AZ EN RU

Bahar təravətli, çörək ətirli, festivalın sorağı ilə...

    Gözəl bir yaz səhəri qədim Nuh yurdunun insanları səbirsizliklə gözlədikləri “Kətə” festivalında iştirak etmək üçün Naxçıvanqalaya tələsir. Kimi öz rayonunun adət-ənənələrini tanıtmaq, kimisi isə balacalara isti kətə almaq üçün. Əsrlərdir ki, qədim diyarımızda xalqımıza məxsus milli və mənəvi dəyərlərin, folklorumuzun, adət-ənənələrimizin, o cümlədən milli mətbəx nümunələrimizin qorunub saxlanılmasına, onun təbliğ edilməsinə, yaşadılmasına böyük diqqət göstərilir. Artıq ənənə halını alan milli mətbəx günlərinin keçirilməsi, xalqımıza məxsus mətbəx nümunələrimizin tanıdılması onların gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. 
    “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində aprelin 7-də start verilən və bu gün də davam edəcək “Kətə” festivalına həm yerli sakinlər, həm də qonaqlar tərəfindən maraq müşahidə olunur. Festivalda iştirak edən Naxçıvan şəhər sakini Nailə Bağırova zəhmətsevər gənclərimizdəndir. Tələbə olduğunu, Türkiyə Respublikasında Ərzurum Atatürk Universitetində qiyabi təhsil aldığını deyən müsahibim bildirdi ki, bir neçə ildir, ailə təsərrüfatı yaradıb. Şirniyyat sexində müxtəlifnövlü şirniyyatlar bişirib satışa çıxarmaqla yanaşı, xəmir məmulatları da hazırlayır. Bugünkü festivalda da həvəslə iştirak edir: – Kətə ən qədim mətbəx nümunəsidir, hər birimiz qədim yeməklərimizi öyrənib təbliğ etməliyik. Ərzuruma təhsil almağa gedəndə oraya mətbəximizə xas yeməklər aparır, digər ölkələrdən olan tələbə qızlara yeməklərimizi hazırlamaq qaydasını öyrədirəm. Bu gün də burada həvəslə iştirak edirəm. Gənc qızlarımıza tövsiyəm odur ki, hər biri milli yeməklərimizin hazırlanmasını  öyrənsin ki,  uzaq diyarlarda olanda başqa millətlərə Azərbaycanımızın ləziz və zəngin mətbəx nümunələrini fəxrlə təqdim edə bilsinlər. 
    Şərur rayonunun Ələkli kəndindən festivala qatılan Gülnar Babayeva: – Muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşiddə kətələrin hazırlanması qaydalarının nümayiş olunduğu festivala şəhər sakinlərinin, qonaqların, xüsusilə gənclərin marağı böyükdür. Onlar içərisində xarici ölkələrdən gəlib burada təhsil alan tələbələr də az deyil. Eləsi var ki, kətənin dadına ilk dəfə baxır və çox dadlı olduğunu deyir, bunun necə hazırlanması ilə maraqlanır. Bu da başqa millətlərin nümayəndələrinin kətənin məhz xalqımızın ən gözəl mətbəx nümunəsi olduğunu öyrənmələrinə şərait yaradır. 
    Gülnar xanım çiriş, acıqıcı, cincilim, quşəppəyi, şötük və 6 növ göyərtidən kətə hazırlayıb. Müsahibim festivalı təşkil edənlərə minnətdarlığını bildirdi. 
    Babək rayonunun Cəhri qəsəbəsindən  olan Nüşabə Allahverdiyeva əlindən gəldiyi qədər çalışır ki, milli mətbəximizin bir-birindən ləzzətli təamlarını, eləcə də nənələrimizdən miras qalan milli yeməyimiz olan kətəni ən gözəl şəkildə, keyfiyyətli hazırlayıb alıcılarımıza təqdim etsin. Deyir ki, satış çox yaxşı gedir, alıcılar da razılıq edirlər. Belə festivalların keçirilməsi muxtar respublikada digər sahələrlə yanaşı, xalqımızın milli mətbəxinin, adət-ənənələrinin gələcək nəsillərə ötürülməsi istiqamətində çox önəmli yer tutur. Həmsöhbətim “Allahdan arzu edirəm ki, xalqımızı, ölkəmizi, elimizi, obamızı həmişə bu cür vəhdətdə görək. Süfrələrimizdən ruzi-bərəkət, ocaqlarımızdan ağsaqqal, ağbirçək xeyir-duası heç bir zaman əskik olmasın” diləklərini də çatdırır.
    Ordubad rayonunun Üstüpü kəndindən festivala qatılan Mehriban Babayeva: – Burada şəhər və rayonlarımıza xas olan müxtəlif çeşiddə kətə növləri və onların hazırlanma qaydasını nümayiş etdiririk. Kətənin göyərtili, ətli, balqabaqlı kimi bol çeşidli növlərinin hazırlanaraq süfrəyə təqdim edilməsinə tədbir iştirakçıları canlı şahid olur və təndirdə bişirilən kətələrin dadına baxmaq imkanı əldə edirlər. Müsahibimiz hər il mütəmadi olaraq festivallarda iştirak etdiyini, tədbirin təşkilatçılarına və əməyi keçən hər kəsə minnətdarlığını bildirir. 
