AZ EN RU

Canını Vətənə qurban verdi

Kamal Vidadi oğlu Əbilov

17.05.1996 – 30.09.2020

Mən övladlarımı min bir əziyyətlə böyütmüşəm. Amma bilmirdim ki, o övladlarımdan biri məhz mələkdi. Elə o mələyi Vətənə qurban vermişəm. Əgər lazım gələrsə, o birini də Vətənə qurban verməyə hazıram. Mənim balam evdən yox, eldən gedib.
Düzdür, bala dağı çox ağırdır. Allah heç kəsə belə dağ nəsib etməsin. Bu gün ruhu başımız üstdə gəzən Kamal iki dəfə məni sevindirib. Bir 1996-cı ildə, dünyaya gəldiyi vaxt. Bir də ki, 2020-ci ildə Kamalım igid, qəhrəman kimi şəhid olaraq evinə gətirdikləri zaman. Bəzən oturub fikirləşirəm ki, Kamalın hansı hərəkəti pis idi. Bəlkə, onunla təskinlik tapam. Amma nə qədər fikirləşirəm, ağlıma heç nə gəlmir. Ancaq xoş xatirələri...

Balaca vaxtından deyirdi ki, ana, mən səni yaşadacağam. Səni atamdan çox istəyirəm. Mən sənsiz nəfəs ala bilmərəm. Mənim bir günüm sənsiz olmasın. Amma belə deməsinə baxmayaraq, Vətəni məndən üstün tutdu. Canını Vətənə qurban verdi. 
Kamal dərslərini də çox yaxşı oxuyurdu. VIII sinfi bitirib hərbi liseyə daxil oldu. Sonra təhsilini hərbi akademiyada davam etdirdi. Üç il idi ki, işləyirdi. Bir gün dedim ki, Kamal, gəl səni evləndirim. Cavab verdi ki, ana, qoy dağdan enim, gəlib evlənəcəyəm. Həmin vaxt Murovdağda xidmət edirdi. 
Kamal 2019-cu ildə çox ağır yol qəzası keçirdi. Heç kəs inanmırdı ki, oğlum oradan sağ qurtarıb. Allahın nəsibinə bax. O qəzadan sağ qurtaran Kamal 2020-ci ildə düşmən gülləsi ilə həyatını itirdi. 
Sonuncu dəfə 29 sentyabrda danışdıq. Müharibədən heç nə demədi. Dedi ki, o haqda danışmayın. Sevdiyi qız var idi. Oğlum söz verdi ki, gələn kimi ailə quracam. Həmin gecə atası yuxu görmüşdü. Görüb ki, Kamal gəlib. Ona deyib ki, ata, bax general oğlun gəlib. Səhərisi gün zəng vurduq. Kamala zəng çatmadı. Yuxusunda general olduğunu deyən oğul ata-anasını bu dünyada çarəsiz qoydu. Atası da oğulsuz cəmi bir il bir ay yaşadı. Oğlunun dördüncü medalını alanda dünyasını dəyişdi.

Nəşr edilib : 10.08.2024 16:12