AZ EN RU

Bu gün ruhun şaddır, çünki Vətənin azaddır

Xurşudbanu Natəvana məktub

Gözəl bir yay səhəri düşməndən azad edilən torpaqlarımızdan bəhs edən reportaja baxıram. Kadrlara bir-bir nəzər yetirdikcə gözüm xan qızının Şuşanın mərkəzində ucalan büstünə sataşır. Sanki baxışlarımız qarşılaşır və fikrimdə, düşüncəmdə bir anlıq onunla həmsöhbət oluram:

Qarabağımızın xanı Mehdiqulu xanın yeganə övladı, Qarabağ xanlığının sonuncu vərəsəsi, “Dürrü yekta” (Tək inci), “Xan qızı” Natəvan, sən dünyaya gəlişinlə ailənə sevinc bəxş etmişdin. İllər aylar ötdükcə sarayda aldığın yüksək təhsil və mədəniyyət, ən əsası damarında axan əsilzadəlik qanı, Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlərdən aldığın dərslər şeirə və sənətə olan şövq və həvəsin sayəsində gözəl Qarabağın hüsnünə həsr etdiyin əsərlərin hələ də oxucularının dilin əzbəridir. Bu gün xeyirxahlıq deyiləndə sənin adın ilk sıralarda çəkilir. Xeyirxahlığın, xeyriyyəçiliyin, əliaçıqlığın, yoxsullara kömək etmən, incə, lirik şeirlərin, Şuşa şəhərinin abadlığına, ədəbi-mədəni həyatının canlanmasına böyük zəhmət və vəsait sərf etmənlə xalqın böyük məhəbbətini qazanmışdın. İstedadı, şairliklə bərabər gözəl rəsmlər çəkmən, musiqini, muğamı bilməyin dövrünün görkəmli şəxsiyyətləri tərəfindən yüksək dəyərləndirildiyi kimi müasir dövrümüzdə də layiqincə qiymətləndirilir. Yaradıcılığın həmişə diqqət mərkəzində olub, əsərlərin 1928, 1938, 1956, 1981, 1984 və 2004, 2012-ci illərdə çap edilib, ədəbi irsinin tədqiqinə dair kitablar işıq üzü görüb. Təşkil etdiyin “Məclisi-üns” ədəbi məclisinin sorağı bu günə kimi gəlib çatıb. Məhəbbət, təbiət gözəllikləri tərənnüm olunan “Gülün”, “Qərənfil” və sair qəzəllərin bu gün də sevilə-sevilə oxunur. İlhamla qələmə aldığın “Eylər”, “Gətirir”, “Mən idim”, “Sən idin”, “Bənzətdim” və “Ölürəm” rədifli ürəyəyatan əsərlərindəki yüksək sənətkarlıqdan təsirlənən Qarabağ, Şəki, Şirvan, Bakı, Quba, Gəncə, Naxçıvan, Ordubad şairləri onlarca nəzirə və təxmis yazmışlar.

Onu da bilirsənmi xalq səni o qədər çox sevirdi ki, dünyadan köçdüyün gün cənazəni Şuşadan Ağdama qədər piyada aparmışdılar. Şuşa sakinlərinin, qarabağlıların sənə olan sevgisi nə qədər çox idisə, yetmiş kilometrə yaxın yolu piyada getmiş və bütün Qafqaza sənin necə sevildiyini nümayiş etdirmişdilər. Dünyadan köçmən təkcə Azərbaycanın yox, bütün Qafqazın qabaqcıl, maarifpərvər adamlarını kədərləndirmişdi. “Qafqaz”, “Tərcüman” və başqa qəzetlərdə nekroloqlar və həyat fəaliyyətin haqqında yazılar dərc edilmişdir. Vəfatın şairlər tərəfindən “ədəbiyyat aləminə üz vermiş fəlakət”, şeir məclisində “günəşin batması” kimi qələmə alınmışdır. Xanın əziz qızı, xalqın sevimlisi, xatirən həmişə əziz olub bu xalq üçün 1960-cı ildə Bakıda heykəlin, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstün ucaldılmışdır. Çox təəssüf ki, 1992-ci ildə doğulduğun gözəl şəhər düşmənə satılmışdı xainlər tərəfindən. Sapı özümüzdən olan baltalar tərəfindən. Şuşanın işğal edildiyi günlərdə sənin və Üzeyirin heykəllərini güllələyən o mənfur düşmənin hirsi bununla da soyumamış həmin bürünc heykəlləri əridib satmaq istəsələr də, xalqımızın qədirbilən rəhbəri Ulu Öndər buna imkan verməmiş və düşməndən pul qarşılığında o heykəlləri alıb Bakı şəhərinə gətirmişdir. 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarıldı. İllər sonra şəhər düşməndən azad edildikdən sonra dahi rəhbərin davamçısı tərəfindən həmin heykəllər yenidən Şuşaya gətirilmiş və şəhərin görkəmli yerinə qoyulmuşdur. Bu gün sənin və doğma Üzeyirin Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstləriniz, eyni zamanda xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür. Ağdam azad ediləndən sonra isə məzarın üstündəki abidə yenidən bərpa edilir.

Sən dünyaya gələn gün bunu təkcə Qarabağ xanlığı bayram etmişdi. Onda bir nəslin sevinci idin, bu gün isə  bütöv Azərbaycan sənin dünyaya gəlişinin  yada salır. Bundan öncəki illərdə  yubileylərin keçirilib, amma çox təəssüf ki, son 29 ildə sənin yubileylərini ürəyimiz istəyən və əlbəttə ki, sənin arzuladığın kimi qeyd edə bilmirdik. Axı necə də edəydik? Şuşa qan ağlayanda, Ağdamın ağ günləri qaraya bürünəndə Şuşada tikdirdiyin məscidlər dağıdalanda bu xalqın ürəyi yanırdı. Bilirdik ki, sənin də ruhun narahatdır. Səbir edib, güc toplayıb tarixi ədaləti bərpa edəcəyimiz günə az qalırdı. Axır ki, vaxt gəldi yetişdi. Tanrı da haqqımızı haqq elan etdi. 29 il düşmən tapdağında qalan Şuşa bu gün azaddır. Bu gün ruhun şaddır. Çünki Vətənin azaddır.

İllərlə narahat ruhun Şuşanın, Ağdamın dumanlı səmasında dolaşmaqdan yorulmuşdu. Bu gün o azad göylərdə üçrəngli, ay-ulduzlu Azərbaycan Bayrağı dalğalandıqca, Şuşanın azadlığı uğrunda canından keçən igid oğulların ruhu ağ göyərçinə dönüb qanad çaldıqca sənin də ruhun sevinir. Bu xalq bunu görür və əmindir ki, bu əbədi zəfərdir. Hələ bundan sonra çox üfüqlər doğulacaq Şuşa səmasında. Günlər, illər keçəcək bu xalq Xan qızını, gözəl şairəsini, vətənpərvər qadını da, Vətəni uğrunda canından keçib bizi yenidən gözəl yurdumuza qovuşduran igid oğullarını da, unutmayacaq. Sevimli Şuşan da, son mənzilin Ağdam da əbədiyyən əsl sahibinin olacaq.

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 07.08.2024 10:37