AZ EN RU

Bəstəkar Nazim Quliyev: “Qarabağ şikəstəsi” var, “İrəvan şikəstəsi” də var, nə üçün “Naxçıvan şikəstəsi” olmasın…

…Müsahibə üçün onunla görüşmək istədiyimizi biləndə çox şad oldu. Şahbuz rayonunun Kükü kəndində yaşadığı evin ünvanını söylədi və bir də onu soruşdu ki, siz təqribən neçə saata burada olacaqsınız? Sualına “təxminən, yarım saata” cavabını verdikdən sonra sağollaşdıq. Biz də – qəzetimizin fotoqrafı Zülfüqar Qurbanov və mən bu kiçik tanışlıqdan sonra Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar, pedaqoq Nazim Quliyevlə görüşmək üçün üz tutduq Kükü kəndinə…

Nazim müəllimin yaradıcılıq manerası, şəxsi keyfiyyətləri, nümunəvi pedaqoq kimi elmi, biliyi onun müasiri olan bir çox naxçıvanlılara yaxşı tanışdır. Hazırda paytaxt Bakı şəhərində yaşasa da, onun şagirdlik çağları, gənclik illəri doğulub boya-başa çatdığı Naxçıvanla bağlı olmuşdur. O bu yurdun sayılıb-seçilən ziyalılarından dərs almış, burada yetişmiş və incəsənət aləminə gedən yola buradan ayaq açmışdır. Bəs kimdir Nazim Quliyev? Gəlin ilk əvvəl ömrünün 74-cü baharını yaşayan müsahibimizlə yaxından tanış olaq:

Nazim Paşa oğlu Quliyev 1950-ci il sentyabr ayının 20-də Naxçıvan şəhərində müəllim ailəsində anadan olub. İlk musiqi təhsilini ovaxtkı Naxçıvan Pioner və Məktəblilər Evinin tar dərnəyində alan Nazim müəllimin ustadı dövrünün sayılıb-seçilən pedaqoqu, istedadlı tarzən Səfər Rəcəbli olub.

Sonra Naxçıvan şəhər 1 saylı musiqi məktəbinin tar sinfinə daxil olub. Burada o, görkəmli müəllimlər-Sahib Axundov, Rəşid Məmmədov və Vahid Axundovdan dərs alıb. O illərdə gənc musiqiçi, həm də Naxçıvan Pioner və Məktəblilər Evinin “Əlvan çiçəklər” Mahnı və Rəqs Ansamblının konsertmeysteri kimi fəaliyyət göstərir. Musiqiyə olan sonsuz həvəsi və bağlılığı, hətta atasının etirazına baxmayaraq, onu arzularının dalınca getməkdən çəkindirmir. Nazim Quliyevin atası Paşa Quliyev tarixçi olduğundan və tarix üzrə görkəmli alimlər yetişdirdiyindən oğlunu musiqiçi kimi yox, tarixçi kimi görmək istəyirdi. Lakin buna baxmayaraq, Nazim Quliyev 1968-ci ildə xəyallarının ardınca, çiynində ömür sirdaşı olan tarı ilə birgə o zamana qədər ona yad olan böyük şəhərə – Bakıya gəlir. Azərbaycan Teatr İnstitutunun yataqxanasında qalaraq imtahanlara hazırlaşır (burada o, 9 il yaşayır). Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin Xalq çalğı alətləri şöbəsinin tar sinfinə daxil olur. Bu musiqi ocağında bir sıra adlı-sanlı müəllimlər, gözəl muğam bilicilərindən dərs alır. 1971-ci ildə Nazim Quliyev əməyinin ilk uğurunu qazanaraq, Bakı şəhərində keçirilən “Oxu, tar” müsabiqəsinə təqdim etdiyi “And içmə” mahnısına görə birinci dərəcəli diploma layiq görülür. Həmin mahnı bir müddət sonra münsiflər heyətinin üzvü, Xalq artisti İslam Rzayevin ifasında SSRİ Dövlət Səsyazma Evində lentə alınır. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mahnı və Rəqs Ansamblında tarzən kimi işləməyə başlayan Nazim Quliyev elə o illərdə təyinatla Ordubad şəhər uşaq musiqi məktəbinə müəllim göndərilir. Bir qədər sonra Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində musiqi redaktoru vəzifəsində işləməyə başlayır. Nazim Quliyevin təşəbbüsü və təşkilatçılığı sayəsində 1978-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan təşkilatı yaradılır. Onun təşəbbüsü ilə Naxçıvanda musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan tarzən, pedaqoq Səfər Rəcəblinin adı Naxçıvan şəhər 3 saylı uşaq musiqi məktəbinə, bəstəkar, pedaqoq Məmməd Məmmədovun adı Naxçıvan şəhər 1 saylı uşaq musiqi məktəbinə verilir.

