AZ EN RU

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 5 %-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 20 milyard 540,7 milyon kubmetr qaz nəql edilib.

Dövlət Statistika Komitəsindən veriilən  xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 % artım müşahidə olunub.

Hesabat dövrünə qazın nəqlinin 55,6 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə 11 milyard 418,9 milyon kubmetr qaz ötürülüb. Bu, 2023-cü ilin ilk yarım ili ilə müqayisədə 4,6 % çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.

Nəşr edilib : 15.07.2024 11:02