AZ EN RU

Bir inci saflığı varsa da suda...

Havaların isti keçməsi insanların suya olan tələbatını daha da artırır. Su həyat mənbəyidir. Hər damlasında həyat olan su insan və digər bütün canlıların mühüm həyat ünsürü hesab edilir.

İnsan orqanizminin 50-80 faizini su təşkil edir, amma bu nisbət həyatımızın müxtəlif fiziki inkişaf dövründə fərqli olur. Körpələrdə bu nisbət 75 faizi təşkil edirsə, balacalarda 70 faizi, orta yaşlı insanlarda 60 faizi, qocalarda isə 50 faizdir. İnsan orqanizminin bədən suyunun 20 faizini itirməsi hüceyrələrin məhv olmasına və həyatın durmasına səbəb olur. Mayenin 1 faizinin itirilməsi belə susuzluğun yaranmasına səbəb olur və insan susuz 3-5 gün yaşaya bilir. Uzun müddət su çatışmamazlığı müxtəlif psixi pozğunluqların yaranmasına səbəb olur, sonra əzələ krampları baş verir və orqanlar sıradan çıxmağa başlayır. İnsanın gün ərzində suya olan tələbatı 1.5-2 litrdir və bu miqdar insanların çəkisinə görə dəyişir. Orqanizmdəki artıq su onun çatışmamazlığından heç də az zərərli deyil.

Suyun insan üçün əhəmiyyəti çoxdur. İlk növbədə, həlledici rol oynayır və maddələr mübadiləsinin normal fəaliyyətinin təmin olunması suyun həlledici rolundan asılıdır. Orqanizmdən toksinlərin təmizlənməsi və dərinin nəmləndirilməsi kimi vacib rola malikdir. Daşıyıcı funksiya yerinə yetirir, böyrəklərin işini asanlaşdırır, immun sisteminin qorunmasını yerinə yetirir.

Su qeyri-adi, bərk, maye və qaz hallarında mövcud olan yeganə maddədir. Suyun minerallaşma dərəcəsi onun müalicəvi xüsusiyyətlərini və istifadə üsulunu müəyyən edir. Minerallaşma nə qədər yüksəkdirsə, suyun təsiri bir o qədər yüksəkdir, lakin daha az içilə biləndir. Az mineral sular məhdudiyyətsiz, orta mineral sular – həkim tövsiyəsi ilə, yüksək mineral və çox yüksək mineral sular –yalnız həkim nəzarəti altında və az miqdarda içilməlidir.

Hazırda mineral suyun müxtəlif xəstəliklərin müalicəsində effektivliyini təsdiq edən çoxlu elmi sübutlar mövcuddur. Mineral su orqanizmə kompleks şəkildə fizioloji və biokimyəvi proseslərə təsir göstərir: – turşu-qələvi balansını normallaşdırır, maddələr mübadiləsini sürətləndirir, həzmi yaxşılaşdırır, iltihabı azaldır, immuniteti gücləndirir, toksinləri aradan qaldırmağa kömək edir, qan dövranını yaxşılaşdırır, spazmları və ağrıları aradan qaldırır, sümükləri və dişləri gücləndirir, dərinin və saçın vəziyyətini yaxşılaşdırır.

Mineral suyun insan orqanizmi üçün çox faydalı xüsusiyyətləri vardır. Ancaq hər mineral su bütün növ xəstəliklərin müalicəsi üçün uyğun deyil. Müəyyən bir xəstəliyin müalicəsi üçün mineral suyun tərkibindən, onun temperaturundan və içilmə üsulundan asılı olaraq istifadə edilə bilər. Mineral sudan maksimum fayda əldə etmək üçün onun növünə, tərkibinə, temperaturuna və istehlak üsuluna diqqət yetirmək lazımdır, uyğun mineral suyun seçilməsi üçün bu amillər nəzərə alınmalıdr. Mineral su bütün xəstəliklər üçün əhəmiyyətli deyil, kompleks müalicədə yalnız əlavə bir vasitədir. Mineral su ilə müalicə balneoterapiya adlanır. Balneoterapiya alternativ təbabət üsullarından biri olsa da, effektivliyinə görə həkimlər tərəfindən geniş istifadə olunur. Mineral su təkcə oynaqlar üçün deyil, həm də qığırdaq, sümük və əzələ toxuması üçün faydalıdır.

