AZ EN RU

Bir əsrlik muxtariyyətin yarıməsrlik bağına səyahət

Naxçıvandakı bu bağa girəndə sanki nağıllar aləminə düşürsən. Yarıməsrlik tarixə malik olan bu bağda yay fəslində, təbiətin yaşıl donunun sehrində al-əlvan gül-çiçəyin ağuşunda “gül-gülü, bülbül-bülbülü səsləyir”. Bu il 50 illik yubileyini qeyd edəcək bu bağ “Botanika bağı” kimi salınıb və indi “Nəbatat” bağı kimi fəaliyyətini davam etdirir.

İllərdir, zəhmət çəkən təbiətsevər əməkdaşların ərsəyə gətirdiyi cənnət güşəsi Nəbatat bağı buraya üz tutanlar ayrı bir ovqata kökləyir. Bitkilərin sirli dünyasında bir xeyli gəzdikdən sonra bizi maraqlandıran sualların cavabını öyrənməyə çalışdıq.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Bioresurslar İnstitutu Nəbatat Bağının şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayevlə həmsöhbət olduq. Müsahibimiz bildirdi ki, Nəbatat bağı Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tərkibində fəaliyyət göstərir. Bu bağ dəniz səviyyəsindən 935 metr hündürlükdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndi yaxınlığında yerləşir.

Öyrəndik ki, Azərbaycan  Elmlər Akademiyasının təşəbbüsü və Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı ilə Naxçıvan Regional Elm Mərkəzində aparılan elmi tədqiqat işlərinin keyfiyyətini və miqyasını genişləndirmək, regionda yayılmış qədimdən becərilən qiymətli meyvə sortlarının genofondunun toplanılması, nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin qorunması, həmçinin Naxçıvan Regional Elm Mərkəzinin tərkibində Nəbatat bağı yaradılıb.

Müstəqillik qazandıqdan sonra Nəbatat bağında yenidənqurma işləri aparılıb, bağın sahəsi artırılaraq buranın şəraitinin yaxşılaşdırılması məqsədilə bir çox işlər görülüb. Hazırda burada tropik, subtropik, ekvatorial, subekvatorial iqlim qurşaqlarına uyğun olan bitki növləri əkilərək nümayiş etdirilir. Hətta onlar üzərində elmi tədqiqat işləri aparılaraq muxtar respublikamızın iqliminə uyğunlaşan növlərin yaşıllaşdırma işlərində və dekorativ bağçılıqda istifadəsinə imkan yaradılır.

Bağın nadir bitkilər kolleksiyası sahəsində Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın Qırmızı Kitabına daxil edilən 43 geofit bitki əkilib-becərilir.

Bura ziyarət üçün gələnlər olurmu? – sualımıza müsahibimiz cavab olaraq bildirdi ki, muxtar respublika sakinləri, eləcə də Naxçıvana gələn qonaqlar burada maraqlı bir gün keçirirlər. Buradakı bitkilər haqqında verilən məlumatlar buranı ziyarət edən hər kəsin marağına səbəb olur.

Həmsöhbətim qeyd etdi ki, istər meyvə, istərsə də dekorativ ağacları və gül kollarını hər kəs gəlib buradan ala bilər. Çünki burada həm də becərilən bitkilərin satışı təşkil olunur.

Teyyub müəllim söhbətimiz zamanı onu da vurğuladı ki, Nəbatat bağı həm də meyvə genefondudur. Muxtar respublikada nə qədər alma, heyva, ərik və başqa sortlar varsa, hərəsindən bir neçə nümunə gətirib buraya əkmişik: “Onlar üzərində həm tədqiqat aparılır, həm də hansı yaxşıdır, xəstəliyə və soyuğa davamlığı burada öyrənilir, hansı daha yaxşı effekt verirsə, onlar artırılaraq satışa çıxarırıq. Burada gördüyünüz hər şey tədqiqata cəlb olunub”.

