AZ EN RU

Astanada ŞƏT-in Zirvə toplantısı keçirilir

İyulun 4-də Qazaxıstan Respublikasının sədrliyi ilə Astanadakı Müstəqillik sarayında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı işə başlayıb.

Tədbirdə Qazaxıstan, Azərbaycan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, habelə ŞƏT-in Baş katibi və regional antiterror strukturunun icraçı direktoru iştirak edirlər.

Tədbirin qonaqları arasında BMT-nin Baş katibi və müxtəlif beynəlxalq təşkilatların rəhbərləri də var.

ŞƏT-in Zirvə toplantısı ilk dəfədir ki, “ŞƏT-ə üzv Dövlətlərin Başçıları Şurasının iclası” və “ŞƏT+” formatında keçirilir.

ŞƏT-ə üzv Dövlətlərin Başçıları Şurasının iclası zamanı Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3 bəyanatı, o cümlədən “Ədalətli sülh, harmoniya və inkişaf naminə dünya birliyi haqqında” və “ŞƏT-in təkmilləşdirilməsi haqqında” təşəbbüsləri təsdiq ediləcək.

Dövlət başçıları ŞƏT-in çoxşaxəli əməkdaşlığını, onun perspektivlərini daha da gücləndirəcək, eləcə də aktual beynəlxalq və regional problemlərin həllinə kömək edəcək geniş spektrli məsələləri nəzərdən keçirəcəklər.

“ŞƏT+” iclası “Ədalətli dünya, harmoniya və inkişaf naminə dünya birliyi” mövzusunda geniş tərkibdə baş tutacaq.

Nəşr edilib : 04.07.2024 10:17