AZ EN RU

“Bir igid doğuldu Culfa elində”

Bir igid doğuldu Culfa elində,

Dar gündə düşmənə sinə gərəcək.

Onun sayəsində obalar, ellər,

Firavan yaşayıb, xoş gün görəcək.

 

Bir igid doğuldu Culfa elində,

Vətənin dərdinə şərik olacaq.

Şuşadan, Laçından söhbət düşəndə,

Kövrəlib, gözləri yaşla dolacaq.

 

Bir igid doğuldu Culfa elində,

Gülən gözlərində yaşardı Vətən.

Arzusu şəhidlik, şəhadət olan,

Bayraq sevdalısı, Vətəniylə tən.

 

Bir igid doğuldu Culfa elində,

Xeyir-dua verib, amin dedilər.

Elə  o gündən də ana Vətənə,

Vətən sevdalısı oğul verdilər.

 

Böyüdü, canında can oldu Vətən,

Qisas yanğısıyla ürək çağladı.

Zəfər sədaların güldürdü amma,

Cansız gəlişinə ellər ağladı.

 

Doğular Amintək igid oğullar,

Onuntək mübariz, onuntək mətin.

Yurdunu Amintək sevməyənlərə,

Bu Vətən qoynunda yer verər çətin!

                            Müəllif: Xuraman CƏFƏRLİ

Nəşr edilib : 31.07.2024 10:13