AZ EN RU

Bir qrup beynəlxalq səyyah Qarabağa və Şərqi Zəngəzura səfər edib

Daha bir beynəlxalq səyyah qrupu Qarabağa və Şərqi Zəngəzura səfər edib.

Səfər dünyaca məşhur MTP (Most traveled People) təşkilatı tərəfindən təşkil olunub.

Turistlər iyulun 25-də Şuşa-Xankəndi-Ağdam marşrutu üzrə hərəkət edəcək, iyulun 26-da Laçına, iyulun 27-də isə Cəbrayıl (Xudafərin körpüsü) və Füzuliyə səfər edəcəklər. Səfər zamanı səyyahlar Ermənistanın işğalı altında olduğu illərdə Qarabağ regionunda baş vermiş dağıntılarla, həmçinin rayonda aparılan bərpa işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyyah Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Səyyah Çarlz Veylinin rəhbərlik etdiyi bu qrupun səfəri sayca 11-ci olacaq.

Nəşr edilib : 25.07.2024 10:18