AZ EN RU

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılmasından 22 il ötür

Azərbaycanda elmin inkişafı istiqamətində həyata keçirilən islahatlar Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəldilmişdir.

1996-cı il “Uluslar­arası qaynaqlar­da Naxçıvan” mövzusunda keçirilən bey­nəlxalq simpozium muxtar respublikada elmin yeni inkişafına tə­kan vermişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin simpozi­um iş­ti­rak­çılarına göndər­diyi təbrik məktubunda deyilirdi: “Öz əlverişli coğrafi mövqe­yi, təkrar­olunmaz mədəniyyət və incəsənət abidələri, istedadlı alim və ədibləri ilə seçilən bu diyar dünyanın bir çox tarixçi, səyyah və alimlərinin diqqətini cəlb etmiş, onların əsərlərində dərin iz qoymuş və özünəməxsus yer tut­­muşdur. Həmin qaynaqların araşdırılması, onlarda Nax­çıvan haqqında qeyd olun­muş məlu­mat­ların toplanılıb tədqiq və nəşr olunması Azərbaycan tari­xi­nin obyektiv, elmi şəkildə işlənib hazırlanması üçün misilsiz əhəmiyyət kəsb edir”.

Ulu öndərin məhz bu fikirləri Naxçıvan Muxtar Respublikasında yeni bir elmi qurumun – 1999-cu ildə Naxçıvan Elm və Texnika Mərkəzinin yaranmasının əsa­sını təşkil etdi. Naxçıvan Elm və Texnika Mərkəzində bir sıra istiqamətlərdə təd­qiqatlar aparılmış, uğurlu nəticələr əldə olunmuşdur.

Elmin inkişafını daim diqqət mərkəzində saxlayan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi və­ziy­yətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan Milli Elmlər Akade­miyasının Naxçıvan Bölməsinin yaradılması haqqında 1003 №-li tarixi sərəncam imzaladı. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Böl­məsinin təşkili və formalaşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Pre­zidenti Heydər Əliyevin sədrliyi ilə 2002-ci 12 avqust tarixində Naxçıvan Muxtar Respublikasında müşavirə keçirildi. Bölmənin yaradılması zəruriliyindən bəhs edən ümum­milli lider Heydər Əliyev müşavirədəki nitqində demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublika­sının indiyə qədər çox az öyrənilmiş, qədim tarixinin, mə­də­niyyətinin, elmi­nin, ədəbiyyatının yenidən dərindən araşdırılması və on­lar haq­qında elmi əsər­lərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazır­lan­­ması məqsədi daşıyıram”.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təşkil edilməsi haqqında 26 avqust 2002-ci il tarixli qərarına əsasən Bölmə tərkibindəki institutlar Naxçıvan Regio­nal Elm Mərkəzi, Naxçıvan Elmi-Tədqiqat Bazası və Şamaxı Astrofizika Rə­səd­xanası­nın Batabat və Ağdərə stansiyalarından təşkil olunmuşdur.

Sərəncama müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akade­mi­yası Naxçı­van Bölməsində 6 elmi tədqiqat institutu – Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; İncəsənət, Dil və Ədəbiyyat İnstitutu; Təbii Ehtiyatlar İnstitutu; Bioresurslar İnsti­tutu; Batabat Astro­fizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Res­publikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdi­rilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarix­li Fərmanına əsasən Azərbaycan Milli Elmlər Akade­mi­yası Naxçı­van Böl­­sinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu və Əlyazmalar Fondu müvafiq elmi istiqamətlər üzrə tədqiqatlar həyata keçirir, uğurlu nəticələr əldə edirlər.

Maddi-texniki baza.

2003-cü il­də AMEA Naxçıvan Bölməsinin Aparatının, Tarix, Etno­qrafi­ya və Arxeologiya İnstitu­tunun və İncə­sənət, Dil və Ədəbiyyat İnstitutunun yerləşdiyi bina, 2004-cü ildə isə Əlyaz­ma­lar Fondu, Elmi Kitabxana, Nəşriyyat və Arxivin yerləşdiyi bina istifadə­yə verilmişdir.

Bölmədə “Arxeologiya və Etnoqrafiya Mu­zeyi” yaradılmışdır. Naxçıvan Mux­tar Respublikası ərazisində keçirilən ekspedisi­yalar zamanı aşkar edilmiş qə­dim maddi-mədəniyyət nümunələri muzeyə təqdim edilir.

