AZ EN RU

Çox sevdiyi Vətən torpağına qovuşdu

Babaxan Əlövsət oğlu Babayev

10.02.1996 – 20.10.2020

Babaxan çox ağıllı uşaq olub. Evdə bir işə başlayan kimi tez özünü çatdırardı. Deyirdi, ana, nə işin var, mənə de, yerinə yetirim. Birdən o biri uşaqlar sənin sözünə baxmaz. Sənin xətrinə dəyərlər. Gecə də olsa, sənin işini görəcəyəm. 
Babaxan mənə həm övlad, həm bacı-qardaş idi. O getdikdən sonra bütün qolum-qanadım qırılıb. Oğlum da, qızım da var. Amma heç biri ona bənzəməz. Babaxan evin balacası idi. Hər gün yuxudan durub mənim yanıma gələrdi. Deyirdi ki, ana, sənə çox əziyyətlər vermişəm. Haqqını mənə halal et. Deyirdim ki, ay oğul, sən çörək qazanmağa gedirsən. Mən nə edirəm? Sən getdikdən sonra istirahət edirəm. Sən əziyyət çəkirsən. Sən bizim qeydimizə qalırsan. 

Müharibəyə gedəndən sonra tez-tez zəng vururdu. Hal-əhval edirdi. Deyirdi ki, ana, haqqını halal et. Soruşurdu ki, atam haradadır? Cavab verirdim ki, işə gedib. Deyirdi ki, ana, ona da deyəcək sözlərim var. Neçə dəfə zəng vurdu, atası ilə danışa bilmədi. Gecə atası evə gələndə dedim ki, uşaq səni axtarırdı. Sonra Babaxandan zəng gəldi. Dedi ki, ata, bizi Qarabağa aparırlar, anamı sənə tapşırıram.
Sonuncu dəfə 19 oktyabrda bizimlə danışdı. 20-si isə şəhid oldu. Danışanda dedi ki, ana, məndən narahat olmayın. Məni dəyirmanın boğazından ölü salsalar, o tərəfdən diri çıxacağam. Məndən nigaran qalma. Bir şey olsa, özüm sənə zəng vuracağam. Dedim ki, oğul, mən neçə gündür, yata bilmirəm. Dedi ki, ana, vallah, vaxt olmur. Baş qarışıb, zəng vura bilmirəm. Sən rahat yat. Mən də gedirəm yatam. Demə, oğlum müharibənin içindədir. Amma mənə təskinlik verirmiş. Sonuncu dəfə danışıb, bizimlə vidalaşdı. Çox sevdiyi Vətən torpağına qovuşdu. Allah onunla birgə bütün şəhidlərimizin ruhunu şad etsin.

Nəşr edilib : 06.08.2024 15:57