AZ EN RU

Baş katib: TDT regional sülh üçün digər dövlətlərlə də əməkdaşlıq edir

Türk Dövlətləri Təşkilatı (TDT) regional sülh üçün digər dövlətlərlə də əməkdaşlıq edir.

Bunu TDT-nin Baş katibi Kubanıçbek Ömuraliyev “The Astana Times” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, qurum daxilində əməkdaşlıq 30 müxtəlif sahəni əhatə edir: “Qardaş ölkələrimizi ortaq dil, mədəniyyət, adət-ənənə və tarix birləşdirir. Türk dövlətlərinin rəhbərləri 1990-cı illərdə müstəqilliyin əldə edildiyi ilk günlərdən əməkdaşlığı inkişaf etdirirlər. Təşkilatımızın əsas prioritetləri dövlət başçıları tərəfindən imzalanmış Naxçıvan sazişində öz əksini tapıb. Prioritetlərə tərəflər arasında etimadın möhkəmləndirilməsi, regionda və onun hüdudlarından kənarda sülhün qorunması, xarici siyasət məsələlərində ümumi mövqelərin təşviq edilməsi, beynəlxalq terrorizm, separatizm, ekstremizm və transsərhəd cinayətlərlə mübarizə üzrə fəaliyyətlərin əlaqələndirilməsi, bütün sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi daxildir”.

K.Ömüraliyev bildirib ki, son on ildə üzv dövlətlər ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırıblar: “Biz əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetirməyə davam edəcəyik. Əsas prioritetlərdən biri regionda ticarət və investisiyalar üçün yeni imkanlar yaratmaqdır. TDT mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməyə sadiqdir. Biz həmçinin ortaq irsimizi qeyd etmək və qorumaq üçün xüsusilə gənclər arasında festivallar, sərgilər və maarifləndirici proqramlar həyata keçiririk. TDT kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və innovasiya kimi sahələrdə əməkdaşlığı genişləndirmək üçün rəqəmsal platformalardan və texnologiyadan istifadə etməyi planlaşdırır”.

Nəşr edilib : 02.08.2024 10:15