilərindən hesab olunur.

O, eşqin yolunda mərdanə getdi,

Aşiqlik yolunda can qurban etdi.

Sorsa: Nə cür etdi həyata vida?

De: Sənin eşqinlə o getdi bada.

Orta əsr əlyazmalarında mərsiyə janrının yaradıcı­larından biri böyük Azərbaycan şairi Xaqani Şirvani olmuşdur. Onun qələmə aldığı “İmam Məhəmməd Yəhya mərsiyəsi” və “Əmir Kafiyyəddinin mərsiyəsi” əsərlərində mərsiyə janrı bir daha xalqımızın bu janrda yazıb yaratdığı şairlərin yüksək istedad qabiliyyətindən xəbər verir.

Məhəmməd peyğəmbərin ümmətində olmayan hər kəs,

Fəzilət Məhəmmədlə, Yəhya fani torpaqdır.

          Orta əsrlərdə yaşamış Azərbaycanın böyük filosof-şairi Seyid İmadəddin Nəsimi yaradıcılığı ilə davam edən mərsiyə janrı özünün mükəmməllik xüsusiyyətlərini bir daha özündə canlandırmışdır:

Yenə Şahi-vilayətdən,

İki şahzadə nur oldu,

Biri zəhrə rza verdi,

Birin dər Kərbəla gördüm.

Şair “Şahi-vilayət” deyəndə həzrət Əli vilayətini, həmçinin onu və ümumiyyətlə, 12 İmamın imamlığını qəbul edənləri nəzərdə tutur. Digər tərəfdən isə həzrət Əlinin iki oğlu İmam Həsən (ə) və İmam Hüseyn (ə) kimi şahzadələrin həyatında baş verəcək hadisələr; birinin zəhərlə, birinin isə Kərbəlada faciəvi şəkildə şəhid edilməsi diqqətdən yayınmamışdır. Araşdırmalar zamanı İmadəddin Nəsimi yaradıcılığında Kərbəla faciəsi zamanı şəhid olmuşların həyatını fəlsəfi yanaşmalarla və mərsiyə janrının sönməz olduğunu olduqca müxtəlif istiqamətlərdə izah edildiyinin şahidi oluruq.

Orta əsr əlyazmalarında isə mərsiyə janrında sözün fəlsəfi mahiyyətini, məna və dəyərini Məhəmməd Füzuli qədər poetik bir dildə əks etdirən, sözü bədii təfəkkürün süzgəcindən keçirib əlvan rənglərlə boyayaraq ondan alınmaz qəsrlər tikən və orada sultanlıq edən, zaman durduqca da sultanlıq edəcək ikinci ustad bir şair olmamışdır, nə vaxtsa olması da inama sığmır. Sözdən incilər düzən və bu incilərlə külli kainatın bədii ponoramasını yaradan da Məhəmməd Füzuli olmuşdur. Məhz Azərbaycan ədəbiyyat­şünaslığında M.Füzuli poeziyasının dərinliklərinə vardıqca hər bir sözün ayrıca rəng çalarlarına malik olduğunu aydınca görür və dünyanın yalnız sözdən yarandığına bütün varlığınla inanırsan.

Məhəmməd Füzuli qədim Şərq və yunan filosoflarının bədii, fəlsəfi irsinə yaxından bələd olmaqla onları təfəkkür süzgəcindən keçirmiş və yaxınlıq ümumiləşdirmələri əsasında öz əsərlərin yazmışdır. Bunula belə M.Füzulinin mərsiyə janrında qələmə aldığı “Hədiqət-üs-süəda” (“Xoşbəxtlər bağı”) əsəri Şərq İslam fəlsəfi-fikri ilə yanaşı qeyri fəlsəfi düşüncələri də özündə birləşdirir. İslamın sönməyən çırağı olan, din qoruyucusu kimi tarixə düşən, Kərbəla hadisəsinin əsas baş qəhrəmanı İmam Hüseyn əleyhissalam və onun əhli-beytinə dərin düşüncələrlə həsr etdiyi “Hədiqət-üs-süəda” əsəri özünün əsrarəngliyi ilə bu gün də sevilməkdə davam edir. M.Füzuli bu əsəri yazmaqla sanki mənəvi dünyasını rahatlaşdırmışdır. Bu hadisəyə öz münasibətin bildirərək “Beş ali-əba mərsiyəsində həzrəti Seyyid-üş-şühəda” epizodunda belə deyir:  

      Mahi-mühərrəm oldu, şəfəqdən çıxıb hilal,

      Qılmış əza, töküb üzə xun birlə əşki-al.

