AZ EN RU

Bu gündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlanır

İyulun 11-i saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 16-sı saat 11:00-da, tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə məktəb və müəllim seçimi isə iyulun 18-i saat 11:00-da aktiv ediləcək.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.

Məktəbəhazırlıq qruplarına qəbul zamanı da üstünlük hüququ tətbiq ediləcək. Belə ki, Azərbaycan bölməsi üzrə iyulun 16-dan 30-dək Bakı və Gəncə şəhərlərində yerləşən 45, rus bölməsi üzrə isə iyulun 18-dən avqustun 1-dək Bakı və Gəncə şəhərlərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq ediləcək.

Həmin müəssisələrin siyahısı mektebeqebul.edu.az saytında yerləşdiriləcək.

Nəşr edilib : 11.07.2024 07:41