AZ EN RU

Çox vətənpərvər idi

Şəhriyar Müzəffər oğlu Məmmədov

22.02.1999 – 15.10.2020

Şəhriyar mənim gözümün nuru, kiçik balam idi. Ətrafdakıların hamısı onu çox sevirdi. Kiçik yaşlarından məsuliyyətli, ağıllı, özünə hörmət edən uşaq idi. Anaya, ataya, hər kəsə qarşı çox sayğılı idi. Şəhriyar cavan yaşında şəhid olmasına baxmayaraq hələ heç kimsə ondan inciməmişdi. Həmişə deyirdi ki, ana, atamla səni yanımda saxlayacağam. Deyirdi, bu evi ver böyük qardaşıma. Evlənib sizi özümlə aparacağam. Şəhriyarla birlikdə evimizin nəşəsi, sevinci də gedib. Artıq hər şey başqa cür olub. Heç nəyə sevinə bilmirik, gülə bilmirik. Övladımın həsrəti ilə yaşayıram.

Biz övladlarımızın heç birinə ad günü etmirdik. Təkcə Şəhriyarın ad gününü evdə qeyd edirdik. Niyəsini bilmirəm, amma yalnız ona ad günü etmişik. 
Hərbi sahəni də özü seçmişdi. Məktəbdə əlaçı oxuyurdu. Dedik ki, hərbidən başqa yerdə də təhsilini davam etdirə bilərsən. İsrarla “Yox”, –  dedi. Dediyini də etdi. Çox vətənpərvər idi. Ürəyi Vətəni ilə döyünürdü. 
Tətillərdə evə gələn kimi hamının bizə gəlməyini istəyirdi. Evə gələn kimi deyirdi ki, ana, bu gün kim gələcək bizə? O qədər mehriban idi, mənim balam.
Amma elə bil ki, ölümünü bilirdi. Sonuncu dəfə evə gələndə dedi, ana, qoy hamı yatsın, biz söhbət edək. Həmin gün gecə saat üç idi, biz hələ də söhbət edirdik. Dedim, mənim yuxum gəldi, gedirəm yatam. Dedi, sənə bir söz də deyim get yat. Dedi, ana, Allah bu dünyada hər kəsin arzusunu yerinə yetirsə, dünyadan doyarsan. Amma bir şeyin həsrəti ilə yaşasan, onda bu dünya sənə maraqlı olar. İndi o dediyi anı mən yaşayıram. Bilirəm ki, o nə demək istəyirmiş.
Sonuncu dəfə oktyabrın 7-si zəng vurdu. Dedi, hər şey yaxşıdır. Qardaşıma de mənə kontur göndərsin. Həmin gün hamı ilə danışıb. Uşaqlar məni aldatmışdılar ki, Şəhriyar arxadadır. Müharibə vaxtı televizora baxıb deyirdim ki, hər kəs döyüşür mənim oğlum arxa tərəfdədir. Zəng vuranda bunu ona dedim, güldü. Nişanlısı ilə də danışanda deyib ki, arxayın ol, gələ bilsəm gələcəyəm. Amma balam gələ bilmədi. Nişanlısı da, anası da, hər şeyi torpaq oldu.

Nəşr edilib : 05.07.2024 12:38