      Övladi-Müstəfayə mədəd qılmamış Fərat,

      Keçirməsünmü yerlər bu ani infial?

      Çoxdur hekayəti-ələmi-şahi-Kərbəla,

      Əlbətdə, çox hekayət olur məvcibi-məlal.

      İbrətlə bax qəmi-şühəda şərhin etməyə,

      Hər səbzə Kərbəladə açıbdır zəbani-hal.

      Təcdidi-matəmi-şühəda qıldı ruzigar,

      Zar ağla, ey könül, bu gün olduqca ehtimal.

      Mahi-mühərrəm oldu, müsərrəf həramdir,

      Matəm bu gün şəriətə bir ehtiramdır. 

      Şad olmasın bu vaqidə şad olan könül,

      Bir dəm bəlavü qüssədən azad olan könül.

      Ey dərdpərvəri-ələmi Kərbəla Hüseyn,

      Ey Kərbəla bəlalərinə mübtəla Hüseyn.

      Yad et, Füzuli, Ali-əba halın, eylə ah,

      Kim, bərqi-ah ilə yaxılır xərməni-günah.

“Hədiqət-üs-süəda” M.Füzuli yaradıcılığında özünə­məx­sus bir yer tutur. Əsərin dini mahiyyətdə olmasına baxmayaraq, XVI əsr Azərbaycan nəsr dilinin öyrənilməsində çox mühüm rolu vardır. Belə bir faktı da qeyd etmək lazımdır ki, klassik Azərbaycan şeir dilində nisbətən nəsr dili az öyrənilməmişdir. “Hədiqət-üs-süəda” əsəri bu boşluğun doldurulmasında ən mühüm əhəmiyyətli mənbədir.

Həmçinin müəyyən məxəzlərdən aydın olur ki, həzrəti İmam Hüseyn əleyhissalamın Kərbəla çölündə Allah yolunda özü və 72 nəfər qəhrəmanın, cəsur, qorxmaz tərəfdarlarından biri azərbaycanlı olmuşdur. Bu haqda M.Füzulinin şəhidlik abidəsi olan “Hədiqət-üs-süəda” əsərində həmyerlimizi “Müslimi-Azərbaycani” kimi təqdim edir. Böyük şairimiz Azərbaycan oğlunun uca şəhidlik zirvəsinə yüksəlməsini, pəhləvanlıq və qəhrəmanlıq şücaətinin heyrətli anlarını dərin poetik məna çalarları ilə nəzmə çəkmişdir: “Andan sonra Müslimi-Azərbaycani saqiyi-bəzm-rəzm olub, nə nəreyi-məstanə ilə Gunbədi-Gərdunə sədalar bıraxıb çox bixəbərləri cami-fənadan sərməst etdi. Gah şəmşiri-atəşbarla rəzm edib, gah tiri tizrəftarla müharibə qılurkən kəsrəti-cərahətdən zəf olub mərkəbindən düşdü... Andan sonra anın nəqdi-pakı və xələfi-salehi meydanə girib, babayi-büzürgvarının intiqamını alıb bir şəqi zərbətiylə bəzmi-gahi-bəqayə intiqil etdi”.

Şair həmin kədərli səhnəni dərin qüssə ilə belə anladır:

Xoş ol arif ki, bildi mülki-dünyanın sərəncamın,

Həyatından təməttə bulmayıb içdi əcəl camın.

Sözün fəlsəfi mahiyyətini, məna və dəyərini Məhəmməd Füzuli qədər poetik bir dildə əks etdirən, sözü bədii təfəkkürün süzgəcindən keçirib əlvan rənglərlə boyayaraq ondan alınmaz qəsrlər tikən və orada sultanlıq edən, zaman durduqca da sultanlıq edəcək ikinci ustad bir şair olmamışdır, nə vaxtsa olması da inama sığmır. Sözdən incilər düzən və bu incilərlə külli kainatın bədii ponoramasını yaradan da M.Füzuli olmuşdur. Məhz Azərbaycan ədəbiyyatşünaslığında M.Füzuli poeziyasının dərinliklərinə vardıqca hər bir sözün ayrıca rəng çalarlarına malik olduğunu aydınca görür və dünyanın yalnız sözdən yarandığına bütün varlığınla inanırsan.

Azərbaycan ədəbiyyatşünaslığında olduğu kimi, dünya ədəbiyyatında qəzəl və poemaları ilə şöhrət qazanan şair mərsiyə janrında da öz qələmini sınamış və bu sahədə əsl ustad olduğunu təsdiq etmişdir.  

