AZ EN RU

Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Ulu Öndər Heydər Əliyev: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir.”
Azərbaycan səhiyyəsində əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet hakimiyyəti illərində Ulu Öndərin sayəsində respublikamızda səhiyyənin hərtərəfli yenilənməsi üçün bütün mümkün tədbirlər həyata keçirilmiş, vətəndaşlara göstərilən tibbi xidmətlərin səviyyəsində mühüm keyfiyyət dəyişiklikləri baş vermişdi. 1970-1980-ci illərdə çoxsaylı səhiyyə obyektlərinin inşa edilməsi respublikamızda səhiyyənin inkişafı barədə aydın təsəvvür yaradır. Ulu Öndər o dövrkü fəaliyyəti barədə demişdir: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.
Müstəqil Azərbaycanın ilk illərində yaranmış dərin böhran səhiyyədən də yan ötməmişdi. Həmin dövrə qədər böyük nailiyyətləri olan tibb sahəsi ölkədəki yarıtmaz idarəçiliyin nəticəsi kimi iflic vəziyyətinə düşmüş, vətəndaşlara tibbi xidmətlə bağlı formalaşmış dəyərlər sistemi, demək olar ki, tamamilə dağılmışdı. Yalnız Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra həyata keçirilən sosial islahatlar səhiyyəni də əhatə etmiş, bu sahədəki tənəzzülə son qoyulmuş və tibb xidmətinin müasir standartlar müstəvisinə keçirilməsi üçün əlverişli şərait yaranmışdır.
Heydər Əliyev səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə müəssisələrinin yaradılması, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərindən başlayıb. Böyük Öndər ölkəmizdə sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə daim ciddi əhəmiyyət verirdi. Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk dövrdən rayonlarda, xüsusən ucqar dağlıq və dağətəyi bölgələrdə səhiyyənin inkişafına xüsusi diqqət yetirilirdi. Ötən əsrin 70-ci illərinin əvvəllərində həmin rayonlarda ixtisaslı həkimlərin, orta ixtisas təhsilli tibb işçilərinin və şəfqət bacılarının çatışmazlığı kəskin hiss olunurdu. Bu problemin həlli üçün, ilk növbədə, tibbi profilli ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun sayı artırıldı, ucqar yaşayış məntəqələrindən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Məhz bu kompleks tədbirlər sayəsində bölgələrin səhiyyə müəssisələrində kadr çatışmazlığı aradan qaldırıldı.
Uzaqgörən dövlət xadimi olan Heydər Əliyev ölkəmizə birinci rəhbərliyi dövründə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların keçirilməsini təşkil edən Ulu Öndər ölkəmizin səhiyyə işçilərinin, tibb alimlərinin beynəlxalq arenaya çıxmalarına şərait yaratdı. Həmin dövrdən Ulu Öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş sovetlər ittifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşələr və ixtisaslar üzrə təhsil almağa göndərildi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. İndi Azərbaycanın milli tibbi kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş dövlətlərinin məşhur səhiyyə müəssisələrində uğurla fəaliyyət göstərirlər.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Tam əminliklə demək olar ki, əbədiyaşar liderimiz Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir.
Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkə səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan səhiyyəsinin müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə özünün yeni inkişaf mərhələsini yaşaması ölkəmizin iqtisadi gücünün, siyasi sabitliyin təzahürüdür. Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir.
Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxanalar dünya standartlarına uyğunlaşdırılıb. Yeni istifadəyə verilən, təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələrindən avadanlıqlar gətirilir. Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində, tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır.
Səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin ixtisas səviyyəsinin artması nəticəsində indi əhalinin dövlət tibb müəssisələrinə etibarını daha da artırmışdır. Əsas uğurlarımızdan biri də artıq icbari tibbi sığortanın tam tətbiqidir. Əhalinin sağlamlığının qorunmasına xidmət edən icbari tibbi sığorta sisteminin yaradılması bir daha təsdiq edir ki, dövlətin sosial siyasətinin mərkəzində ilk növbədə insan amili dayanır. 
