AZ EN RU

Babək rayonunun Nehrəm qəsəbəsində yaşayan, Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medala layiq görülən Əlican Hüseynli təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşdü

O, VI sinifdə təhsil alır. Bu mükafatı Sinqapurda keçirilən SIMOC 2024 Beynəlxalq Riyaziyyat Olimpiadasında qazanıb. Çempionumuzu yaxından tanımaq və qələbə sevincini özündən öyrənmək üçün yaşadığı ünvana yollandıq. Əlican bildirdi ki, aprel ayının 12-də olimpiadanın yeni mərhələsi keçirildi və orada 3-cü yerə layiq görüldüm. Sonra çalışıb Sinqapurda keçiriləcək ikinci mərhələyə yüksəldim, orada imtahana girdim. Birinci imtahandan dördüncülük, yəni “Şərəf” mükafatı aldım, digər imtahandan isə qızıl medala layiq görüldüm.

– Bu qələbə üçün kimə minnətdarsınız?

Uşaqlıqdan riyaziyyat fənninə marağım var və bu fənni çox sevirəm. İbtidai sinifdə müəllimim Mərziyyə Məmmədova mənə bu fənni sevdirib, riyaziyyat sevgimi Şahnaz Məmmədova ilə davam edib. Qısa müddətdə məni imtahana hazırlaşdırdı, çox çalışırdım. Valideynlərim də mənə dəstəkçi olublar. Bir gün atam internetdə olimpiadanın reklamını görəndə dedi ki, hazırlaş, səni ora göndərəcəm. Və belə də oldu.

Söhbətimizə Əlican Hüseynlinin atası Əli Hüseynov da qoşulur:

 – Çox qürurverici bir haldır, bu hissi ancaq yaşayanlar bilər. Əvvəl inanmırdım. Əlican mənə dedi ki, çalışıb qazanacam. Dedim ki, sən olimpiadada iştirak etmək hüququ qazanana bilsən mən də səni Sinqapura göndərəcəm. Ora getdi və qürurla deyə bilərəm ki, ölkəmizin adına layiq nəticə əldə etdi. İndi də bu haqda danışanda çox kövrəlirəm. Bu yarışmanı izləyirdim. Olimpiadaya 40 ölkədən 2400 iştirakçı qatılmışdı. Azərbaycandan isə, ümumilikdə, 70 nəfər iştirak edirdi. Onların arasında 4-ü naxçıvanlı idi. Ümumilikdə, ölkəmiz 7 qızıl medal qazandı ki, birini də övladım Əlican əldə edib. Mən oğlumla fəxr edirəm, müəllimlərinə isə təşəkkürümü bildirirəm. Bu uğurun qazanılmasında onların rolu danılmazdır.

 Əlican Hüseynlinin nənəsi Validə Hüseynova da nəvəsinin uğuruna sevinir:

 – Bir nənə kimi özümü xoşbəxt hiss edirəm. 6-cı sinif şagirdi kimi nəvəm Sinqapura gedərək Azərbaycanın bayrağın yüksəltdi. Nənə üçün bundan böyük xoşbəxtlik nə ola bilər? Bütün nənə və babalara arzu edirəm ki, bizim yaşadığımız bu hissləri yaşasınlar.

“Şərq qapısı” qəzeti olaraq biz də Əlican Hüseynlini və onun ailə üzvlərini təbrik edir, gələcəkdə daha da böyük uğurlara imza atmasını arzulayırıq.

Qeyd edək ki, bu qalibiyyətdən sonra Əlican Hüseynli Amerikada keçiriləcək olimpiadaya hazırlaşıb, orada da qalib olmaq istəyir.

 Rafiq TƏHMƏZ

Nəşr edilib : 29.07.2024 10:35