Orta əsr əlyazmalarında mərsiyə janrının bəzi xüsusiy­yətləri, demək olar, klassik ədəbiyyatla həmyaşıddır. Bu janrın əsas növhələri Nizami, Xaqani, Nəsimi və Füzulidən baş­lamaqla öz intibah dövrün yaşamışdır. Sonralar bu janr ədəbiyyatımızda qüdrətli şairlər tərəfindən davam etdirilərək böyük inkişaf yolu keçmişdir. Ancaq təəssüf hissi ilə demək lazımdır ki, sovet hakimiyyəti illərində İslam dininə olan qadağalarla bağlı ən böyük zərbə, bəlkə də, mərsiyə janrında yazılan ədəbiyyatımıza dəymişdir. Belə ki, o dövrdə ərəb əlifbası ilə yazılmış bütün əsərlər yandırılarkən mərsiyə janrında yazılan əlyazma mətnlərinin də böyük əksəriyyəti məhv edilmişdir. Lakin insanların hafizəsindən tam da silib atmaq mümkün olmamışdır. Nəhayət, son dövrün yadigarlarından olan Məhəmmədhüseyn Şəhriyar mərsiyə ədəbiyyatına mü­raciət edərək onu yenidən yazılı şəkildə dirçəltməyə müvəffəq olmuşdur. Azərbaycanın Xalq şairi Qabil də Qanlı Yanvar hadisələrindən qəhərlənərək bu janra müraciət etmiş və “Xalqımı, millətimi gülləbəran eylədilər” adlı mərsiyəsini yazmışdır.

Göründüyü kimi, mərsiyə janrı bütün dövrlərdə öz aktuallığını qoruyub saxlamış, insanların dərdini, kədərini, ağrı-acısını bədii rəngarəngliklə özündə əks etdirmişdir.

Xalqımızın unudulmaz şairi Mirzə Ələkbər Sabir Azərbaycan ədəbiyyatı tarixində, əsasən, satira janrının ən qüdrətli nümayəndəsi kimi tanınır. Bəlkə, çoxları bilmir ki, böyük satira ustası həm də qəlb sızladan, insanın ruhuna təskinlik gətirən gözəl mərsiyə nümunələri də yaratmışdır. Bu baxımdan onun “Yaralı” adlı mərsiyəsi olduqca təsiredicidir. Şair burada Kərbəla müsibətini ürək ağrısıyla nəzmə çəkərək İmam Hüseyn əleyhissalamın məktəbini, onun getdiyi xətti – hərəkətini, şəhidlik məqamını ön plana çəkir, əhli-beyt sevərlərinə Vətən sevgisini, əqidə və xeyirxah amallar yolunda canından belə keçməyi təlim etdirir.

Şair mərsiyə janrının mətlə beytində belə xitab edir:

Nəzəri lütf ilə bax sahəti Şirvanə Hüseyn,

Qıl Kərəm həşridə bu cəmi-pərişanə Hüseyn,

Yaralı quş kimi Sabir gəlüb əfqanə Hüseyn,

Bəzmi matəmdə açıb nohə deyərlər yaralı.

Araşdırmalardan belə qənaətə gəlmək olar ki, orta əsrlərdən başlayaraq mərsiyə janrında yazılan şeir nümunələri xalqımızın yaddaşından silinməmiş və əksinə, daha da mənalı əsərlərin yazılıb intişarına səbəb olmuşdur. Həmçinin haqqında apardığımız araşdırmalar dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığında mərsiyə janrının fəlsəfi mahiyyətinin verilməsi, sözün əsl mənasında, böyük əhəmiyyət kəsb edir. Belə ki, klassiklərimiz arasında mərsiyə janrının geniş vüsət alması məhz M.Füzuli yaradıcılığı ilə daha sıx bağlı olmuşdur.

Güman edirik ki, apardığımız araşdırmalar “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 25 yanvar tarixli 4274 nömrəli Sərəncamının məntiqi nəticəsi kimi böyük əhəmiyyətə malik olacaq və həmçinin xalqımızın dahi şairi Məhəmməd Füzulinin yaradıcılığına olan hörmət və ehtiramın bir daha bariz nümunəsi kimi qəbul ediləcəkdir.     

Səbuhi İBRAHİMOV

filologiya elmləri doktoru, dosent

AMEA NB Əlyazmalar Fondu

Nəşr edilib : 29.07.2024 14:48