AZ EN RU

Azərbaycan mətbuatının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Milli mətbuatımızın 149 illiyi və 22 İyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi (MEDİA), Azərbaycan Mətbuat Şurası, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), digər çap və onlayn media orqanlarının nümayəndələri iyulun 19-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Azərbaycan milli mətbuatının banisi, "Əkinçi" qəzetinin naşiri və redaktoru, Azərbaycan milli məfkurəsinin əsaslarını yaradanlardan biri olan Həsən bəy Zərdabinin məzarı önünə əklil və tər güllər qoyulub, böyük mütəfəkkirin xatirəsi ehtiramla yad edilib.

Burada çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid "Əkinçi” qəzetinin yaranmasının tarixi əhəmiyyəti və məqsədi barədə danışıb. O əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

R.Məcid artıq ənənə halını alan Beynəlxalq Media Forumunun Şuşada keçirilməsinin dərin rəmzi məna daşıdığını vurğulayıb.

"Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov bildirib ki, "Əkinci" qəzeti Azərbaycan xalqının milli şüurunun formalaşmasında, milli kimliyimizin qorunub saxlanılmasında mühüm rol oynayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli də Həsən bəy Zərdabinin həyat və yaradıcılığı barədə fikirlərini bölüşüb.

Nəşr edilib : 19.07.2024 10:58