Nazim Quliyevin professional musiqiçi olmaq xəyalı onu 1978-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır. Bu ali musiqi təhsili ocağında görkəmli pedaqoq, bəstəkar, Xalq artisti, professor Səid Rüstəmovun sinfində oxumaqla yanaşı, bəstəkar Afaq Cəfərovadan bəstəkarlıq dərsləri də alır. Yaradıcılıq fəaliyyətini davam etdirərək bu illərdə fortepiano üçün yazdığı “6 miniatür”, “9 prelüd”, “Variasiyalar”, “Nəqşi-cahan” süitası, Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş “Səninlə”, Məmməd Arazın sözlərinə “Dağlar küsüb” romanslarını, Molla Pənah Vaqifin sözlərinə “Adını demərəm”, Aşıq Ələsgərin sözlərinə “Çərşənbə günündə”, A.Qasımovun sözlərinə “Ordubad bağları” və bir sıra mahnılar, kamera-instrumental əsərlər onu məşhurlaşdırır.

Konservatoriyanı bitirdikdən sonra təyinatla Naxçıvan Orta İxtisas Musiqi Məktəbində müəllim işləyir, eyni zamanda bu illərdə yeni yaradılmış Naxçıvan Dövlət Filarmoniyasının ilk bədii rəhbəri təyin olunur. 1987-ci ildə Nazim Quliyevin təşəbbüsü ilə Naxçıvan Xalq Konservatoriyası yaradılır və o, Konservatoriyanın rektoru təyin olunur. 1988-ci ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda Musiqi və təsviri incəsənət kafedrası yaradılır və Nazim Quliyev kafedra müdiri seçilir. 1998-ci ildə o, Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan Təşkilatının sədri vəzifəsinə təyin edilir. Bu illər Nazim Quliyev Naxçıvan Dövlət Universitetində Konservatoriya ixtisaslarının yaradılması üçün bazanın yaradılmasına nail olur. 1998-ci ildə onun təşəbbüsü və fəaliyyəti sayəsində Naxçıvan Dövlət Universitetinin qəbul planına Konservatoriya ixtisasları daxil edilir və universitetdə Konservatoriya ixtisasları üzrə kafedra yaradılır.

Nazim Quliyev Bakı şəhərinə köçdüyündən Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının direktor müavini, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru vəzifələrində çalışır. 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunub. 2004-2006-cı tədris illərində Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının direktoru vəzifəsində çalışıb. Hazırda həmin gimnaziyanın müəllimidir. Nazim Quliyev 200-dən artıq iri və kiçikhəcmli əsərlərin müəllifidir. 

…Enişli-yoxuşlu, dolanbac kənd yolları, nəhayət, bizi Kükü kəndinə, Nazim müəllimin hazırda yaşadığı evə çatdırır. Avtomobildən enən kimi məni müsahibimiz qarşılayır, ziyalı adına yaraşan nəvaziş və mehribanlıqla, bir o qədər də səmimiyyət və qonaqpərvərliklə bizi həyətə dəvət edir. Hal-əhval tuturuq:

– Naxçıvana müvəqqəti gəlmişəm. Yay tətili bitənə qədər buradayam. Siz keçin çardağın altında əyləşin, mən də samovara baxım ki, sönməsin. Bu saat gəlirəm…

Çox keçmir ki, Nazim müəllim əlləri dolu çardağa yaxınlaşır; ətirli samovar çayları süzülüb masaya düzülür. Müsahibimizə ilk sualımızı ünvanlayırıq:

Nazim müəllim, tərcümeyi-halınızla tanış olanda görürük ki, ömrünüzü tamamilə sənətə həsr etmisiniz. Atanız tarixçi olub və sizin bu sənətə gəlməyinizi istəməyib…

