AZ EN RU

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç: “Naxçıvanda mötəbər yarışın təşkilatçılığı çox yüksək səviyyədədir”

16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimində iştirak edən Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç yarış barədə fikirlərini bildirib:

   “Gözəl məkan olan Naxçıvana ilk dəfə səfər etmək çox xoşdur. 19 il əvvəl 2003-cü ildə atam da Naxçıvanda olub və burada keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatının baş hakimi olub. Bu müddət ərzində bu diyarda geniş infrastruktur yaradılıb, şahmat mərkəzləri, məktəbləri tikilib. Naxçıvanda mötəbər yarışlar təşkil olunur, bunlar ölkə əhəmiyyətli və beynəlxalq yarışlardır. Bu gün də 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası keçirilir. Qeyd edim ki, təşkilatçılıq çox yüksək səviyyədədir. Hiss olunur ki, muxtar respublika rəhbəri bu məsələyə çox ciddi yanaşıb, olimpiadanın təşkilinə böyük məbləğdə vəsait ayrılıb. Təbii ki, bu işdə Azərbaycan Gənclər və İdman Nazirliyinin də dəstəyi var. Qeyd edim ki, ümummilli lider Heydər Əliyev və hazırda Prezident cənab İlham Əliyev şahmatın inkişafına diqqətlə yanaşır. Azərbaycanda istedadlı şahmatçılar və təşkilatçılar çoxluq təşkil edir. Olimpiadanın təşkilatçılığıdan xeyli razıyıq. Biz indiyədək görülən işlər və gələcəkdə keçiriləcək yarışlar barədə söhbət apardıq. Gələn il görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi keçiriləcək və biz də şahmat tədbirlərini həmin əlamətdar tarixə həsr edəcəyik. Naxçıvandakı təşkilatçılarla da bu barədə söhbət aparacağıq. Bu, çox yaxşı hadisədir, çünki elə ölkələr var ki, orada heç vaxt beynəlxalq yarışlar təşkil olunmayıb. Azərbaycanda isə il ərzində 2-3 turnir keçirilir. Turnirlər həm qadın, həm də kişilər arasında təşkil olunur. Belə halda şahmatın inkişafı artır, ölkəyə qonaqlar cəlb olunur. Azərbaycan şahmat üzrə güclü ölkələr arasında 6-cı pillədə qərarlaşır. Ümid edirəm bu cür də davam edəcək”.       

Nəşr edilib : 03.10.2022 14:46