AZ EN RU

Bu ilin qəbul göstəriciləri ötən tədris ilində əldə olunan nəticələrlə müqayisədə 2.5 dəfə çoxdur

“Naxçıvan Muxtar Respublikasında ümumi təhsil məktəblərinin şagirdləri buraxılış və qəbul imtahanlarında uğurlu nəticələr əldə ediblər”.

Bunu Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının məsləhətçisi  Ramalə Niftiyeva “Şərq qapısı”na açıqlamasında deyib. Bildirib ki, buraxılış imtahanlarında son üç ilin ən yüksək nəticəsini göstərən məzunlar qəbul imtahanlarında da bu missiyanı uğurla davam etdirərək ötən ilin nəticələrini geridə qoyublar: “Belə ki, 2022-2023-cü tədris ilində 600-700 bal intervalında nəticə əldə edən məzun sayı 42 nəfər olmuş, 2023-2024-cü tədris ilində isə bu say 104 nəfərə yüksəlmişdir. Məhz bu göstəricilər ötən tədris ilində əldə olunan nəticələrlə müqayisədə 2.5 dəfə çoxdur”.                 

Ramalə xanım onu da qeyd edib ki, fərqlənmə attestatı ilə məktəbi bitirən məzunlarımızın sayı da əhəmiyyətli dərəcədə artıb: “Ötən il ümumi və tam orta təhsil səviyyəsi üzrə 121 məzun fərqlənmə attestatı almışdırsa, bu göstərici 3 dəfədən çox artaraq 386 nəfər (252 tam (11 illik) orta, 134 ümumi (9 illik) orta təhsil səviyyələri üzrə) olub. 8 məzunumuz qızıl, 1 məzunumuz isə gümüş nişana layiq görülüb”.

 Göstərilən nəticələr son dövrlərdə muxtar respublikamızda təhsil sahəsindəki genişmiqyaslı islahatların, şagirdlərin bilik və bacarıqlarını artırmağa yönəlmiş tədbirlərin, həmçinin şagirdlərin fədakar səylərinin əyani göstəricisi olmaqla təhsil sahəsindəki böyük irəliləyişləri əks etdirir.

Bülbül QULİYEVA

Nəşr edilib : 31.07.2024 14:23