İxtisasca coğrafiya-biologiya müəllimi olan Teyyub Paşayev Naxçıvan Dövlət Universitetində 5 il coğrafiya kafedrasında müəllim kimi fəaliyyət göstərib. Deyir ki,  bu sahəyə tələbələrin də marağı böyükdür: “Davamlı olaraq Naxçıvan Dövlət Universitetinin müəllim-tələbə heyəti buraya gəlirlər. Bu gün tələbələrin burada olması, bitki aləmini yaxından tanıması, onlara ən gözəl əyani vəsaitdir. Müsahibimiz söhbət əsnasında onu da bildirdi ki, bu il COP29-la bağlı Nəbatat bağında bir neçə tədbir həyata keçirmişik. İstər muxtar respublikanın rayonları, istərsə də tədbir keçirmək istəyən təşkilatlar bu məkandan istifadə edirlər. Hətta biz burada Naxçıvan Dövlət Universiteti ilə birgə Bioresurslar İnstitutu “Yaşıl dünya naminə” adlı böyük bir tədbir təşkil etdik”.

“Burada bizim əsas işimiz təbiəti mühafizə edib, reinturadiksiya prosesi ilə məhv olan bitkini növlərini burada artırıb, aparıb yenidən həmin əraziyə əkirik”, – deyən Teyyub müəllim diqqətimizə çatdırdı ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbiii Sərvətlər Nazirliyi ilə birgə bir çox yaylaqlarımızda xeyli sayda ağac və bitkilər əkilib: – Bir çox meşə ağacları var ki, onların toxumlarından istifadə edərək Batabat yaylağında yetişdiririk. Bunla reinturadiksiya olunur, yəni qeyd etdiyimiz kimi yenidən yerinə əkib artımını və kökünün kəsilməməsini təmin edirik. Yaşıllaşdırma birbaşa oksigen deməkdir. Bizim bütün əmək fəaliyyətimiz yaşıllaşdırma, təbiəti qorumaqla bağlıdır.

Burada meyvələrlə bağlı genefondla yanaşı, üzümçülüklə bağlı genefond bağı da mövcuddur və üzümlərin də tədqiqatı aparılır: “Hətta bizim taxıl genefondumuz da var. Bura 700-dən çox taxıl sortu gətirilib ki, onlardan yeni hibridlər alınır. Məsələn, biz bir dənə arpa, bir dənə də noxud sortu əldə etmişik. Yəni “Qaraca 85” noxud sortu elə indi də əkilib, yığılıb və döyülərək hazırlanacaq. Burada elmi tədqiqat, yeni bitki sortları yaratmaqla da məşğuluq, bizim bunun üçün də ayrıca şöbəmiz də var. Buradan da əldə olunan sortlar toplanaraq sort sınağına, Azərbaycanın üç regionuna göndərilir. Oraya göndərilən bitkilər yenidən orada əkilib-becərilir. Əgər yüksək effekt verirsə, o artıq qəbul olunur. Bu isə çox böyük bir işdir. Çünki bir intitutun sort verməsi çox böyük göstəricidir”.

Flora və fauna aləmi ilə Qafqaz coğrafiyasında özünəməxsus yer tutan Naxçıvanımızın hər daşı-qayası qədər, onlara ecazkar gözəlliklər bəxş edən, yurdumuzun təbiətinə rəng qatan endemik bitkilərin, gül-çiçəklərin, ağacların rolu da əvəzolunmazdır. Onların xüsusi qayğı və nəvazişlə yetişdirilməsi, o cümlədən baxılması, böyüdülməsi isə böyük səbir və məsuliyyət tələb edir. Bunu muxtar respublikamızda yaradılmış Nəbatat bağının hər guşəsində və onun fədakar işçilərinin timsalında bir daha gördük...

Aidə İBRAHİMOVA  

Nəşr edilib : 01.08.2024 10:23