AZ EN RU

Azərbaycan Respublikasının 33 illiyinə dəyərli idman töhfəsi: 33-cü Yay Olimpiya Oyunları

Gərgin idman mübarizəsindən daha çox siyasi manipulyasiyaları, haqsızlıqları, zəif təşkilatçılığı ilə diqqətlərə hakim kəsilən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 30 illiyinin tamam olunduğu gündə – iyulun 26-da start götürən “Paris-2024” Yay Olimpiya Oyunları da tarixə qovuşdu. Sayca 33-cü dəfə keçirilən, 16 gündə 329 dəst medalın öz sahibini tapdığı bu beynəlxalq turniri müstəqilliyinin bərpasının 33-cü baharını yaşayan ölkəmiz üçün uğurlu hesab etmək olar. Ancaq gözlənilən nəticə bundan daha böyük idi fikri ilə də haqlı olaraq çıxış edənlər az deyil. İdman mütəxəssislərimiz, məşqçilər də “Azərbaycan” komandasının daha çox medal qazanacağına, ümumi nəticənin daha yüksək olacağına böyük ümid bəsləyirdilər. İdmançıların bir neçəsi də yarışdan sonra nəticəsindən narazı qaldığını, hədəfinin yüksək olduğunu dilə gətirdi. Di gəl ki, idmanda bəzən olar dediklərin olmur, gözləmədiklərin baş verir. Elə Paris Olimpiadası da bu baxımdan bir neçə yarışçımız üçün sürpriz oldu deyə bilərik. Xüsusilə də sərbəst güləş üzrə titullu idmançılarımız, təəssüf ki, bəslənən ümidləri doğrultmadı. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də Paris-2024-də güləşçilərdən gözlənilən nəticələri vermədiklərini vurğuladı: “Güləşçilərimiz bir qədər ümidləri doğrultmadılar. Tokio-2020-də gümüş medal qazanmışdıq. Buna uğursuzluq deməzdim. Bu problemi yığmadakı nəsildəyişmə prosesi ilə əlaqələndirirəm. Yaş məsələsi də buna imkan vermədi. Ümid edirəm ki, yeni gənclər yetişəcək. Artıq onlardan uğurlu nəticələr gözləməyə dəyər”. Komitə rəsmisinin bu fikirlərinə qüvvət kimi, elə “Paris-2024” Yay Olimpiya Oyunlarının “Stad de Frans” stadionunda təşkil edilən paradında bayrağımızı dalğalandıranların 25 yaşlı gənc idmançılar – olimpiadanın gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov və bədii gimnastika üzrə yarışda 5-ci yeri tutan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətovanın olması mübarizə meydanında gənclərə göstərilən böyük jestdən, önəmdən xəbər verir. Eyni zamanda bu amil ölkə Prezidentinin Azərbaycan idmanının gəncləşməsi yolunda qarşıya qoyduğu hədəflərə çatmaq üçün atılan addımların ayaq səsləridir: “Gənc idmançıların hazırlanması, əlbəttə ki, mütəşəkkil qaydada təmin edilməlidir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq”.

Bütün idman növləri üzrə nəticələrə nəzər salsaq ölkəmizin idman şərəfi Parisdə layiqincə qorundu deyə bilərik. 91 ölkənin idmançılarının fəxri kürsüyə çıxdığı olimpiyadada Azərbaycan 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmaqla sıralamada Qazaxıstan, Polşa, Avstriya kimi iddialı komandaları arxada buraxıb 30-cu olmağı bacardı. Qadın basketbolçularımızın olimpiadada 7-ci yeri tutması, xüsusilə də turnirin əsas favoritləri Amerika və Çin komandalarına qalib gəlməsi dəyərli idman uğurumuz kimi tarixə düşdü. Eyni zamanda bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024-də beşinci yeri tutdu ki, bu da böyük nailiyyət sayıla bilər. Həmçinin atletikada Anna Skidanın nəticəsi də ötən olimpiadalardan sonra bu idman növü üzrə irəliləyişin olduğunu göstərir. Onu da vurğulamaq yerinə düşər ki, Annaya qədər atletikada heç bir idmançımız finala yüksəlməyi bacarmayıb. Olimpiadanın xalqımız üçün ən unudulmaz anlarını isə, heç şübhəsiz, Azərbaycan cüdo məktəbinin fəxrləri Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) yaşatdı. Bəli, iyulun 29-u və avqustun 1-də “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan cüdo məktəbinin iki pəhləvanı, sözün əsl mənasında, tatamidə rəqiblərinə dərs keçdilər. Sağlam rəqabət, sağlam mübarizə dərsi. ABŞ, Yaponiya kimi ölkələrin idmançılarına öz milli atributları, bayraqları ilə sevincini bölüşməsinə səs çıxarmayan, çirkin diplomatik oyunlar müəllifi kimi ad çıxaran Paris siyasi diktaturasının Azərbaycan idmançılarına qarşı nümayiş etdirdiyi ikili standartlara ən gözəl, ən sərt cavabı da elə Hidayətlə Zelim verdi. Bəli, dünya azərbaycanlılarını sevinc göz yaşlarına qərq edən bir-birini mükəmməl tamamlayan üç unudulmaz an yaşandı firənglərin gözləri önündə: fəxri kürsünün ən yüksək zirvəsində Qarabağımızın simvolu sayılan Xarıbülbülün əks olunduğu geyimdə məğrur dayanan Azərbaycan pəhləvanı, zirvəyə yüksələn üçrəngli Bayrağımız və parisliləri ayağa qaldıran Dövlət Himnimiz.

Ölkəmizdə idmana, idmançılara həmişə qayğı ilə yanaşan Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın idman şərəfini layiqincə qoruyan, qızıl medal qazanan idmançılara şəxsən zəng edərək təbriklərini, ürək sözlərini çatdırmaları, Birinci xanımın hər uğurun ardından sosial mediada etdiyi paylaşımlar olimpiada iştirakçılarımıza böyük stimul və ruh yüksəkliyi bəxş etdi... Ümumilikdə, 33 yaşını qeyd edən Azərbaycan Respublikası 33-cü Yay Olimpiya Oyunlarında da öz idmanından, idmançılarından söz etdirməyi çox gözəl bacardı. Beynəlxalq turnirdə ən əsas və yaddaqalan məqam isə idmançılarımızın bütün haqsızlıqlara rəğmən özünü ləyaqətlə aparmaları, əsl Azərbaycan idmançısına yaraşan hərəkətləri, humanist davranışları, jestləri ilə seçilmələri oldu. Bir sözlə, ölkə başçısının da böyük fəxrlə vurğuladığı incə, vacib amil bu olimpiadaya öz möhürünü vurdu: “Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər. Beləliklə, gənclərdə, uşaqlarda idmanla məşğul olmaq, görkəmli idmançılara oxşamaq həvəsi daha da böyük olur”.

Nail ƏSGƏROV

Nəşr edilib : 13.08.2024 11:05