Bəli, atam dövrünün savadlı tarixçisi idi. Naxçıvan İkiillik Müəllimlər İnstitutunda tarix müəllimi işləyirdi. Onun adlı-sanlı yetirmələri var; burada da, paytaxt Bakıda da. Atam ömrünü tarixə, bir sözlə, elmə həsr etdiyi üçün mənim də onun ardınca getməyimi istəyirdi. Ancaq mən qərarımdan dönmədim, sənəti seçdim. Çünki uşaqlıqdan bu peşəyə marağım var idi. Yaxşı xatırlayıram; hələ 13 yaşım olanda babam gilin yaxın qonşusu var idi: Aydın Məmmədov. Çox istedadlı, savadlı, işini bilən tarzən idi. Mən tarın necə ifa olunduğunu ilk dəfə Aydından görüb-götürmüşdüm. Sonra elə oldu ki, o məni Pioner və Məktəblilər Evinə, öz ustadı Səfər Rəcəbli ilə tanış etməyə apardı. Qeyd edim ki, Səfər müəllim Naxçıvanda yetişmiş bir çox sənətçilərin, tar ifaçılarının müəllimi olub. Şagirdlərinin sırasında Xalq artistləri, görkəmli bəstəkarlar Nəriman Məmmədov və Ramiz Mirişli də var. Səfər müəllim iki yaşından dünya işığına həsrət qalsa da, bu onun sənətinə mane ola bilməmişdi. Allah ona fitri istedad vermişdi. Hər dəfə adı çəkiləndə bütün şagirdləri kimi, mən də onu rəhmətlə anıram. Bax, beləcə, Aydın Məmmədovun vasitəçiliyi, Səfər Rəcəblinin ustadlığı ilə mənim tarla ilk tanışlığım başladı.

Sənətdə ilk addımınızı Naxçıvan Pioner və Məktəblilər Evinin “Əlvan çiçəklər” Mahnı və Rəqs Ansamblının konsertmeysteri kimi fəaliyyət göstərməyə başlamaqla atmısınız…

– Elədir. 60-cı illərdə, Naxçıvanda fəaliyyət göstərən və yaradıcısı bəstəkar Məmməd Məmmədov olan “Əlvan çiçəklər” Mahnı və Rəqs Ansamblı o zamanlar tez-tez yaddaqalan çıxışlar edirdi. İnsanlar böyük maraqla qarşılayırdılar. Hətta ansambl Bakı şəhərində keçirilən bir çox olimpiadaların qalibi olub. Yaxşı xatırlayıram ki, biz o illərdə fəaliyyət göstərən pioner düşərgəsinə dəvət olunduq. Düşərgədə o qədər gözəl, sanballı çıxışlar etdik ki, SSRİ Kanada kino işçiləri “Əlvan çiçəklər” ansamblı haqqında sənədli film hazırladı. Komandamız çox istedadlı, hazırlıqlı gənclərlə dolu idi.

Nazim müəllim, Naxçıvan Muxtar Respublikasında ali təhsil üçün ilk Musiqi və təsviri incəsənət kafedrasının yaranmasında da xidmətlər göstərmisiniz. İstərdim, bu barədə danışasınız.

Deməli, 1988-ci ildə mən ilk dəfə Naxçıvan Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universiteti) Musiqi və təsviri incəsənət kafedrasının yaradılması təşəbbüsünü irəli sürdüm. Çünki o zamana qədər Naxçıvanda musiqi təhsili üzrə alitəhsilli kadrlar hazırlanmırdı, yəni baza yox idi. Bu sahədə böyük boşluq var idi. Fikrimi ilk dəfə o illərdə Azərbaycan Respublikasının təhsil naziri Lidiya Rəsulovaya və Azərbaycan Milli Elmlər Akademiyasının ozamankı prezidenti Fərəməz Maqsudova söylədim. Fərəməz müəllim bu ideyanı məmnuniyyətlə qəbul etdi. Eynilə Lidiya xanım da fikrimi bəyəndi və belə bir təklif irəli sürdü ki, ali təhsil ocağında yaradılacaq yeni kafedraya qəbul növbəti ilin planına əlavə olunsun. Biz də bununla razılaşdıq və növbəti ildən, yəni 1989-cu ildən etibarən ali təhsil ocağında bu sahə üzrə kadr hazırlığı həyata keçirildi. Bu hadisədən bir il əvvəl – 1987-ci ildə mənim təşəbbüsümlə Naxçıvan Xalq Konservatoriyası yaradıldı və məni yeni yaradılan qurumun rektoru təyin etdilər. Hər iki layihənin həyata keçməsində Fərəməz müəllimin və Lidiya xanımın böyük zəhməti olub, bunu inkar edə bilmərəm. Hətta illər əvvəl mən Bakıda, Sahil Parkında təsadüfən Lidiya xanımı gördüm. Görüşüb hal-əhval tutum. Çox ağır xəstə idi. Xaricdə müalicə alırdı. Görüşdə fürsətdən istifadə edib ona təşəkkür etdim. Dedim ki, Lidiya xanım, bu gün Naxçıvanda alitəhsilli musiqişünasların yetişməsində sizin də zəhmətiniz var. O qədər sevinmişdi, xoşbəxt olmuşdu ki...

