AZ EN RU

Auditorlar Palatası ölkə üzrə vahid Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulub

Azərbaycan Respublikasının Auditorlar Palatası “Kağızsız hökumət”ə keçid çərçivəsində “ASAN İnnovasiyalar Mərkəzi”nin texniki dəstəyi ilə iyulun 17-dən Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi (MESD) sisteminə inteqrasiya olunub.

Palatadan bildirilib ki, qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və rəqəmsal idarəçiliyin tətbiq edilməsi dövlət siyasətinin prioritetlərindən biridir və bu sahədə mühüm nailiyyətlər əldə edilib. Onlardan ən vacibi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 01 avqust tarixli “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanına əsasən, Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması üçün vahid sistem olan Elektron Sənəd Dövriyyəsinin (ESD) yaradılmasıdır.

Elektron Sənəd Dövriyyəsi müəssisə daxilində sənədlərin idarə olunması, sənəd dövriyyəsinin tətbiqi, sənədlərin hazırlanması və emalına sərf olunan əməyin və vaxtın azalması üçün yaradılan vahid bir sistemdir. Bu sistem kağız əsaslı əməliyyatların azaldılmasına və məlumatların təhlükəsizliyinin təmin edilməsinə imkanı daha da artırır.

Elektron Sənəd Dövriyyəsinə keçid prosesi zamanı Auditorlar Palatasının rəhbərliyi və əməkdaşları üçün “ASAN xidmət” tərəfindən Elektron Sənəd Dövriyyəsindən istifadəyə dair bir sıra təlimlər keçirilib, həmçinin sözügedən sistem ilkin olaraq test rejimində əməkdaşların istifadəsinə verilməklə onların praktiki vərdişləri artırılıb.

Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sisteminə qoşulma digər dövlət qurumları ilə səmərəli kommunikasiyanın qurulmasına və müasir texnoloji həllərin tətbiqinə yönəlib. Bu, həmçinin Auditorlar Palatasının kargüzarlıq sisteminin təkmilləşdirilməsini və yenilənməsini mümkün edəcək, sənəd dövriyyəsinin daha sürətli və səmərəli olmasına, məlumatların təhlükəsizliyini təmin etmək üçün qabaqcıl şifrələmə texnologiyalarından istifadə edilməsinə imkan yaradacaq. Kağız əsaslı əməliyyatların azaldılması nəticəsində əməliyyat vaxtı və xərcləri əhəmiyyətli dərəcədə azalacaq.

Nəşr edilib : 29.07.2024 10:32