2005-ci ildə Bölmədə “Tusi” adlı nəş­riy­­yat fəaliy­yətə başlamışdır. Nəşriyyat­da 2005-ci ildən çap olunan “Elmi əsərlər” jurnalı, eləcə də “Axtarışlar” jurnalı, el­mi və elmi-təşkilati fəaliyyət haqqında hesabat, elmi işçilərin əsərlərinin biblio­qra­fiyası və s. nəşrlər işıq üzü görür.

Naxçıvan Muxtar Respublikasında, eləcə də Bölmənin elmi mü­hi­tində və elmi-tədqiqat müəssisələrindəki konfranslar, təqdimatlar, yu­bi­ley­lər və digər mühüm elmi yeniliklərin yer aldığı www.ameanb.com internet portalı və onun mobil versiyası müasir dizaynda hazırlanaraq istifadəyə veril­mişdir. 2024-cü ilin ötən dövründə Bölmənin saytında yerləşdirilmiş məlumatlara 11 642 baxış qeydə alınmışdır. AMEA Naxçıvan Bölməsi facebook və instagram sosial şə­bəkələrində aktiv fəaliyyət göstərmiş, baş verən yeniliklər sosial şə­bə­kə hesabları vasitəsilə Türkiyə, ABŞ, Fransa, Almaniya, Macarıstan, Belçika, Yuna­nıs­tan kimi ümumilikdə 16 ölkə üzrə izlənmişdir.

Bölmənin Elmi Kitabxanasının bazasında www.e-kitab.ameanb.nmr.az  elek­tron kitabxana yaradılmış və 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraş­dırılmış, 6 oxucu yeri olan elektron oxu zalı istifadəyə verilmişdir. Kitab­xana skayner cihazı, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli izlənməsi üçün televizor, mobil elektron lövhə və digər aidiyyəti avadanlıqlarla təmin edil­mişdir. Bu günədək elektron kitabxanada 2819 kitabın elektron variantı hazırlan­mışdır ki, bunlardan 1805-i internet­də, 1014-ü lokal şəbəkədə yerləş­diril­mişdir.

Kadr hazırılığı.

AMEA Naxçıvan Bölməsinin kadr potensialının artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin qayğısı sayəsində AMEA Naxçıvan Bölməsi üzrə ilk dəfə seçkilər keçirilmişdir. Azərbaycan Milli Elmlər Akade­miyasına 2003, 2007, 2014 və 2017-ci illərdə keçirilən seçkilərdə Naxçıvandan olan elm adamlarından 3-ü akademik, 13-ü isə müxbir üzv seçilmişdir. AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarına, təhsil müəssisələrinin doktorantura­larına gənc elmi kadrlar göndərildi, magistr təhsilli gənclər işə dəvət edildi. Bu diqqət və qayğı sonrakı illərdə də davam etdirildi. Hazırda Bölmədə 36 elmi işçi tədqiqatlarda iştirak edir. Elmi işçi­lər­dən 1 nəfər AMEA-nın həqiqi üzvü, 2 nəfər AMEA-nın müx­bir üzvü, 3 nəfər elmlər doktoru, 19 nəfər fəlsəfə doktoru olmuşdur ki, bu da elmi potensialın 69,4%-ni təşkil etmişdir. Əmək­daşların 21 nəfərinin elmi adı vardır (3 nə­fəri pro­fessor, 18 nəfəri dosent – 58,3%).

2006-cı ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən AMEA Nax­çıvan Bölməsinə doktorantura və dissertantura yolu ilə kadr hazırlamağa icazə veril­mişdir. Bölmənin fəaliyyətə başladığı ilk illərdə başqa elm və təhsil müəssisə­ləri bölmə üçün kadr hazırlayırdısa, sonralar Bölmə Naxçıvan Muxtar Respub­likası ilə yanaşı, respublikamızın digər bölgələri və qonşu dövlətlərin elm və təhsil müəssisələri üçün kadr hazırlamışdır. Ümumiy­yətlə, hər il bu məqsədlə bir çox doktorant və dis­sertant mövzularının təsdiqinə, elmi isti­qamətlərin müəy­yən edilməsinə nail olunur. 2024-cü ildə Böl­mə­də 5 nəfər doktorant (4 fəlsəfə doktoru hazırlığı üzrə, 1 el­mlər dok­toru ha­zır­lığı üzrə), 6 nəfər dis­ser­tant (5 fəlsəfə doktoru hazırlığı üzrə, 1 elm­lər dok­­to­ru ha­zır­­lığı üz­rə) müvafiq disser­tasiyalar üzrə təd­qi­qatları da­vam etdi­rir.