    Babək rayonunun Zeynəddin kənd sakini Sevinc Bağırova öz fikirlərini bizimlə bölüşərək bildirir ki, ən çox pencərlə hazırlanan kətələri sevir. Burada hazırlanan kətələr nənələrimizin bizə təndirdə bişirdiyi kətələri xatırladır. Burada da kətələrin təndirdə bişməsi xüsusi dad və gözəllik verir. 
    Şahbuz rayonunun  Aşağı Qışlaq kənd sakini, ailə təsərrüfatçısı Südabə Məhərəmova   deyir  ki, hər il  muxtar diyarımızda keçirilən belə festivallarda iştirak edib: – Festival iştirakçılarına Şahbuz dağlarından topladığımız şəfalı bitkilərdən hazırlanan müxtəlif növ kətə çeşidləri təqdim edirik. Təkcə göyərtilərdən deyil, həm də balqabaqdan hazırlanan kətələr də satırıq. Buradan əldə etdiyimiz gəlirlə də ailə büdcəsinə dəstək oluruq. Şəhərimizin sakinləri və gələn qonaqlar da kətələrimizin dadından razılıq edirlər. Kimisi də alıb evinə aparır ki, axşam iftarda yesin. 
    Culfa rayonunun da fərqli dada malik olan dağ və çöl pencərləri, həmçinin onlardan hazırlanan kətələr festivala gələnlərə təqdim olunur. Bu pencərlər həm də dadı ilə yanaşı, şəfalı olması ilə alıcıların marağına səbəb olur. Təndir başında kətə yapan Milax kənd sakini Ceyran Quliyeva qeyd etdi ki, hər il keçirilən “Kətə” festivalında həvəslə iştirak edir. Elə bu səbəbdəndir ki, ötən il bu festivalın qalibi olub. Bu il də yığdığı çiriş, cacıq, çəpişqulağı kimi pencərlərdən ləziz kətələr bişirərək Culfa rayonunu təmsil edir.
    Kəngərli rayonunun Təzəkənd kənd sakini Gülbəniz Əsgərova ilə də həmsöhbət oluruq: – Buraya gələn qonaqlar kətələrin hazırlanmasını və süfrəyə təqdim edilməsini canlı olaraq izləmək, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə edirlər. Bu cür tədbirlərin davamlı keçirilməsi xalqımıza məxsus mətbəx nümunələrini yaşatmaqda böyük rol oynayır. Göstərilən dövlət qayğısına, yaradılan şəraitə görə minnətdarlıq edirəm. 
    Sədərək rayonunun Sədərək kənd sakini Naibə Hacıyeva deyir ki, bir neçə ildir, məşğulluğa cəlb edilib. Bir baş iribuynuzlu heyvan alıb. Süd məhsulları ilə bərabər təsərrüfatında bəslədiyi heyvanların qovurmasını da hazırlayır. İllərdir, tanıdığı insanlardan sifarişlər götürür, həm məşğulluğunu təmin edir, həm də ailə büdcəsinə kömək göstərir. Naibə xanım onu da qeyd edir ki, bu gün festivalda təzə göbələk və pencər qovurması hazırlayır. Kəndlərindən topladıqları göbələyi yaza saxladığı qovurma və müxtəlif pencərlərlə birlikdə bişirir. Təzə təndir çörəyi və lavaşı ilə qonaqlara təqdim edir. 
    Naxçıvan Biznes Mərkəzinin sərgi-satış stendində bir- birindən gözəl əl işləri ilə qarşılaşırıq. İllərdir ki, əl işləri ilə insanların könlünü oxşayan Xuraman Seyidova:
    – Qadınlar dünyanın, zinət əşyaları isə qadınların bəzəyidir. Müxtəlif qaşlardan hazırladığım əl işlərimi bu cür tədbirlərdə satışa çıxarır, yaxşı da gəlir əldə edirəm. Ötən ay şəhərimizdə keçirilən Novruz şənliklərində də hazırladığım bəzək əşyalarını satışa çıxarmışdım. Bakıdan ailəsi ilə birlikdə yurdumuza qonaq gələn Lamiyə Allahverdiyeva ilə Şərur rayonu üçün ayrılmış ərazidə həmsöhbət oluram: 
    – Rusiyanın müxtəlif şəhərlərində olmuşam, çox yerləri gəzmişəm, amma Naxçıvan kimi gözəl, sakit, təmiz şəhər görməmişəm. Bir məsələni, xüsusilə vurğulamaq istəyirəm. Dünyanın elə inkişaf etmiş ölkələri var ki, onların bəzi şəhərlərində nəinki gecə, gündüz belə küçəyə təkbaşına çıxmaq olmur. Bir neçə gündür, buradayam və tanıdığım insanlar narahatlığa ehtiyac olmadığını, istədiyim saatda şəhərdə təkbaşına gəzə biləcəyimi dedilər. Gördüm ki, kiçik olmasına baxmayaraq sakitlik, sabitlik baxımından bəzi şəhərlərə dərs keçər Naxçıvan. Naxçıvan mətbəxinə gəldikdə isə  o öz bənzərsizliyi ilə seçilir. Özünəməxsus dad-tamı ilə qədimdən bəri mətbəximizdə yaşadılmış kətə çeşidlərinin də tanıdılması üçün bu festivalların keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Ramazan ayı olduğu, oruc tutduğum üçün kətələrin dadına indi baxa bilməsəm də, iftar üçün aldım. Uşaqlarım isə elə buradaca isti-isti yedilər. 
