AZ EN RU

Balaca ürəklərin böyük xəyalları

Yurdumuzda bir təhsil ocağı var ki, orada körpələrin qaranlıq dünyasına elm və təhsillə işıq salan müəllimlər çalışır. Bu təhsil ocağında oxuyan körpələrin öz dünyası var. Əksər insan, bəlkə də, Naxçıvan şəhərində  Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin olduğundan xəbərsizdir. Onların əzmkarlığı insanı etmək istədiyi, amma tənbəllik etdiyi işlər üçün daha da ruhlandırır. Qaranlıqlar içərisində elmlə məşğul olmaq üçün heç bir maneənin olmadığını bizə göstərən balacaları görmək, həqiqətən, qəribə hissdir. Bu məktəb, adından da göründüyü kimi, ibtidai məktəb olduğu üçün yalnız    4-cü sinfə qədər təhsil verə bilər. Qalan təhsil müddətini davam etdirmək üçün uşaqlar Bakı şəhərində yerləşən internat məktəbə getməlidirlər. 
İlk baxışdan bu proses asan gələ bilər, lakin bu asanlıq yalnız valideynləri tərəfindən internat məktəbə getməyinə icazə verilən uşaqlar üçündür. Əksər valideyn öz övladını gözündən kənara qoymaq istəmir. Bəs 4 illik ibtidai təhsil prosesi başa çatdıqdan sonra, uşaqlar Bakı şəhərində yerləşən internat məktəbə gedə bilməsələr taleləri necə olur? Maraqlı sualdır. Onlar ya təhsillərini yarımçıq qoymalı olur, ya da ki bütün uşaqlar kimi ümumtəhsil məktəblərinə üz tuturlar. 
Bəzən isə valideynlərin sağlamlıq imkanları məhdud övladlarını gözlərindən kənara qoymamaq üçün heç məktəbə belə yollamadığını, yaxud da tam orta məktəblərdə çətinliklə oxutdurmağa çalışdıqlarını görə bilirik. Bu məktəbin müəllimləri belə situasiya qarşısında qaldıqda bəzən kənd-kənd gəzib, uşaqları toplayıb bu məktəbə gətirib, təhsil verdiklərini deyirlər. Bu hadisə mənə Aleksey Osipoviçin Qori Müəllimlər Seminariyasına  uşaq toplamağını xatırlatdı. Çox gözəl bir təşəbbüsdür. Bəlkə də, qaranlıq içində olanlar, bu təşəbbüsü görə bilməyən bizlərik. 
Bu məktəbdə olarkən dərs prosesini pozmamaq naminə şagirdlərdən yalnız Elxanla tanış olma imkanım oldu. Balaca Elxanın ailəsindəki əksər insan alitəhsillidir. Onun bu il məktəbdə sonuncu, yəni 4-cü ilidir. Elxanın müəllimi onun çox savadlı olduğunu deyir. Bu söz elə öz təsdiqini söhbətimizdə də tapdı. Elxanın xəyallarından biri Almaniyada avtomobil mütəxəssisi olmaqdır. Doğrudur, bir az sakit təbiətli bir uşaqdır. Elə də çox danışmaz. Amma imtahan göstəriciləri məktəbdə olan əksər yaşıdlarından olduqca yüksəkdir. Mən həvəslə onun bu il sonuncu ili olduğunu və internat məktəbə yollanacağı cavabını eşitmək istəsəm də, cavabı xəyalları və imtahan göstəriciləri qədər ürəkaçan deyildi. 
Valideynləri Elxanı gözdən kənara qoymaqdan ehtiyat edirlər. Elxanın özü də getməkdən ehtiyat edir. O, buradakı müəlliminə o qədər bağlıdır ki, Bakıya getsə, onun da özü ilə gəlməyini istəyir. Elxan brayl əlifbasıyla yanaşı, Azərbaycan əlifbası ilə də çətinliklə də olsa, yaxından baxaraq yaza bilir. Ana dili fənni ilə yanaşı, Elxan riyaziyyat fənnində də öz istedadı ilə seçilir. 
Bu məktəbdə Elxan kimi daha neçə istedadlı şagirdlər var. Bəlkə də, onlar nə vaxtsa, haradasa qarşılaşacağım gələcəyin mühəndisi, müəllimi, həkimidir? Biz də elə gələcəkdə bu məktəbdən məzun olan Elxan adlı bir azərbaycanlı avtomobil mühəndisinin Almaniyadan səsinin gələcəyi və yaxud da nə vaxtsa qarşılaşacağımız ümidilə ayrıldıq.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 28.07.2024 10:01