AZ EN RU

Cəbrayıl şəhərində və Soltanlı kəndində seçki məntəqəsi fəaliyyət göstərəcək

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. Avqustun 12-19-da ümumilikdə 14 treninq sessiyasının keçirilməsi nəzərdə tutulub.

"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, dairə seçki komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, treninqlər dairənin tərkibinə daxil olan 82 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri cəlb edilməklə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış xüsusi proqram əsasında aparılır. Məşğələlər zamanı iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır.

Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.

Qeyd edək ki, sözügedən dairə üzrə 82 seçki məntəqəsi mövcuddur. İki seçki məntəqəsi işğaldan azad olunan ərazilərdə - Cəbrayıl şəhərində və Soltanlı kəndində yerləşir. Dairə üzrə ümumilikdə 54 min 486 seçici qeydə alınıb ki, onlardan 570 nəfəri ilk dəfə səs vermək hüququ olanlardır. İşğaldan azad olunan ərazidə yerləşən 80 və 81 saylı seçki məntəqələri üzrə isə 1259 nəfər seçici qeydə alınıb ki, onlar da həmin ərazidə çalışan işçilərdir.

Nəşr edilib : 14.08.2024 12:34