Mineral su 3-18 ay ərzində 20 dərəcəyə qədər olan temperaturda plastik şüşədə saxlanıla bilər. Açıldıqdan sonra su soyuducuda saxlanılmalı və bir neçə gün ərzində içilməsi lazımdır. ABŞ Qida və Dərman İdarəsi (FDA) su və qida üçün istifadə edilən plastik qablar haqqında araşdırma aparmaqla belə qabların potensial zərərləri haqqında əhaliyə geniş informasiya verildi. Bu məlumatlarda plastik qabların ətraf mühitə zərərli təsiri ilə yanaşı, plastikin əsas komponentlərindən biri olan bisfenol A (C15H16O2) maddəsinin təhlükələri barədə insanlar maarifləndirildi. Sübut edildi ki, qida isidilərsə və ya plastik qablaşdırılmış suların saxlanma qaydalarına riayət edilmədiyi hallarda bisfenol A qidaya keçir və ciddi qida zəhərlənmələrinə, xüsusən də hormonal funksiyaların pozulmasına səbəb olur. Qeyd etməliyik ki, istənilən halda ən güvənlisi şüşə qablarda qablaşdırılmış sulardan istifadə insan sağlamlığı üçün əhəmiyyətli hesab edilir. Artıq inkişaf etmiş Avropa ölkələrində şüşə qablardan istifadə daha çox yayılmışdır.      

Muxtar respublika əhalisinin əksəriyyəti içməli su üçün müxtəlif fabrik və zavodlarda qablaşdırılmış qazlı və qazsız sulardan istifadə edirlər. Bu məqsədlə tərəfimizdən Naxçıvan Muxtar Respublikası ərazisində satışda olan qablaşdırılmış plastik və şüşə qablara doldurulmuş bəzi sulardan nümunələr götürülərək pH-ı, daimi və müvəqqəti codluğu Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsin Mərkəzi Qida Sınaq laboratoriyasında tədqiq edilmişdir. Ca2+ və Mg2+ kationların, digər makro və mikroelementlərin miqdarı araşdırılmışdır.

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Qida Sınaq laboratoriyasında analiz olunmuş 5, 10, 20 litr həcmində plastik qablara qablaşdırılmış qazsız Sirab suyunun ümumi minerallıq dərəcəsi 14 mq/l, Na+, K+-un miqdarı 10 mq/dm3, Mg2+-un miqdarı 3.0 mq/dm3, Ca2+-un miqdarı 6.2 mq/dm3, pH-ı 7.1-dir. 1 litr həcmində plastik qablara qablaşdırılmış qazlı Sirab suyunun isə ümumi minerallaşma dərəcəsi 820 mq/l, Na+, K+-un miqdarı 130 mq/dm3, Mg2+-un miqdarı 45 mq/dm3, Ca2+-un miqdarı 220 mq/dm3, pH-ı 5.99 müəyyən edilmişdir. Tədqiqatçılar tərəfindən aparılan araşdırmalar zamanı aşkar edilmişdir ki, maddələr mübadiləsi pozğunluğu, tənəffüs yolları xəstəlikləri, sidik-ifrazat sistemi xəstəlikləri, mədə-bağırsaq sistemi xəstəlikləri, qaraciyər xəstəlikləri zamanı Sirab suyundan istifadə daha çox məqsədəmüvafiq hesab edilir.