Naxçıvanda ilk dəfə Bəstəkarlar İttifaqı yaradılır. Bu layihənin təklifini də siz verirsiniz…

– Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan Təşkilatının yaranması 1978-ci ilə təsadüf etdi. Mən təşkilatın yaranması barədə fikrimi ilk dəfə şəxsi görüşümüz zamanı o illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri olmuş Vahid Bağırova söyləmişdim. Demişdim ki, Vahid müəllim, Naxçıvanda Rəssamlar İttifaqını yaratmısınız, Yazıçılar İttifaqının da burada bölməsi var. Nə üçün Bəstəkarlar İttifaqı yoxdur? Vahid müəllim bir qədər fikirləşəndən sonra mənim sözlərimlə razılaşdı. Dedi ki, sən çox düzgün qənaətə gəlmisən. Naxçıvanda bu sahədə fəaliyyət göstərən bəstəkarları bir yerə toplamaq lazımdır. Bu istiqamətə ilk addımı sən atmısan, yaxşı olar ki, kollektivi də bir araya sən yığasan. Əvvəlcə nə qədər bəstəkarımız varsa, adlarını yaz və nazirliyə təqdim et. Vahid müəllimin tapşırığından sonra işə başladım. Naxçıvanda nə qədər bəstəkar vardısa, hamısının adını bir siyahıya yazdım. Yadımdadır ki, cəmi 12 nəfər idi. Əslində, 12 nəfər deyildi, cəmi 4-5 nəfər bəstəkar var idi. Sadəcə, ittifaqın açılması üçün siyahıda çox adamın olması şərt idi. Bir-iki mahnı yazan ziyalıları belə siyahıya saldım. Tək məqsədim Naxçıvanda Bəstəkarlar İttifaqının yaradılması idi…

Bundan sonra ittifaq yaradıldı, yoxsa…

Xeyr. Bir az əvvəl danışdığım hadisənin üzərindən cəmi 1 ay keçmişdi ki, Vahid Bağırovu Vilayət Partiya Komitəsinin katibi təyin etdilər. Mən bu təyinatdan sonra da Vahid müəllimlə görüşdüm və ittifaqın yaradılması işinin tezləşdirilməsini xahiş etdim. Vahid müəllim dedi ki, Nazim, sən bəstəkarlarla bir yerdə gözəl bir orkestr yarat, sanballı konsert proqramı təşkil et; Bakıdan da Rauf Hacıyevi dəvət edək gəlib baxsınlar, uyğun bilsələr, razı olsalar ittifaq yaradılacaq. Mən bu tapşırıqdan sonra yenə işə başladım. Vahid Bağırovun dediyi kimi, orkestr yaradıldı və bir müddət sonra Rauf Hacıyev Naxçıvana gəldi. Konsert proqramına baxandan sonra dedi ki, burada ittifaqın açılması mümkündür, yaxşı baza var. Biz çox sevindik, şad olduq. Çünki çəkdiyimiz zəhmət bəhrəsini verirdi. Ancaq Rauf Hacıyevi Bakı-Noraşen qatarı ilə yola salanda mənə dedi ki, Nazim müəllim, mən burada – Naxçıvanda Bəstəkarlar İttifaqının açılmasına müsbət rəy verirəm. Ancaq məsələ bizlik deyil, mütləq Moskvaya müraciət edilməlidir. Müraciətə cavab veriləndən sonra məsələ həll oluna bilər.

Müraciət etdiniz? Nə cavab verdilər sizə?

– Bu hadisənin üzərindən iki il keçdi. Hələ də ittifaqın yaradılması məsələsinə baxılmırdı. İş o yerə çatdı ki, mən birbaşa Ulu Öndər Heydər Əliyevə teleqram göndərdim. O illərdə xalqımızın böyük oğlu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idi, belə işlərə yüksək həssaslıqla yanaşırdı. Teleqram vurandan cəmi 10 gün keçməmişdi ki, Bakıdan görkəmli incəsənət xadimləri Naxçıvana gəldilər. Sırf o məsələni, yəni muxtar respublikada Bəstəkarlar İttifaqının açılması məsələsini həll etmək üçün…

