AZ EN RU

BRİCS Azərbaycan üçün nə ifadə edir?

Dünya ölkələrinin bir-biri ilə həm iqtisadi, həm də siyası əlaqələrinin olması və möhkəmləndirilməsi üçün müxtəlif təşkilatlar və qruplar mövcuddur. Bu qruplardan  biri isə Brazilya, Rusiya, Çin, Hindistan və Cənubi Afrikanı özündə birləşdirən BRİCS-dir. 2009-cu ildə yaradılan bu təşkilat ilk vaxtlar BRİC, 2011-ci ildən sonra Cənubi Afrikanın (South Africa) qrupa daxil olması nəticəsində qrup BRİCS adlandırılmağa başlandı. BRİCS qrupuna daxil olan ölkələr ən tez inkişaf etmiş böyük ölkələr kimi səciyyələnirlər. Buraya daxil olan ölkələr müxtəlif zənginliklərinə görə seçilir. Braziliya – kənd təsərrüfatı resursları, Rusiya – dünyada ən böyük mineral resurslar, Hindistan – ucuz intellektual resurslar, Çin – ucuz əmək resursları, Cənubi Afrika Respublikası isə təbii resursları ilə fərqlənir. Sonralar Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlər də bu təşkilata daxil oldu. Zaman keçdikcə 23 ölkə təşkilata rəsmi üzv olmaq üçün müraciət edib, lakin bu ölkələr sırasında Azərbaycanın adı siyahıda yoxdur.

Azərbaycan və Türkiyənin BRİCS-ə üzv olmaq istəyi

Hazırda 59 ölkə BRİCS-ə üzv olmağa maraq göstərir. Bunların içərisində Azərbaycan da öz yerini tutur. Hətta bununla bağlı Azərbaycan Respublikasının Çinlə birgə qəbul etdiyi bir deklarasiyada da bu məsələ öz əksini tapır. Çin Azərbaycanın BRİCS-ə qoşulmaq arzusuna müsbət yanaşaraq bu addımını alqışlayıb. Rəsmi olaraq Azərbaycanın BRİCS-ə qoşulma istəyi ilə bağlı bir açıqlama verilməsə də, VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova BRİCS ölkələrinin X parlament forumunun plenar iclası zamanı qeyd edib. Bir neçə gün öncə Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan da BRİCS-ə qoşulmaq istəyini bildirib. Hakan Fidan BRİCS-ə qoşulmaq haqqında öz fikrini  “Təbii ki, biz BRİCS-ə üzv olmaq istərdik. Görək bu il nəyə nail ola bilirik” sözləri ilə bildirib.

Azərbaycanın BRİCS-ə üzv olmaqdakı əsas məqsədi

BRİCS ölkələrinin dünya iqtisadiyyatında rolu danılmazdır. Azərbaycanın bu təşkilata qoşulmaqdakı ən başlıca məqsədlərindən biri də, digər dünya ölkələri ilə ticarət əlaqələrini genişlətməkdir. Danılmaz haldır ki, Azərbaycan Respublikası alternativ enerji mənbələri ilə zəngindir. BRİCS ölkələri ilə enerji sahəsində əməkdaşlıqlar qurmaq bu resursların daha geniş bazarlara çıxmasına səbəb ola bilər. Eyni zamanda Azərbaycanın yerləşdiyi coğrafi mövqe də Avropa və Asiya arasında strateji rol oynayır. Azərbaycan BRİCS-ə üzv olarsa, bu addım onun siyasi və iqtisadi arenada təsir gücünü birə-beş artıracaq. Bunlarla yanaşı, geniş layihələr zamanı BRİCS-in inkişaf bankı kimi Azərbaycan müəyyən maliyyə dəstəyi əldə edə bilər. Azərbaycan artıq BRİCS ölkələri ilə iqtisadi əlaqələr yaratmağa nail olub. Çin ilə ticarətlər müasir dövrümüzdə daha da genişlənir, bunun nəticəsidir ki, Azərbaycan Çindən böyük investisiyalar cəlb edir. Rusiya əlaqələrinə nəzər saldıqda isə bu iqtisadi əlaqələrin əvvəldən  yaxşı olduğunu görürük. Bu əlaqələr sırasında ən başlıca olaraq nəqliyyat və enerji istehsalı və ixracatı dayanır. Azərbaycanın enerji infrastrukturu, boru kəmərləri BRİCS ölkələri ilə enerji ticarətində yaxından köməklik göstərə bilər. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə böyük rol oynayır və həmin təşəbbüs çərçivəsində BRİCS ölkələri ilə ticarət əlaqələri inkişaf etdirilir. Azərbaycan, həmçinin Cənubi Afrika və Hindistanla da ticarət əlaqələrini genişlətmək üçün müxtəlif layihələr həyata keçirir.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 16.07.2024 14:28