AZ EN RU

Bu günümüzü öz fırçası ilə gələcəyə miras buraxan rəssam

Muxtar diyarımızın hər bir guşəsi, daşı tarixi izlərlə zəngindir, qiymətlidir. Mədəniyyət beşiyi kimi tanınan qədim Naxçıvan torpağı tarixən yetişdirdiyi sənətkarlarla, eləcə də onların qurub-yaratdığı mədəniyyət inciləri ilə şöhrət qazanıb. Azərbaycan rəngkarlıq sənətində ilk akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə novatorluğa yol açmış rəssam Bəhruz Kəngərli kimi şəxsiyyətin buraxdığı irsin bu gün də davamçıları yetişməkdədir. Bunlardan biri də Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin üzvü Sabir Məmmədovdur. 
Şəhərdə olarkən rəssamın etüdlərinin tez-tez canlı şahidi oluruq və ya sosial şəbəkə hesablarında bunlara rast gəlirik. Bu günümüzü öz fırçası ilə gələcəyə miras buraxan rəssam naxçıvanlıları, həmçinin şəhərimizin qonaqlarını özünəməxsus rəngarəng bir dünyaya aparır. Rəssamın qızıldan dəyərli fırçası tarixi özünə hopduran Naxçıvan şəhərinə gələn qonaqların hafizəsinə həkk etdirir.
Tanınmış naxçıvanlı rəssam bu gün Möminə xatın türbəsini qarşısında etüd edib. Əcəmi seyrangahına yollanaraq maraqlı əsərlərin çəkilmə prosesinə şahidlik etdik. Rəssamın akvarellə çəkdiyi həmin anları “Şərq qapısı” qəzetinin oxucularına təqdim edirik.

                                                  Aidə İBRAHİMOVA

Nəşr edilib : 27.07.2024 20:21