AZ EN RU

Britaniyanın yeni baş naziri: Yaxın Şərqdəki münaqişənin həlli iki dövlət prinsipinə əsaslanmalıdır

Böyük Britaniyanın yeni baş naziri Keir Starmer israilli həmkarı Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Bu barədə Britaniya baş nazirinin ofisinin bəyanatında deyilir.

Netanyahu ilə telefon danışığı zamanı Starmer Londonun zərərli təhdidlərin qarşısını almaq üçün İsraillə əməkdaşlığı davam etdirməyə” sadiq olduğunu deyib. Starmer İsrailin Livanla şimal sərhədindəki vəziyyətin böyük narahatlıq doğurduğunu vurğulayıb.

Qəzza zolağındakı vəziyyətdən danışan britaniyalı baş nazir atəşkəs, girovların qaytarılması və mülki şəxslərə çatdırılan humanitar yardımın həcminin artırılmasının zəruriliyini bildirib. O, əlavə edib ki, Yaxın Şərqdəki münaqişənin həlli iki dövlət prinsipinə əsaslanmalıdır.

Mahmud Abbasla söhbətində Starmer Fələstin üçün islahatların və beynəlxalq legitimliyin təmin edilməsinin vacibliyini söyləyb.

Qeyd edək ki, leyboristlərin lideri Keir Starmer iyulun 4-də krallıqda keçirilən parlament seçkilərinin nəticələrinə əsasən ölkənin yeni hökumətini formalaşdırıb.

Nəşr edilib : 07.07.2024 19:38