– Bizim görkəmli Xalq artistlərimiz – Tofiq Quliyev, Ramiz Mirişli, Yaşar Səfərov və Ramiz Zöhrabov. Onlar Naxçıvana gəldikdən və bu məsələyə qol qoyduqdan sonra ittifaq açıldı. Təəssüf ki, mən onda Naxçıvanda deyildim, Bakıda idim. Orada ali təhsil alırdım. Lakin buna baxmayaraq, onlar məni yeni açılan ittifaqa sədr təyin etmişdilər. Cəmi 2 ay Naxçıvana qayıdıb işləyə bildim, ondan sonra doğma məmləkətlə əlaqəm kəsildi…

Nazim müəllim, Naxçıvandan nə üçün getdiniz? Bir halda ki, burada sizin bir incəsənət xadimi kimi nüfuzunuz formalaşmışdı? Getməyiniz düzgün qərar idimi?!

– Mən bu suala cavab vermək istəmirəm. Məni düzgün başa düşün. Təbii ki, səbəblər var, heç nə birdən-birə, necə deyərlər, səbəbsiz baş vermir ki. Ancaq bu sualınızın cavabı yaxşı olar ki, elə məndə qalsın...

Ziyalı sözünə hər zaman hörmətimiz var, Nazim müəllim. Onda sizə belə bir sual verim: yazıçı da, şair, rəssam da real həyatdan görüb-götürdüklərindən ilhamlanır. Misal üçün təbiət, insan taleyi, insan gözəlliyi…bunların hər biri onları yaradıcılığa sövq edir, ilham verir. Bəs siz nədən ilhamlanırsınız?

Mən daha çox maraqlı, ürəyə yatan şeirlərdən, poemalardan ilham alıram. Şeiri oxuyuram. Əgər o şeir gözəl yazılıbsa, ürəyə yatımlıdırsa, ona bəstə edirəm. Azərbaycan şairlərindən daha çox Bəxtiyar Vahabzadəyə, Hüseyn Arifə, Məmməd Araza, o cümlədən Hüseyn Cavidə, Mikayıl Müşfiqə, Molla Pənah Vaqifə istinad etmişəm, adını çəkdiyim əbədiyaşar simaların şeirləri yaradıcılığımda mühüm yer tutub. Dünya klassiklərindən isə Şekspirin sonetlərindən daha çox bəhrələnmişəm. Naxçıvanlı ziyalılarımızdan da mərhum Elbəyi Maqsudovun şeirinə əsasən “Nəqşi-cahan” mahnısını yaratmışam…

Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Məmməd Araz…Adlarını çəkdiyim şairlər sizin müasirləriniz idi. Heç xəbərləri olurdumu ki, siz onların şeirlərinə mahnı və romanslar yaratmısınız?

Xeyr, çox təəssüflər olsun ki, onların heç birinin bundan xəbəri yox idi. Hətta Məmməd Araz mənim yerlim olsa da, onunla görüşə bilməmişəm. Tale bizi bir araya gətirməyib. Bəxtiyar Vahabzadə də, Hüseyn Arif də elə onun kimi…

– Hazırda üzərində işlədiyim əsərim yoxdur. Ancaq bu son zaman ərzində "Xocalı" operasını və "Nəqşi-cahan" baletini tamamlamışam. Bununla yanaşı, yaradıcılığıma sözləri Musa Uruda aid olan “İrəvan şikəstəsi”ni, sözləri Mirhəmzə Nigariyə aid olan “Laçın şikəstəsi”ni, o cümlədən sözləri Nazim Quliyeva aid olan “Xocalı şikəstəsi”ni və son olaraq ən sevdiyim, mənə doğma olan, sözləri Bəxtiyar Əsgərova məxsus “Naxçıvan şikəstəsi”ni misal çəkə bilərəm. Onu da qeyd edim ki, “Naxçıvan şikəstəsi” əsəri mənim 50 illik yaradıcılığımda ən layiqli, gözəl əsərlərdən biridir. Hər zaman o əsəri xatırlayanda deyirəm ki, “Qarabağ şikəstəsi” var, “Bakı şikəstəsi” də var, nə üçün “Naxçıvan şikəstəsi” olmasın…

Nazim müəllim, söhbətimizin sonuna gəldik. Bir daha sizi Naxçıvanda görməkdən çox şad olduğumuzu dilə gətirir, səmimi qonaqpərvərliyə görə sizə təşəkkür edir, gözəl müsahibəyə görə çox sağ olun deyirik.

– Mən də sizə təşəkkür edirəm. Çox sağ olun ki, xatırlamısınız…

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 25.07.2024 12:34