    Festivalda qardaş Türkiyə Respublikasının vətəndaşları ilə də qarşılaşırıq. Ayla Çetin burada təhsil alan övladını görmək, həm də Duzdağ Fizioterapiya Mərkəzində şəfa tapmaq üçün gəlib yurdumuza. O bildirir ki, buraya ilk səfəri deyil. İqdır vilayətində yaşadığı üçün tez-tez gəlir övladını görməyə. Hər dəfə yeni bir Naxçıvan kəşf etdiyini deyən müsahibim qeyd edir ki, qədim qala divarları arasında keçirilən bir çox festivalların – “Göycə”, “Ailə təsərrüfatı məhsulları” festivallarının da iştirakçısı olub. Bu torpaqda yetişən hər bir məhsul çox dadlı və ləzzətlidir. Artıq Naxçıvan kətəsinin necə bişirildiyini də öyrənib. Milli mətbəximizi hədsiz bəyənir, “Burada olmaq çox gözəldir. Qardaş ölkənin can parçası Naxçıvan türkə qapıdır, hər birimizin ürəyində xüsusi yerə malikdir”, – deyir. 
    Türk soydaşlarımızdan  olan digər həmsöhbətimiz Güchan Güc deyir: – Keçən il də burada olmuşam. Bu il də “Kətə” festivalında iştirak edirəm. Gözəl bir təşkilatçılıqla hazırlanıb. Naxçıvana məxsus, buranın milliliyini özündə əks etdirən festivalların keçirilməsi çox gözəldir. Kətə Naxçıvan milli mətbəxinə məxsus çox qədim bir təamdır. Burada hər bir rayondan ayrı-ayrılıqda iştirak edən insanlar müxtəlif növ kətələr bişirirlər. Bu cür festivalların keçirilməsi, xüsusilə buraya qonaq gələn insanlara milli mətbəxi tanıtmaq baxımından çox yaxşıdır. Bu cür tədbirlərdə təkcə yeməklər deyil, bir çox Naxçıvan məhsulları – “Badamlı”, “Sirab”, çay, şirniyyatlar, şirkətlərin istehsal etdikləri məmulatlar da insanlara təqdim olunur. İnsanlar onların da dadına baxır və bu həmin məhsulların tanıdılmasında da mühüm rol oynayır.
    Festivalın ilk günü buradakı qələbəlik zəngin xalq yaradıcılığımızın, milli dəyərlərimizin, bənzərsiz mətbəximizin təbliği baxımından belə tədbirlərin təşkilinin əhəmiyyətinin çox böyük olduğunu bir daha nümayiş etdirdi. 
    Qeyd edək ki, Naxçıvanda keçirilən “Kətə festivalı”na yerli əhali və qonaqlar tərəfindən böyük maraq göstərilməsi bunu bir daha sübut etdi ki, müxtəlif növ yeməkləri ilə yanaşı, kətələri ilə də məşhur olan Naxçıvan mətbəxinin bu ləziz dadı bu gün də sevə-sevə hazırlanır və yeyilir. Festivala muxtar respublika üzrə, ümumilikdə, 200 kətə və yeməkbişirən şəxs iştirak edib. Burada Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 90-a yaxın qadının 3000-dən artıq, Biznes Mərkəzi  tərəfindən isə 15 yerli sənətkarın 84 adda əl işi satışa çıxarılıb. Festivalda istehsal müəssisələri və iaşə obyektləri də insanlara xidmət göstərir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən konsert proqramı iştirakçılarda xoş ovqat yaradır, onlara əsl mədəni istirahət, zövq bəxş edir. Bu gün festivalın yekununda məhsullarının keyfiyyət və dadı ilə seçilən ailə təsərrüfatçılarımız “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqənin qalibləri kimi  mükafatlandırılacaq. 
    Bir zamanlar hücumlara məruz qalsa da, Naxçıvanqala öz əzəmətini, öz qürurunu heç vaxt itirməyib. Naxçıvanlılar daim qurub-yaradıb, gözəlləşdiriblər bu tarixi məkanı. İllərdir ki, bir çox tədbirlərə ev sahibliyi edən bu qədim qala hələ neçə-neçə belə gözəl  milli mədəniyyət bayramına qucaq açaraq insanları bir araya toplayıb, adət-ənənələrin unudulmadığını göstərəcək.  

Ramiyyə ƏKBƏROVA
Aytac CƏFƏRLİ
Bülbül QULİYEVA
Aidə İBRAHİMOVA
Sürəyya QƏDİMƏLİYEVA 

 

Nəşr edilib : 07.04.2023 17:05