AZ EN RU

Bugünədək azad edilmiş ərazilərdə yerquruluşu üzrə görülən çöl ölçmə işlərinin həcmi açıqlanıb

İşğaldan azad olunmuş ərazilərdə torpaqların elektron kadastr uçotu işlərində 2022-2024-cü illər ərzində Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, Xocalı və Ağdərə rayonlarında ümumilikdə 1001779,10 hektar ərazidə yerquruluşu üzrə çöl ölçmə işləri yekunlaşıb. Hazırda Xocavənd və Ağdərə rayonlarında çöl ölçmə işləri davam etdirilir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin baş mühəndisi Çingiz Tanrıverdiyev ekoloji məsələlər üzrə işçi qrupunun Ağdamda keçirilən növbəti iclasında deyib.

Ç.Tanrıverdiyev bildirib ki, bu günə kimi 764421,25 hektar (Zəngilan rayonu üzrə 70860.27 ha, Qubadlı rayonu üzrə 79875.7 ha, Kəlbəcər rayonu üzrə 195406.3 ha, Cəbrayıl rayonu üzrə 104936,53 ha, Laçın rayonu üzrə 183107,44, Ağdam rayonu üzrə 73281.35 ha və Füzuli rayonu üzrə 56953.66) ərazinin elektron kadastr uçot məlumatları TEKUIS-ə miqrasiya edilərək bu rayonlar üzrə yerquruluşu işləri başa çatdırılıb.

“Hazırda kameral şəraitdə emal işləri yekunlaşmış Xocalı rayonu üzrə kadastr məlumatları TEKUIS-ə (Torpaqların Elektron Kadastrı Uçotu İnformasiya Sistemi) miqrasiya edilməsi üçün hazırlanır. Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər, Laçın, Füzuli və Ağdam rayonları üzrə bu günə kimi 568097.23 hektar ərazidə torpaq, 389331.83 hektar ərazidə isə geobotaniki tədqiqat işləri başa çatdırılaraq TEKUIS-ə daxil edilib”, - deyə qurum rəsmisi əlavə edib.

Nəşr edilib : 19.07.2024 17:49