AZ EN RU

Azərbaycanda milli təhsilin inkişafı əsas dövlət prioritetidir

Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, milli mənafelər əsasında qurulmalıdır.

                                                                                 Heydər Əliyev

                                                              Azərbaycan xalqının Ümummilli Lideri

Müasir dövrümüzdə hər bir dövlətin strateji əhəmiyyətə malik, bəşəriyyətin inkişafında ən vacib faktor olan təhsil sistemi, demək olar ki, cəmiyyətin bütün sahələrinə bilavasitə sirayət edən ən əsas amillərdən biridir. Bu baxımdan güclü əsaslar üzərində bərqərar olan hər bir dövlət təhsilin inkişafına xüsusi əhəmiyyət verməli, yüksək intellektə malik, sağlam ruhlu gənclik ərsəyə gətirmək yönündə mühüm addımlar atmalıdır. Bir çox ölkələr dünya təhsil məkanına inteqrasiya olunmaqla bərabər eyni zamanda ölkə təhsilinin spesifik cəhətlərini qoruyub saxlamışlar. Beynəlxalq təhsil mühitində əsas məsələlərdən biri təbii ki, qabaqcıl ölkələrin sözügedən sahədə inkişaf tendensiyalarını öyrənmək və onu milli təhsilə tətbiq etməkdir. Milli və ümumbəşəri dəyərlərə əsaslanan təhsil sektoru ölkənin inkişaf konsepsiyasının tərkib hissəsi olmaqla yanaşı, ictimai, elmi-dünyəvi xarakter daşıması ilə də daim diqqətdə olmalıdır.

Ölkəmizdə formalaşan təhsil sistemi həm milli, həm də ümumbəşəri ideyalardan qaynaqlanaraq formalaşmışdır. Təhsil sistemimizlə bağlı reallaşdırılan dövlət proqramları isə bu sahənin vacibliyini şərtləndirən əsas amillərdəndir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə təhsil sahəsində məqsədyönlü işlər aparılmış, sabahımızın yüksək səviyyədə formalaşmasına şərait yaradan güclü intellektə malik, geniş dünyagörüşü özündə etiva edən sağlam ruhlu gənclik formalaşmışdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin milli tərəqqinin, mənəviyyatın, elmin inkişafının əvəzedilməz vasitəsi olan təhsil sisteminin irəliyə doğru getməsində misilsiz xidmətləri olmuşdur. Ulu Öndər deyirdi: “İndi bizim təhsilimizin məqsədi, gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşını hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun! Sadəcə ona görə yox ki, Azərbaycan vətəndaşıdır. Gərək dövlətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.Ona görə də orta təhsil sisteminə çox ciddi fikir vermək lazımdır”.

Dahi şəxsiyyətin bu fikirləri Azərbaycan təhsil strategiyasının özülünü təşkil edir. Ümumiyyətlə, Ulu Öndər ölkə rəhbəri olduğu bütün dövrlərdə gənclərimizin təhsil almasına xüsusi diqqət və qayğı ilə yanaşmış, onların təkcə ölkədaxili deyil, eyni zamanda xaricdə təhsil alıb vətənə ixtisaslı kadr kimi qayıtmaları üçün bütün imkanlardan istifadə etmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya şöhrətli siyasətçi, cənab Heydər Əliyevin göstərişi ilə təhsil sistemində bütün səviyyələrdə struktur dəyişiklikləri baş vermiş, eyni zamanda həm ali, həm də orta təhsil müəssisələri üçün yeni binalar inşa edilmiş, ən yüksək texniki avadanlıqlarla təchiz olunan təhsil ocaqları gənc nəslin ixtiyarına verilmişdir. Məhz dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqil ölkəmizdə dünya standartlarına uyğun təhsil sistemi əsasında milli təhsil strategiyamız formalaşmışdır.