Laboratoriya təhlilləri zamanı aşkar edilmişdir ki, 5, 10, 20litr həcmində qazsız Badamlı suyunun ümumi minerallıq dərəcəsi 41 mq/l, Na+, K+-un miqdarı 13 mq/dm3 Mg2+-un miqdarı 2.8 mq/dm3, Ca2+-un miqdarı 5.7 mq/dm3, pH-ı 7.5-dir. Plastik butulkaya qablaşdırılmış 1 litr həcmində qazlı Badamlı suyunun isə ümumi minerallaşma dərəcəsi 400 mq/l, Na+, K+-un miqdarı 102 mq/dm3, Mg2+-un miqdarı 29 mq/dm3, Ca2+-un miqdarı 83 mq/dm3, pH-ı 5.6-dır. Badamlı suyu hidrokarbonatlı, maqneziumlu, kalsiumlu və natriumlu olub, minerallaşma dərəcəsi 0.7-7.4 q/l arasında dəyişir. pH-ı 7.5-dir. Kalsiumun miqdarı 83 mq/l, maqneziumun miqdarı 45 mq/l-dir. Badamlı suyu həzm sistemi, qaraciyərin bəzi xəstəliklərində, sidik yolları xəstəliklərində istifadəsi məsləhətli hesab edilə bilər.

Plastik qablara qablaşdırılmış qazlı Darıdağ (1 l) mineral suyunun minerallıq dərəcəsi 825 mq/l, Na+, K+-un miqdarı 312 mq/dm3 Mg2+-un miqdarı 52 mq/dm3, Ca2+-un miqdarı 210 mq/dm3, pH-ı 5.80-dir.Darıdağ suyu ürək əzələsinin distrоfiyasına, oynaqağrılarına, maddələr mübadiləsinin pоzğunluğuna və ginekоlоji xəstəliklərə və sair tutulanlar üçün müalicəvi əhəmiyyətə malik mineral su kimi qəbul edilə bilər.

Tədqiqatlar göstərir ki, maqnezium insanlarda ürək xəstəliyi və xərçəng riskinin azalmasına təsir göstərir. Maqnezium orqanizmdə xolesterin səviyyəsini azaldırvə stressi aradan qaldırmağa kömək edir. Əksinə, maqnezium çatışmazlığı bağırsaqlarda bakteriyaların sayının azalmasına və mədə xorası riskinin artmasına gətirib çıxarır. İnsan orqanizminə lazım olan kalsiumun 10-20 faizini içməli sudan alır. Bu elementin çatışmazlığı, eyni zamanda dayaq-hərəkət sisteminin pozulması, dırnaqların kövrəkləşməsi, baş dərisinin incəlməsi, xroniki yorğunluq və sair kimi patoloji hallara gətirib çıxarır.

Apardığımız laboratoriya təhlillərinə əsasən belə nəticəyə gəlmək olar ki, Naxçıvan Muxtar Respublikası ərazisində istehsal olunan qazlaşdırılmış natrium-kalsiumlu Sirab suyundan qastrit problemi olan pasientlərin daim istifadəsi məsləhətdir, lakin Sirab, Badamlı, Darıdağ mineral və süfrə sularının qazlaşdırılmış növlərində turş mühit olduğundan podaqra xəstəliyi olan insanların həmin sulardan istifadəsi məqsədəuyğun hesab edilmir. Eləcə də öd və böyrəyində daş xəstəliyi olan insanların da sağlamlığına ciddi təsir göstərə bilər.

Araşdırma zamanı müəyyən edilmişdir ki, muxtar respublikada istehsal edilən qazsız mineral sularda kalsium və maqnezium ionlarının miqdarı filtirləmə zamanı normadan xeyli aşağı düşür. İnsanlar ev şəraitində mütəmadi içmək üçün 5, 10 və 20 litr həcmində qazsız sulardan istifadə etdikdə orqanizmdə kalsium və maqnezium balansını tənzimləmək üçün gün ərzində 0,5-1,0 litr həcmində minerallığı yüksək qazlaşdırılmış suların da içilməsi tövsiyə olunur. Nəzərə almaq lazımdır ki, gözlənilən ömür uzunluğu ilə qida rasionunda kalsium və maqneziumun ümumi miqdarı arasında birbaşa əlaqə mövcuddur.

Yuxarıdakıları nəzərə alaraq qeyd etmək olar ki, əhali muxtar respublikada satılan mineral sulardan təyinatı üzrə istifadə edərsə təhlükəsizlik baxımından faydalı ola bilər.

Həsən MƏMMƏDOV

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun

İdarə heyətinin sədri

Aynurə QULAMOVA

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun

Elmi araşdırmalar və təlim şöbəsinin mütəxəssisi

Nəşr edilib : 13.08.2024 11:01