AZ EN RU

Cəsarətli, mərd, həm də adı kimi mərhəmətli idi...

Mərhəmət Rizvan oğlu Həmzəyev

24.02.1997 – 12.10.2020

Mərhəmət çox fərqli uşaq idi. Uşaq yaşlarından hərbi formanı çox sevirdi. Həmişə hərbçilərə həsəd aparırdı. Heç yadımdan çıxmaz, bir dəfə qardaşımgilə getmişdi. Qardaşımın hərbi paltarı var idi. Geyindi gəldi ki, ana, bu paltar mənə necə yaraşır? Dedim, ay oğul, sən bu paltarı neynirsən? Hələ bir böyü sonra. 12-13 yaşı vardı o zaman Mərhəmətin.

Uşaqların hamısından seçilirdi. Bacı və qardaşı ilə çox mehriban idi. Eyni zamanda uşaq yaşlarından cəldliyi, çevikliyi ilə seçilirdi. Adı kimi həm də mərhəmətli idi. Birinə bir kömək lazım olsa, o dəqiqə yardım əlini uzadardı. Elə bu cəsurluğu, mərhəmətliyi onun gələcək yolunu müəyyənləşdirdi.
Hərbi liseyə də həvəslə getdi. 15 yaşından bizdən ayrıldı. Millətinin, xalqının övladı oldu Mərhəmət. Yeddi il hərbidə oxudu, olduğu sahədən bir kəlmə olsun belə evdə və ya başqa yerdə danışmazdı. Hətta Bakıda təhsil alanda soruşduq ki, Naxçıvandan kim var yanında? Onu belə demədi. Elə deyirdi heç kim yoxdur. İndi əksəriyyəti şəhid olub. Evlərinə gedirik ki, Mərhəmətlə şəkil çəkdirib. Elə sirr verməz oğul idi.
Atası ilə dost idi. Mərhəmətgil balaca olanda imkanımız o qədər də yaxşı deyildi. Atası o qədər orada-burada işləyirdi ki, uşaqlar onu görə bilmirdi. Heç razı olmurdu ki, atası işləsin.
Sonuncu dəfə sentyabrın 26-sı danışdıq Mərhəmətlə. Sonra Mərhəmətdən zəng gəlmədi. Oktyabrın 7-si atası nömrəsinə zəng vurdu. Bir nəfər açdı. Dedi ki, telefonlarını mənə verib. Dedi, təminata verərsən. Yaralı idim, məni döyüş bölgəsindən çıxartdı. Özü irəlidədir. Sonra yenə zəng vurduq. Mərhəmətin telefonuna zəng çatmadı. Bir daha Mərhəmətlə danışa bilmədik. Beləliklə, onun ömür yolu da Vətəni ilə bütövləşdi. O Vətən ki, torpaqlarının azadlığı uğrunda mərhəmət kimi oğullarımız şəhid oldu. Çətin olsa da qürurluyuq. Fəxr edirik ki, Mərhəmət kimi oğullarımız sayəsində torpaqlarımız azad olundu.

Nəşr edilib : 06.07.2024 14:03