Heydər Əliyev siyasətinin layiqli davamçısı, dövlət başçısı, cənab İlham Əliyevin 2013-cü il 24 oktyabrda imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkədə insan kapitalının inkişafı ilə bağlı atılan ən mühüm addımlardandır. Ümummilli Lider tərəfindən əsası qoyulan xaricdə təhsil ənənəsi bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Təhsil sisteminin şəffaflaşdırılması ilə bağlı 2015-ci il 19 yanvar tarixli Sərəncama əsasən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda təhsil sisteminin bütün pillələrində olacaq yenilənmə ilə bağlı mərhələli şəkildə həyata keçiriləcək tədbirlər sistemi öz əksini tapmışdır. Dövlət Proqramı əsasında regional inkişafa xüsusi diqqət yetirilmiş, universitetlərin fəaliyyətinin əmək bazarına olan təsiri tənzimlənmiş, innovasion fəaliyyətin güclü və zəif cəhətləri təhlil edilmiş, innovasiya prosesi üçün zəruri səriştələrə malik olan kadr hazırlığı aparılmış, innovasion istehsal və ideyanın məhsula çevrilməsi prosesi reallaşdırılmış, yeni fundamental və tətbiqi biliklərin generasiyası formalaşdırılmışdır. Bütün bunlar dövlətimizin milli təhsilimizə olan dəstəyinin və onun inkişafı naminə atılan addımların ən bariz nümunəsidir.

Bu gün regional inkişafın reallaşdırıldığı bir dövrdə digər bölgələr kimi Şərqin qapısı olan Naxçıvanımız da dövlət başçısı cənab İlham Əliyevin daim yüksək qayğı və dəstəyi nəticəsində irəliyə doğru addımlamaqdadır. Bütün sahələrdə olduğu kimi bu qayğı təhsildə də ən parlaq şəkildə öz təzahürünü göstərir. 2024-cü ildə əldə olunan nailiyyətlərin davamı kimi Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq məktəbi Kembric (Cambridge School) statusu aldı. Bunun nəticəsi olaraq NDU Beynəlxalq Məktəbi dünyada fəaliyyət göstərən Kembric məktəbləri şəbəkəsinə qoşuldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamında qeyd olunan mühüm məsələlərdən biri də məhz Naxçıvan Dövlət Universitetinin nəzdində İngilisdilli orta məktəbin fəaliyyətə başlaması olmuşdur. İnanırıq ki, milli təhsilimizin beynəxalq təhsil şəbəkəsinə inteqrasiyası həm milli, həm də bəşəri xüsusiyyətləri özündə əks etdirən intellektual səviyyəli gənc nəslin formalaşmasına şərait yaradacaq.

Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrindən olan Naxçıvan Dövlət Universitetinin formalaşmasında, eləcə də inkişafında dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri vardır. O, hakimiyyətdə olduğu bütün dövrlərdə dəfələrlə Naxçıvan Dövlət Universitetində olmuş, regionda bu ali təhsil ocağının inkişaf və tərəqqisi üçün bütün imkanları səfərbər etmişdir. Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 1999-cu il 9 oktyabr tarixli qərarı ilə dahi şəxsiyyət Heydər Əliyevə universitetin fəxri doktoru adı verilmişdir. Bu sanki Ümummilli Lider qarşısında mənəvi borcun yerinə yetirilməsi idi. Dünya şöhrətli siyasətçi 1999-cu il 11 oktyabrda Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusunun açılışı mərasimindəki nitqində demişdir: “Naxçıvan həmişə Azərbaycanın yüksək ziyalı yetişdirən bir diyarı olmuşdur. Naxçıvan Dövlət Universitetinin bu gün mövcud olması Naxçıvanda min illər bundan öncə elmin, mədəniyyətin varlığının, inkişafının  məntiqi nəticəsidir. Naxçıvan Muxtar Respublikasının Dövlət Universiteti Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali təhsil ocaqlarından biridir”.

Ulu Öndərin bu fikirləri məhz universitetimizə, ümumən təhsilimizə olan ən qiymətli töhfədir. Milli təhsilimizə olan yüksək diqqət, göstərilən qayğı Heydər Əliyev ənənələrinin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilməkdədir. Əminik ki, təhsilimizə verilən qiymət, göstərilən qayğı müstəqil Azərbaycanı daha işıqlı sabahlara qovuşduracaqdır.

                                                                   Xumar Məmmədova

                                              Naxçıvan Dövlət Universitetinin dosenti

Nəşr edilib : 12.08.2024 14:38