AZ EN RU

Culfanın 50 illik və ya “bir küçəlik” bazarı

50 ildən çoxdur, fəaliyyət göstərən, ilin isti aylarında alıcılarını bir küçədə qarşılayan Culfa bazarınadır yolumuz. Bəzən buranı “bir küçəlik” bazar da adlandırırlar. Özünəməxsus “adəti” olan bu bazarda istənilən meyvə-tərəvəzi tapmaq mümkündür.

Hər zaman olduğu kimi, bazarda yenə qaynar “həyat” hökm sürür. Dolu piştaxtaların arxasında oturan satıcılar müştərilərini səsləyir. Satıcıların əksəriyyəti yerli sakinlər olsa da, qonşu rayonlardan gəlib burada məhsulunu satan da var. Elə Əbdülrəhim Əliyev kimi. Nə az, nə çox, düz 40 ildir, bu bazarın dəyişməz sakininə çevrilib Əbdülrəhim kişi. Deyir ki, bu illər ərzində yalnız öz əkdiyi məhsulları satıb: “4 böyük bağım var. Müəllim işləməklə yanaşı, həm də kənd təsərrüfatı ilə məşğul oluram. Bazarda daha çox meyvə, tərəvəz satıram və çalışıram ki, satdığım məhsullar gübrəsiz olsun. 4 övladım, 9 nəvəm var və onlar hər zaman bu işdə mənə dəstək olurlar”.

Bazarın bir adəti var ki, 50 ildir, dəyişmir. Günün ilk yarısında burada satıcı və alıcıları görmək mümkün olsa da, ikinci yarısında tam fərqli mənzərə ilə qarşılaşırsan. Günortadan sonra burada kimisə tapmaq müşkül məsələdir. Bakir Qəribov adlı satıcı deyir ki, bura illərdir ki, insanların qazanc mənbəyidir: “Bazarda həmişə belə sıxlıq olur, həftəiçi günlərdə daha çox adam gəlir və bazar saat 1-ə qədər davam edir. Bazarda satıcı da qazanır, alıcı da, çünki biz onlara yalnız yerli mal təklif edirik. Mən pomidor, xiyar, badımcan, bibər və digər tərəvəz növləri satıram. Bunların hamısını Naxçıvan fermerləri, özümüz yetişdiririk. Şükür Allaha, yaxşı da qazanırıq”.

Satıcılar deyir ki, bir vaxtlar sərhəd bölgəsində yaşadıqlarına görə bütün tədarüklərini qonşu ölkə İrana gedərək alırdılar. Onlar gətirdikləri məhsulları həm Culfa, həm də Naxçıvanın digər bazarlarında alıcılara təklif edirdilər. Lakin indi tam fərqlidir, təsərrüfatlarını rahat şəkildə bazara çıxara bilirlər. Həm də bu onlara bir qədər ucuz başa gəlir. Tağı İsmayılov deyir ki, əvvəl qonşu ölkədən gətirdiyi məhsullar bir qədər baha başa gəldiyindən müştərilər də narazı qalırdı: “İndi isə məndən malı alıb gedən müştərinin üzündə təbəssüm görürəmsə, bu məndə fərəh yaradır. Çünki mənim işim budur, ruzimi buradan çıxarıram”.

Əvvəllər qiymətin baha olması Culfa bazarında müştəri azlığına gətirib çıxarırdı. Satıcılar isə bu bahalığı yerli məhsullara yox, digər ölkələrdən gətirilən məhsullara üstünlüyün verilməsindən şikayətlənirdi. Alıcı Xəyal Fərzəliyev deyir ki, əvvələ baxanda indi bazarda meyvə-tərəvəz bir qədər ucuzdur: “İndi yerli sakinlər öz məhsullarını gətirir və biz də bəzilərini tanıdığımıza görə onlardan alırıq. Bilirik ki, yerli məhsul olduğuna görə, həm də keyfiyyətlidir. Xaricdən gətirilərkən meyvə-tərəvəzin baha olması da müştəri azlığına səbəb olurdu. Elə bizim özümüz də gedib qonşu ölkələrdən daha ucuz alırdıq. İndi isə həftəsonları bura gəlib rahat bazarlığımızı edirik”.

Sərhəd bölgəmizdə olan isti ayların “bir küçəlik” bu bazarında indi yerli məhsullar uyğun qiymətə alıcılara təklif olunur.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 01.08.2024 14:26