2006-cı ildən Bölmədə üç ixtisas üzrə (“Vətən tari­xi”, “Arxeologiya”, “Mü­əssisələrin təşkili və idarə olunması”) Dissertasiya Şu­ra­sı yaradılmışdır. 2013-cü ildən bu şuraya elmlər doktoru dissertasiya müdafiə etmək səla­hiyyəti verilmişdir. Hazırda “Vətən tarixi” və “Arxeologiya” ixtisas­ları üzrə dok­torluq Dis­sertasiya Şu­­ra­sı fəa­liy­­yət göstərir. Dissertasiya Şu­rasında həm Naxçıvan Bölməsinin əmək­daşları, həm də müxtəlif elm və təhsil mü­əs­sisə­lərinin əmək­daşları fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarını mü­dafiə etmişlər. Fəaliy­yəti dövründə şurada 19 nəfər elmlər doktoru, 96 nəfər isə fəl­səfə doktoru disserta­siyası müdafiə etmişdir.

Elmi nəticələr.

AMEA Naxçıvan Bölməsi fəaliyyəti dövründə icra edilən el­mi-tədqiqat işlə­rinin 91 mühüm nəticəsi AMEA-nın illik hesabatlarına da­xil edilmişdir. Gəmiqaya abidələrində aparılan araşdırmalarda, Naxçıvantəpə, Ovçulartəpəsi, Oğlanqala, Qızqalası, I Kültəpə, Xarabagilan, Duzdağ, Tumbultəpə və başqa tarixi yerlərdə aparılan arxeoloji tədqiqatlar zamanı mühüm tarixi əhəmiyyətə malik maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Ümumiyyətlə, ərazidə 28 beynəlxalq arxeoloji ekspedisiya təşkil olunmuş, 1200-dən çox abidə aşkar olunmuş və pasportlaşdırılmışdır ki, bunlardan 57-si dünya əhəmiyyətli tarix və mədəniyyət abidəsidir. Arxeoloji tədqiqatlar nəticəsində Naxçıvanın 500 min ilə yaxın yaşayış tarixinin mövcudluğu, ilkin şəhər mədəniyyətinin beşiklərindən biri olduğu, Boyalı qablar mədəniyyətinin bu ərazidə formalaşdığı, həmin mədəniyyəti yaradan tayfaların Naxçıvan ərazisində yaşadığı, Duzdağın dünyada duz çıxarılan ilk duz mədəni olduğu sübut olunmuşdur.

Elmi nəşrlər.

Bölmənin 2 cilddə “Naxçıvan Ensik­lopediyası”, “Naxçıvan abidələri ensiklo­pediyası”, “Naxçıvan tarixi atlası”, 3 cild­də “Nax­çı­van tarixi”, “Naxçıvan teatrının səlnaməsi”, 3 cilddə “Nax­çı­va­n fol­kloru antologiyası”, “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası, 2 cilddə “Nax­çı­van coğrafiyası”, “Naxçıvan etnoqrafiyası” fundamental nəşrləri işıq üzü görmüşdür. Bölmə əmək­daşlarının 198 monoqrafiyası, 190 kitabı, 7 kitabçası, 8 metodik vəsaiti, 4914 məqaləsi, 1306 konfrans materialı, 99 tezisi çap olun­muş­dur. Bölmə alimlərinin dünyanın bir sıra ölkələrində 21 monoqra­fiyası, 22 kitabı, 766 məqaləsi, 427 konfrans materialı, 46 tezisi çap olunmuşdur. Elmi məqalələrdən 83-ü “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda çap edilmişdir. Bölmə əmək­daşlarının əsərlərinə 3170 istinad qeydə alınmışdır. KİV-də əməkdaşların 4423 məqaləsi işıq üzü görmüşdür.

Açıq dünya ensiklopediyası - Vikipediyanın ingilis və rusdilli səhifə­lə­rində Nax­çıvan tarixi ilə bağlı erməni iddialarını əks etdirən məqalələrin redaktəsi həyata keçirilmiş, Naxçıvan tarixi və mədəniyyəti ilə bağlı məqalələr yer­ləşdirilmişdir.

