AZ EN RU

Bu gölün kənarına niyə alma atarlarmış?

İnsanın ruhunu oxşayan füsunkar təbiəti, başıqarlı dağları, buz bulaqları, çayları, zəngin fauna və florası ilə seçilir gözəl mənzərələr məskəni Ordubad… Elə ki Yay fəsli gəldi, yaşıllıqlar qoynunda dincəlmək, istirahətini daha mənalı etmək istəyən hər kəs üz tutur bu qədim diyarımıza. Memarlıq və tarixi abidələri, qədim küçələri, məscidləri, hamamları, qocaman çinarları, dadlı mətbəx nümunələri buraya ayaq basan hər kəsi ilk baxışda özünə cəlb edir. Pəzməri, Qaplançay şəlalələri, təbiət möcüzəsi, ilin dörd fəslinin birləşdiyi Göygöl isə isti havalarda ürəyə sərinlik gətirir. 
Sirli-sehrli Göygölü görmək üçün bir qədər yol qət etməlisən. Ancaq gördüyün mənzərələrdən sonra deyirsən: “Yaxşı ki, gəldim, bu təbiət gözəlini gördüm. Zəngəzur silsiləsi, Gəmiqaya dağı, Ağdağın ətəklərinə bir anlıq səyahət etmək imkanı qazandım, buradakı fərqli gözəllikdə Nuh müqəddəsliyinin bir daha şahidi oldum”.
Gölün yerləşdiyi Nürgüt kəndi bir çox yaşayış məntəqəsi kimi müasirliyə qovuşub. Bu kəndi fərqləndirən də ondan bir qədər aralıda yerləşən səfalı Göygöldür. Yayda dağ zirvələrindəki əriyən qar göl suyunun mənbəyini təşkil edir. Buranı “dörd fəsil” gölü də adlandırırlar. Gölün bir tərəfində qar olanda digər tərəfində yaz çiçəkləri açır. Göl böyük olmasa da, gözəl təbiət abidəsi kimi qonaqları öz sehrinə salır. Gölə yaxınlaşdıqca Saqqarsu çayının zümzüməsi, quşların cəh-cəhi insanı bihuş edir. Fəsillərin birlik ocağı olan Göygöl məğrur dağlar qoynunda ecazkar sənət əsərini xatırladır sanki. Zirvəsi daim qarla örtülü olan dağların cazibəsi, gölün şəffaflığı ilə seçilən sərin suyu, yamyaşıl otların içərisindən baş qaldıran al-əlvan çiçəklər, bir sözlə, gözəl mənzərələrin təsiri altında günün xoş keçir.
Göl Zəngəzur dağ silsiləsinin cənub yamacında, dəniz səviyyəsindən 3065 metr yüksəklikdə yerləşir. Şirinsulu, axarlı olan, “Kitabi-Dədə Qorqud”da adıçəkilən bu göl Azərbaycanın, eləcə də muxtar respublika təbiətinin nadir incisi kimi Kiçik Qafqazın ən hündür dağ gölü sayılır. Gilançayın sol qolu olan Saqqarsu öz başlanğıcını Göygöldən 
götürür. Göldən bir az cənubda Qazangöldağ, cənub-şərqdə isə Zəngəzur dağ silsiləsinin dağ yamacında Göygölə çox bənzəyən Qazangöl yerləşir. Buzlaq gölü olan Qazangölün mənsəbi Oxçuçaydır. Bu iki dağ gölünü bir-birindən Qazangöl aşırımı ayırır. Göygölə yaz iyul-avqust aylarında gəlir və bir qədər sonra dörd fəsil bir arada yaşanır. Sıldırım qayalardakı qar qışı, bir tərəfdə baş qaldıran otlar və çiçəklər yazı, güney tərəf yayı, digər tərəfdə otlar isə payızı xatırladır.
Yay fəslində Göygölə səfər edənlərin sayı çox olur. Deyilənlərə görə, insanlar ürəklərində tutduqları niyyətlərinin qəbul olunması üçün gölün kənarına bir alma atarmışlar. Əgər alma həmin insanın səmtinə doğru yenidən qayıdardısa, o insanın ürəyindəki arzular hasil olarmış... Göygölün sirli-sehrli olduğunu demişdik axı…

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 14.08.2024 15:05