AZ EN RU

Bilmirəm…

Necə başlayacağımı bilmirəm, nədən yazım, nə deyim, necə deyim, bilmirəm...

Bəzən sıxılanda, üzümüzdə hər zaman parıldayan təbəssümümüz sönəndə “Nə olub?” – deyə soruşulanda uzaqlara “heç nə”, yaxınlara “bilmirəm” deyirik. Ən yaxınlarımıza belə deyə bilmədiyimiz, səmimi desəm, özümüzün belə bilmədiyimiz o hisslərimiz bizi uçuq daxmalarda özünə yer tapa bilməyən bayquş, böyük dəryalarda sıxılan balıq, səhralarda bir başına qalan dəvə kimi edir. Əslində, düşdüyümüz vəziyyətdən çıxmağın yolunu hamıdan yaxşı özümüzün bildiyini də bilmirik. Başqalarından mədət ummaq, əl açmaq, ağız açmaq nədənsə xoşumuza gəlir, ya da “dinc başım” deyib məsələmizi “kiminsə məsələsi” etməyi yaxşı bacarırıq. Düşünürük, fikirləşirik, yanırıq, həm içimiz, həm də beynimiz yanır. Nədir axı bu fikirlər, sonsuz düşüncələr, tapılmaz məntiqlər?

Bilmirəm… Mən bunu da bilmirəm, ancaq düşündüyüm məsələlərin nə qədərinə çatmışam, məntiqi bir uyğunluq tapmışam bunu da bilmirəm, onu bilirəm ki, həyat möcüzələr və qəsdənlərlə dolu bir ssenaridir. Bəzən adi bir söz həyatımızı dəyişir, yaxşı, ya da pis mənada ancaq dəyişir.

Belə bir sözə inanıram.

“Həyat bir gün içində səni ən sevdiyindən ayırar, bir dəqiqə içində sakit bir qucaqlaşma ilə barışdırar”.

Bu sözün doğruluğuna çox inanıram, ancaq düzgün tərəfi tapmaq və düzgün məntiqi əsasa dayanmaq lazımdır. Söhbət sevgi də ola bilər, dostluq da, ailə münasibəti də və sair. Görəsən, seçdiyimiz və ya seçildiyimiz həyatda bizi daha nələr gözləyir ?

Həyatda 2 şeyi heç vaxt bilməyəcəyik:

Öldüyümüz vaxtı,

Ruzimizin haradan gəldiyini.

Məsələn, kimisi tufanlar içində gəmi idarə edib pul qazanır, kimisi kabinetdə oturaraq, kimisi də istidə daş ataraq qazanır, ancaq hər üçü bir-birinin necə qazandığını bilmir və hiss etmir.

Möcüzəvi şəkildə həyatı dəyişənlər üçün ömürboyu xatırlayacağı möcüzə qalır, bilmir haradan olduğunu, necə olduğunu, sadəcə “möcüzə” deyir.

“Titanikdə olan balıqlar üçün Titanikin batması da möcüzə idi, məsələn”.

Bir də həyat ssenarimiz var bizim, bilmədiyimiz, rejissor tərəfindən idarəolunan ancaq rolunu özün seçdiyin ssenarinin baş rolusan.

Yaşadıqlarımız alın yazımız deyil deyirəm mən, yaşadıqlarımızın xəritəsini özümüz, ölçüsünü isə Allah bizə bəxş edir. Onun içini mavi sularla, yaşıl meşələrlə və gözəl həyatla doldurmaq da, xarabalıqla, səhralarla doldurmaq da öz əlimizdədir. Xəritəmizi yaradanda yaşamağı üstün tutaq və bəşəriyyətin tərk edilmiş tərəfindən qaçaq. Axı xəritəmizi özümüz qururuq.

Bilmədiklərimizə rəğmən, həyata rəğmən, acılara, kədərə, insanlara və sizi sevməyənlərə rəğmən yaşıl və çiçək kimi həyat yaşayaq, uşaqları sevək, qocaları, anaları, ataları, baba və nənələri, hətta çiçəksiz bitən yaşıllıqları belə sevək…

Sevdiklərinizi qoruyun, tutun əllərindən, səbəbsizcə, bilməyərək. Çünki biz bu həyatda heç nəyi “bilmirik”.

Əli YARIYEV

Nəşr edilib : 17.07.2024 15:09