AZ EN RU

Azərbaycan ali təhsil məkanında ilk dəfə Naxçıvan Dövlət Universitetində SAT imtahan mərkəzi fəaliyyətə başlayıb

    Ali təhsil ocağının ingilisdilli liseyində regional SAT imtahan mərkəzinin təqdimatı olub. Universitetin rektoru, dosent Elbrus İsayev ali təhsil ocağının müasir inkişaf mərhələsi, fəaliyyət istiqamətləri, yeni infrastrukturunun qurulmasında dövlətin xüsusi dəstəyindən bəhs edərək təqdimatı keçirilən SAT mərkəzinin bu istiqamətdə aparılan məqsədyönlü işlərin uğurlu davamı hesab edib. Qeyd edilib ki, dövlətimiz tərəfindən göstərilən diqqət, düzgün təhsil konsepsiyası sayəsində ali təhsil ocağı günbəgün yeni uğurlara imza atır, keyfiyyət göstəriciləri ilə, hətta ölkə universitetləri arasında öz layiqli yerini qoruya bilir. Rektor bu gün ali təhsil məkanında ilk dəfə olaraq rəhbərlik etdiyi universitetdə əsası qoyulan mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd edilib ki, ötən il ali təhsil ocağında yaradılan IELTS qeydiyyat və imtahan mərkəzinin uğurla fəaliyyət göstərməsi universitetin beynəlxalq rəqabətliliyinin artırılması, ikili diplom proqramlarının həyata keçirilməsi, universitetin beynəlxalq əlaqələrinin inkişafı istiqamətində öz müsbət addımları ilə yadda qalmaqla bərabər bu gün yaradılan SAT imtahan mərkəzi nəinki universitetdə, eyni zamanda Naxçıvanda ingilisdilli mühitin inkişafına mühüm töhfələri ilə yadda qalacaq. Elbrus İsayev mərkəzin işinə uğurlar arzu edib.
    Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, SAT imtahan mərkəzinin koordinatoru Aidə Cəlilzadə çıxış edərək qeyd edib ki, SAT (The Scholastic Aptitude Test) – Akademik Qabiliyyət Testi – Amerika Birləşmiş Ştatları ali məktəblərinə qəbul olunmaq üçün xüsusilə orta məktəb şagirdlərinin verdiyi imtahandır. Vurğulanıb ki,  Naxçıvan Dövlət Universiteti 14 iyun 2023-cü ildə Amerika Birləşmiş Ştatları College Board təşkilatı tərəfindən rəsmi olaraq SAT imtahan mərkəzi kimi qeydiyyata alınıb. Bildirilib ki, həm kağız üzərində, həm də dijital formada götürülə bilən SAT imtahanı 2023-cü ilin mart ayından beynəlxalq test mərkəzlərində, adətən, digital qaydada həyata keçirilir. Bacarıqları qısa vaxt ərzində və daha yüksək konfidensiallıq şəraitində qiymətləndirdiyi üçün Digital SAT variantı daha güvənilir hesab edilir. 
    Vurğulanıb ki, 2 hissədən ibarət olan imtahan birinci hissədə oxu və yazı bacarıqlarını, ikinci hissədə isə riyazi bacarıqları yoxlayan ikihissəli testdən ibarətdir. Orta keçid balı 1060 olan yeni digital SAT imtahanı üçün ümumi bal 400-1600 sayılır. Aidə Cəlilzadə diqqətə çatdırıb ki, oxu və yazı bacarıqlarının hər modulu 32 dəqiqə olmaqla, ümumilikdə, 64 dəqiqə, riyaziyyat modulu isə 35 dəqiqə, ümumilikdə, 70 dəqiqə olmaqla imtahan müddəti 2 saat 14 dəqiqə olur. SAT imtahan mərkəzinin koordinatoru, həmçinin qeyd edib ki, riyaziyyat bölməsində Cəbr, yüksək çətinlikdə olan riyazi məsələlər, məsələ həlli və data analizi, həndəsə və triqonometriyaya aid suallar olur. Hər bölmənin ilk modulu bitdikdən sonra test platforması avtomatik şəkildə ikinci hissəyə keçid edir. İlk modullar asan, orta və çətin suallardan ibarət olur, lakin ikinci moduldakı sualların çətinlik dərəcəsi birinci moduldakı suallara verilən cavablardan asılı olaraq daha asan və ya çətin olur. SAT imtahanında səhv düzü aparmır.
    Beynəlxalq TEFL Təlim İnstitutunun Azərbaycan üzrə meneceri Afar İbrahimov onlayn olaraq tədbirə qatılıb və ali təhsil ocağında yaradılan mərkəzin fəaliyyətini yüksək qiymətləndirib. 
    Sonda müəllim və şagirdlərin sualları cavablandırılıb.
    Qeyd edək ki, ali təhsil ocağında SAT imtahan mərkəzi Digital SAT imtahanı üçün onlayn qeydiyyat,  SAT konsultasiya, SAT hazırlıq mərkəzi, imtahan mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəzdə koordinator, köməkçi koordinator, texniki mütəxəssis və repetitorların fəaliyyət göstərməsi nəzərdə tutulur.

Naxçıvan Dövlət Universitetinin
 Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 11.07.2023 12:25