AZ EN RU

Bahar Muradova: Hər bir media nümayəndəsi ailə məsələlərinə, uşaq hüquqlarına xüsusi önəm verməlidir

Bu il 149 yaşını qeyd edən milli mətbuatımız inkişafının yeni dövrünü yaşamaqdadır.

Biz qüdrətli Azərbaycanı dünyanın seçilən aktoruna çevirməyi bacarmışıq. Bunun üçün maarifpərvər ziyalılarımıza, müfəfəkkirlərimizə, siyasətçilərimizə borcluyuq.

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova komitənin təşəbbüsü ilə jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün hazırlanan “Media və uşaq hüquqları” adlı kitabın təqdimat mərasimində deyib.

Komitə sədri bildirib ki, bu gün milli mətbuatımızın əsasını qoyan "Əkinçi" qəzetinin əkdiyi ağacın meyvələri yeyilir.

“Biz azərbaycançılıq və müstəqillik ideyasını siyasi konsepsiyaya çevirən Ümummilli Lider Heydər Əliyevə minnətdarıq.

Prezident İlham Əliyev isə Azərbaycanı, nəinki region və regiondan uzaqda yerləşən, köməyə ehtiyacı olan toplumlar üçün dəstəyini əsirgəməyən dövlətə çevirməyi bacarıb və bir nümunə ortaya qoyub”, -deyə Bahar Muradova vurğulayıb.

Dərs vəsaiti ilə bağlı fikirlərini bölüşən komitə sədri bildirib ki, Bakı Dövlət Universiteti ilə sıx əlaqədə işləyirlər. Bu gün təqdim olunan "Media və uşaq hüquqları" adlı dərs vəsaiti artıq növbəti birgə layihəmizdir. Bu dərslik insan hüquqları haqqında maarifləndirmənin ən vacib məsələlərindən biridir. Hər bir jurnalist, media nümayəndəsi və bloger ailə məsələlərinə, uşaq hüquqlarına, qanunvericiliyə xüsusi önəm verməlidir.

Nəşr edilib : 16.07.2024 12:45