Naxçıvan Muxtar Respublikasın;n 100 illiyi çərçivəsində Naxçıvanla bağlı Vikipediyada yer alan təxminən 30-a yaxın məqalədə redaktə və genişləndirmə işləri aparılmış, “Naxçıvan Muxtar Respublikası mövzularda” şablonu tərtib edilərək bir xüsusi bölmədə toplan­mışdır. Bölmə əməkdaşlarının da işə cəlb olunması ilə Naxçıvanla bağlı məlumatlar alim­lərin elmi məsləhətləri əsasında yenilənmiş, mövcud məqalələrə yeni əlavələr və də­yi­şikliklər edilmişdir.

Ümumi olaraq Vikipediyaya 4503, Vikidataya 1907, Vikiresursa 23, Viki­ki­taba 17, Vikimənbə 238, Vikisitat 650 (redaktə), 1 (yeni məqalə), Vikimediaya 315 yeni material əlavə etmişdir.

2005-ci il Bölmədə “Tusi” adlı nəş­riy­­yat fəaliyyətə başlamış və nəşriyyatda çap olunan Böl­mənin “Elmi əsərlər” jurnal 2010-cu ildə Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Qeydiyyat Mərkəzində Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) ilə qeydə alınmışdır. Ötən dövrdə nəşr olunan Bölmənin “Elmi əsərlər” jurnalının 75 nömrəsi, “Axtarışlar” jurnalının isə 48 nömrəsi işıq üzü görmüşdür. 2024-cü il­dən “El­mi əsərlər” jurnalı üzrə çap olunan məqalələr DOİ rə­qəmsal identifikatorla təmin edilmişdir.

2007-ci ildən AMEA Naxçıvan Bölməsinin təsis etdiyi “Taleyi və sənəti” seriyası üzrə məqalələr toplusu nəşr olunaraq ictimaiyətə təqdim edilmişdir. 2007-2023-cü illərdə Nax­çıvan Bölməsinin hazırladığı “Taleyi və sənəti” məqalələr toplusunun 17 seriyası işıq üzü görmüşdür.

2011-2022-ci illərdə AMEA Naxçıvan Bölməsinin əmək­daşları 4-ü beynəl­xalq ol­maq­­la 23 qrant layihə­sinin qalibi olmuşlar.

Beynəlxalq əlaqələr və tədbirlər.

Fəaliyyəti dövründə AMEA Naxçıvan Bölməsi 20-dən çox, o cümlədən ABŞ, Rusiya, Polşa, Fransa, Türkiyə, İran və başqa ölkələrin elm və təhsil müəssisələri ilə sıx elmi əlaqələr qurmuşdur. AMEA Naxçıvan Bölməsi ilə Rusiya Federasiyasının Sibir Bölməsi, Polşa Elmlər Akademiyasının Krakov Bölməsi arasında elm sahə­sində əməkdaşlıq haqqında protokol, Türkiyənin Dil Qurumu, Tarix Qurumu, İğdır Universiteti, İran İslam Respublikasının Tehran Universiteti arasında elmi əlaqələrə dair memorandum, İncəsənət, Dil və Ədəbiy­yat İnstitututu ilə Türkiyənin İstanbul Universitetinin Türkiyyat Araşdırmaları İnstitutu, Şimali Makedoniya Respubli­kasının “Vision” Universiteti arasında əməkdaşlıq haqqında protokol, Tarix, Et­noqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsi ilə Fransa Res­publikası Milli Elmi Araşdırmalar Mərkəzinin Arxeologiya labora­toriyası arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

AMEA Naxçıvan Bölməsinin elm adamlarının dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq səviyyəli elmi tədbirlərdəki məruzələri maraqla qarşılanır. Belə ki, Bölmə əməkdaşları İslamabad, Dallas, Oksford, Moskva, Kiyev, Tokio, Vyana, Turin, Zaqreb, Qahirə, Astana, Budapeşt, Aşqabad, Ankara, İstanbul, Qars, Antalya, Sivas, Tunis, Tehran, Təbriz və bir çox şəhərlərdə 300-dən çox beynəlxalq elmi simpozium və konfranslarda çıxış etmişlər. Dünyanın bir sıra alim və tədqiqatçılarının iştirakı ilə AMEA Naxçıvan Bölməsində keçirilən “Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri” (9-10 iyun 2006), “Naxçıvan bu gün: islahatlar, perspektiv­lər” (5-6 oktyabr 2007), “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan” (24-25 aprel 2009), “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” (21-23 iyul 2011), “Naxçıvan: ilkin şəhər və Duzdağ” (27-28 iyul 2012), “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” (04-05 iyul 2014), “Naxçıvanda Dədə Qorqud” (26-27 oktyabr 2015), “Naxçıvan qalaları: tarixdə və günümüzdə” (8-10 iyul 2016), “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” (7-8 iyul 2017), “Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” (7-8 sentyabr 2018), “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” (5-7 iyul 2019), “Naxçıvan Muxtar Respublikası: Dayanıqlı inkişaf, uğurlar, perspek­tivlər” (14 avqust 2020), “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” (9 iyul 2021, 7-8 iyul 2022), “Naxçıvan Muxtar Respublikasının ya­ran­ması: keçmişdən bu günə və sabaha” (6-8 iyun 2024) kimi beynəlxalq konfrans və simpoziumları qeyd etmək olar. Muxtar respublikada keçirilən çoxsaylı beynəl­xalq və respublika səviyyəli elmi konfrans və simpoziumlar elmin inkişafına, Naxçıvana dair bir sıra faktların dəqiqləşdiril­məsinə müsbət təsir göstərmişdir.