Səhiyyədə əldə edilən uğurlarda, bu sahədə dövlət proqramlarının reallaşdırılmasında, tibb ocaqlarının yenidən qurulmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi layihələr respublikamızda vətəndaşların sağlamlığının qorunmasına böyük töhfələr vermiş, ana və uşaqların sağlamlığına xidmət etmişdir.
Dövlətimizin hərtərəfli diqqət və qayğısı bizə muxtar respublikada da əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyimizə geniş imkan yaradıb. 
1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər səhiyyə sistemində də öz bəhrələrini verdi. Həmin illər Azərbaycan səhiyyəsində qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal axtarışlarla əlamətdar idi. “Hər şey praktik səhiyyə üçün” ideyası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin fəaliyyət xəttinin əsasını  təşkil edirdi.  Həmin dövrdə muxtar respublika ərazisinə ermənilərin hücumu zamanı yaralananlara tibbi xidmət göstərilməsi Səhiyyə Nazirliyi tərəfindən yüksək səviyyədə təşkil edilmişdir. Yaralılara tibbi xidmət göstərilməsi məqsədilə Sədərək Rayon Mərkəzi Xəstəxanası kənddən kənara – təbii mühafizə olunan yerə köçürülərək yaralıların qəbulu məntəqəsinə çevrilmişdir. Fövqəladə vəziyyət rejimində işləyən rayonun həkimləri və Naxçıvan şəhərindən mütəmadi olaraq göndərilən həkim briqadaları yaralılara ixtisaslı tibbi xidmət göstərmiş və bu müddətdə əks-epidemik tədbirlərə ciddi nəzarət etmişlər. Aparılan tədbirlər nəticəsində müvəqqəti olaraq çadırlarda və vaqonlarda yaşayanlar arasında yoluxucu xəstəliklər baş verməmişdir. Ulu Öndərin Ərzurum xəstəxanalarında müalicə olunan yaralılara baş çəkməsi əsgərlərimizin ruh yüksəkliyinin, qələbə əzminin daha da artmasında mühüm əhəmiyyət kəsb etmişdir. O tarixi günlərdə səhiyyə işçilərimiz də müsəlləh əsgər kimi daim qaynar nöqtələrdə, səngərlərdə olub, yaralılara tibbi xidmət göstərmişlər. 
Bu gün 100 illik muxtariyyətini qeyd edən Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində də bir çox istiqamətlər üzrə islahatlar aparılır, genişmiqyaslı işlər görülür. Səhiyyə sahəsində dövlətlə vətəndaş arasında maraqlar balansının, hər bir pasiyentə münasibətdə müasir yanaşmanın təmin edilməsi, obyektivlik, şəffaflıq və hesabatlılıq kimi prinsiplərə əsaslanan fəaliyyətə nail olunması, tibbi xidmətlər sahəsində bir sıra proseslərin sadələşdirilməsi, çevikliyin təmin edilməsi, şikayətlərə operativ baxılması, müvafiq istiqamətdə yönləndirilməsi kimi xidmətləri vətəndaşlar üçün əlçatan edən addımların atılması müvafiq sahənin tənzimlənməsinə yönəlik tədbirlərin həyata keçirilməsində mühüm rola malikdir.     
Muxtar respublikada aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürülərək muxtar respublikada əhalinin sağlamlığının qorunması, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.
Dövlət başçısının səhiyyə sahəsinə olan diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirilməsinin parlaq təzahürüdür. “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”, – deyən Prezident cənab İlham Əliyev bu istəklərini gerçəkləşdirmək üçün vaxtını, qüvvəsini və səylərini əsirgəmir. Azərbaycan Prezidentinin səhiyyə sahəsində siyasətini daim dəstəkləyən səhiyyə işçiləri onun müvəffəqiyyətlə həyata keçirilməsi üçün əzmlə çalışır, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla addımlayırlar.
Bu gün Azərbaycan səhiyyəsi dinamik inkişaf yolundadır. Bu inkişaf isə təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də təqdir olunur, Azərbaycanın iqtisadi qüdrətinin və sosial-siyasi nüfuzunun göstəricisi kimi qəbul edilir. Vətəndaşların sağlamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır.

Xavər BABAYEVA
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı, 
Məqalə “Şərq qapısı” qəzetinin elan etdiyi “Naxçıvan 100 ildə” yaradıcılıq

müsabiqəsinə təqdim etmək üçündür

Nəşr edilib : 03.07.2024 15:44