AZ EN RU

BMT-nin Baş katibi uşaqları insan alverindən qorumaq üçün ictimaiyyətə müraciət edib

BMT-nin Baş katibi Antonio Quterreş 30 İyul - Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü ilə bağlı müraciətində uşaqları insan alverindən qorumaq üçün daha çox səy göstərməyə çağırıb.

BMT rəhbəri hökumətləri, vətəndaş cəmiyyətini və özəl sektoru, o cümlədən texnologiya şirkətlərini səylərini və əməkdaşlığı gücləndirməyə çağırıb.

“İnsan alveri cəmiyyətlərimizin ən həssas təbəqələrini hədəf alan dəhşətli cinayətdir. Builki Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günündə biz diqqətimizi ən həssas qruplara - uşaqlara yönəldirik”-, deyə Quterreş bildirib.

Onun sözlərinə görə, zorla əməyə, cinayət fəaliyyətinə məcbur edilən, satılan, “ağılsız zorakılığa” məruz qalan insan alveri qurbanlarının üçdəbirini uşaqlar təşkil edir. Baş katib bildirib ki, dünyada artan bərabərsizlik və qloballaşma ənənəvi qanunvericilik bazalarına meydan oxuyan, köləliyin yeni formalarını yaradan mürəkkəb insan alveri şəbəkələrini gücləndirib.

Onlayn platformaların uşaqları cinsi istismara və gender əsaslı zorakılığa daha da məruz qoyduğunu vurğulayan Antonio Quterreş bu cinayətlərin fiziki və psixoloji izlərinin yetkinlik yaşına qədər qaldığını, onların gələcəyini və əsas hüquqlarını əlindən aldığını bildirib.

“Uşaqlara qarşı həssas ədalət mexanizmləri də daxil olmaqla, müdafiə reaksiyalarını gücləndirməliyik, maarifləndiriciliyi artırmalı, müşayiət olunmayan uşaqlara dəstək verməliyik. Sağ qalanlara qayğı göstərib, həssas ailələrə kömək etməklə istismara qarşı mübarizə aparmalıyıq”, - deyə Baş katib bildirib.

Nəşr edilib : 23.07.2024 11:26