Elm və təhsilin əlaqəsi.

Bölmə əməkdaşları mux­tar respublikanın təh­sil müəssisə­lərində müva­fiq profillər üzrə dərs­lər tədris etmişlər. Əməkdaşların dərs vəsaiti, me­todik vəsait və fundamental el­min tədrisi ilə əla­qədar Nax­çıvan Dövlət Uni­ver­si­te­ti­nin, Nax­çı­van Müəllimlər İns­ti­tutunun, “Naxçıvan” Universi­te­ti­nin əsərlərində elmi məqa­lə­­­lə­ri çap olunmuşdur. Naxçıvan Dövlət Universitetinin “Tarix”, “Tərcümə (Ərəb-Azərbaycan dilləri)”, “Tərcümə (Fars-Azərbaycan dilləri)”, “Fəlsəfə”, “Kitabxa­naçılıq” ixtisasları və “Nax­çıvan” Universite­ti­­nin “Dinşünaslıq” ixtisası üzrə təhsil alan tələbələr AMEA-nın Nax­çı­van Bölməsi­nin müvafiq elmi tədqiqat müəssisə­lərində təcrübə keçmişlər.

Mükafatlar və təltiflər.

AMEA Naxçıvan Bölməsinin səmərəli elmi fəaliyyəti ölkə rəhbərliyi tərəfin­dən daim yüksək qiymətləndirilmişdir. Əməkdaşlardan 1 nəfər “Şöhrət” ordeninə, 3 nəfər “Əməkdar elm xadi­mi”, 1 nəfər “Əməkdar müəllim”, 1 nəfər “Əmək­dar jur­na­list” fəxri adına, 6 nəfər “Tərəqqi” medalına, 3 nəfər Prezident mü­kafatına, layiq görülmüşdür. Üç nəfər Azərbaycan xalqının ümum­milli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Naxçıvan Mux­tar Resdpublikası Ali Məcli­sinin “Qızıl medal”ına, 2 nəfər “Heydər Əliyev yubiley medalı”na, 1 nəfər Azər­baycan Ağ­saqqallar Şurasının “Fəxri Ağ­saq­qal” döş nişanına layiq görülmüş, bir nəfər Naxçı­van Muxtar Respublikası Ali Məc­lisinin Fəxri Fərmanı, iki nəfər “Naxçıvan Mux­tar Res­publikasına xidmət­lərinə görə” nişanı ilə təltif edilmişdir. “Naxçıvan tarixi” çox­cildliyi, akademik İ.Hacıyevin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafi­yası elm sahəsi üzrə Naxçıvan Muxtar Respublika mükafa­tına, həmçinin AMEA-nın müxbir üzvü F.Sə­fərlinin “Tarixi mənbələrdə Nuh peyğəm­bər”, AMEA-nın müxbir üzvü H.Q.Qədir­zadənin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabları Ali Məc­lisin mükafatına layiq görül­müşdür. 18 nəfər AMEA-nın Rəyasət Heyətinin Fəxri Fərmanına, 19 nəfər Təşək­kürnaməsinə layiq görülüb. Həmçinin ötən dövr ərzində Bölmə əməkdaşları dün­yada və respublikamızda bir sıra beynəl­xalq nüfuzlu elmi tədqiqat mərkəzləri tərəfindən mükafatlandırılmış, medallara la­yiq görülmüş, beynəxalq qurumların və jurnalların üzvü seçilmişlər.

Orxan BAĞIROV

AMEA Naxçıvan Bölməsinin Elmi və təhsil şöbəsinin müdiri,

aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 07.08.2024 11:09