AZ EN RU

Bütün daşlar öz yerinə oturdu

Vətən müharibəsində sinəsini düşmənə sipər edən oğullar qələbə qazanaraq təkcə torpağımızı yox mədəniyyətimizi, milli adət-ənənələrimizi, namus və layaqətimizi, dini ocaqlarımızı da düşməndən azad etdilər. Cəbrayılda, Qubadlıda, Ağdamda düşmənin  tövləyə çevirdiyi məscidlərimiz düşməndən azad edilərək öz sahibinə qaytarıldı. Ali Baş Komandan düşmənin xarabaya çevirdiyi məscidlərə ayaqyalın girib, onun torpağını ovuclayıb başı üstünə qaldırdı. Və düşmənə 44 günlük müharibə dövründə dəstək verən  dövlətlərə tarixi dərs keçdi. Oğullarımız Şuşaya daxil olarkən şanlı bayrağı ilk olaraq Gövhər Ağa məscidinə sancıb, minarədən azan oxudu. Ağdamın xarabaya dönmüş Cümə məscidinin qarşısından sülh mesajları verdilər. Torpağımız düşməndən azad edildikcə ilk olaraq dini ocaqlar düşmənin murdar ayaqlarının izindən təmizləndi. Qan ilə sulanan torpağın bütün dini ocaqları  bərpa edildi. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi.  Bununla da Heydər Əliyev Fondu bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Fondun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunub. Bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib.

Heydər Əliyev Fondunun işğaldan azad olunan ərazilər üzrə layihəsinin icrası üçün xüsusi işçi qrupu yaradılıb və bərpa olunacaq abidələrin öyrənilməsi məqsədilə ilkin qiymətləndirmə aparıldıqdan sonra bərpa işləri görüldü. Bərpa işləri dini mənsubiyyətindən asılı olmayaraq, bütün abidələri əhatə edir. 

Bu gün Şuşaya, Ağdama ayaq basanlar oradakı məscidlərdə Tanrıya şükür edir, şəhidlərimizin ruhuna dualar oxuyurlar.  Hər dəfə bu süjetləri izləyəndə yadıma Ağdam Cümə məscidinə aid olan daş parçasının  işğal dövründə 9 may 2000-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə ATƏT-in  Minsk qrupunun üzvləri tərəfindən verilməsi  düşür. Dahi rəhbər həmin daşı müqəddəs bir daş kimi qəbul edib. “Vaxt gələcək bu daş öz yerinə oturacaq”, deyəndə həmin şəxslərin üzlərindəki ifadə bu gün də yaddaşlardadır.

 Bəli, həmin vaxt gəldi. 44 gündə Azərbaycan oğulları xalqının başını uca etdi. Onlar Ulu Öndərin vəsiyyətini yerinə yetirib torpağımızı azadlığa qovuşdurdu. 2000-ci ildə dahi rəhbərə hədiyyə edilən həmin daş parçası illər sonra  düşmənin qanlı caynağından azad olan, bərpa edilən   Ağdam Cümə məscidinə qaytarıldı. Həmin gün illərdir, öz əzizlərinin isti nəfəsinə həsrət qalmış qədim Cümə məscidinin başı üzərində pərvaz edən şəhid ruhları ilə bərabər xalqının azadlığını öz canından əziz bilən dahi rəhbərin, Vətənin oğlunun da, el qızı Natvanın da ruhu şad oldu. Dünya bir daha şahid oldu ki, bu xalq öz torpağının sahibidir və elə olaraq da qalacaq. Vətənimizin   hər bir  daşı  öz yerinə oturacaq. Cümə məscidində olduğu kimi.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 06.08.2024 12:01